CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Düşmənin 150-yə qədər hərbçisini məhv edən snayper

© Photo : Courtesy of Rahim MuradovŞəhid Elvin Səfərov
Şəhid Elvin Səfərov - Sputnik Azərbaycan, 1920, 09.11.2022
Abunə olmaq
BAKI, 9 noyabr — Sputnik. 44 günlük Vətən müharibəsində düşmən tərəfin ən çox qorxduğu Azərbaycanın xüsusi təyinatlıları idi. Torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı bölmələri də düşmən tərəfə sarsıdıcı zərbələr endiriblər. Reportajımızın qəhrəmanı Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin miçmanı, şəhid Elvin Səfərovdur. Lerik rayonunun Soru kəndində dünyaya gələn Elvin Səfərov müddətli həqiqi hərbi xidmətini "N" saylı hərbi hissənin xüsusi təyinatlılar bölməsində keçib. Şəhid Elvin Səfərovun xidmət yoldaşı Əlisəfa Mustafayev (ad şərtidir) onunla xidmət əsnasında dostlaşdığını dedi:
© Photo : Courtesy of Rahim MuradovŞəhid Elvin Səfərov
Şəhid Elvin Səfərov - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Şəhid Elvin Səfərov
Elvinlə Hərbi Dəniz Qüvvələrində tanışlıq

"Mən xüsusi təyinatlılara gəldikdən təxminən 1 il sonra Elvin də bizim bölməyə gəldi. Əvvəl biz ayrı-ayrı bölmələrdə xidmət edirdik. Sonra isə eyni bölmədə və eyni xüsusi təyinatlı qrupda xidmət etməyə başladıq. Rəhmətlik Elvinlə burada yaxından biri-birimizi tanımağa başladıq. Həmin dövrlərdə biz hələ döyüş görməmişdik, o keşməkeşli yollardan o qədər də keçməmişdik, biri-birimizi döyüşçü yoldaşı kimi hələ tanımamışdıq. Amma bir yoldaş kimi, bir qardaş kimi gözəl insan idi. Elvin ən öndə gedən qardaşlarımızdan biri idi. Rəhmətlik Elvinlə xidmət edən yoldaşlarımızın arasında heç bir narazılıq olmayıb. İdeal yoldaş, dost necə olursa, Elvin də elə oğul idi. İstər komandirlər, istərsə də onunla eyni rütbədə olan qardaşlar - hamımız ondan razı idik. Elvin ideal snayper idi. Xarici ölkələrdən birində snayper kursunu müvəffəqiyyətlə bitirib gəldikdən sonra bizim öz bölmələrimizdə xüsusi təlimlərə qatıldı. Bacarıqlarını inkişaf etdirdikcə hər an döyüşə hazır olmaq üçün mütəmadi olaraq dərslərimizlə və fiziki hazırlıqla məşğul olurduq. Dəfələrlə ölkə daxilində hərbi hissələr arasında keçirilən snayper yarışlarında daim ön pillələrdə yer alması və yaxud beynəlxalq yarışlarda iştirak etməsi Elvinin daha peşəkar olmasına səbəb oldu. Peşəkarlığını, əldə etdiyi bilik və bacarıqlarını, zaman gəldi, 44 günlük Vətən müharibəsində tətbiq etdi. Elvin ən yüksək ordenlərimizdən biri olan "Qarabağ" ordeni ilə təltif olunub. Bu ordenə layiq görülməsi onun keçdiyi döyüş yolundan xəbər verir".

© Photo : Courtesy of Rahim MuradovŞəhid Elvin Səfərovun böyük qardaşı Ramin (solda) və kiçik qardaşı Pərvin (sağda)
Şəhid Elvin Səfərovun böyük qardaşı Ramin (solda) və kiçik qardaşı Pərvin (sağda) - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Şəhid Elvin Səfərovun böyük qardaşı Ramin (solda) və kiçik qardaşı Pərvin (sağda)
Şəhid snayper Elvin Səfərov Vətən müharibəsində döyüşlər başlayanda əvvəlcə Tərtər istiqamətində olub:

"Biz Tərtərdə bir neçə gün qaldıq. Həmin istiqamətə sadəcə 2 qrup cəlb edildi və həmin 2 qrupun tərkibində Elvin Səfərov da snayper kimi getmişdi. Biz arxada gözləmədə idik və tez-tez rabitə vasitəsilə öndə olanlar haqqında məlumatlar alırdıq. Orada Elvinin snayperlə bir neçə erməni silahlılarını məhv etdiyini eşitdik. Həmin ərazidə postu müdafiə edib Silahlı Qüvvələrimizin digər bölmələrinə təhvil verib çıxdıq. Oradan çıxıb Cəbrayıl rayonu, Cocuq Mərcanlı istiqamətindən Araz çayı boyunca kəndlərdə əməliyyatlara başladıq. Həmin əməliyyatlar zamanı Elvin öz silahı və peşəkar bacarığı ilə hər gün mənfur düşmənin canlı qüvvəsini məhv edirdi. Daha sonra Xudafərin istiqamətində tapşırıqlara cəlb olunduq. Xudafərindən başlayaraq Zəngilan istiqamətində gedən döyüşlərdə də Elvin aktiv vuruşurdu. Sonra biz Qubadlı rayonu istiqamətində hərəkət etdik. Qubadlının kəndləri və şəhər mərkəzinə kimi keçirilən əməliyyatlarda həmlə edən qruplar təhlükəsizlik, rahat hərəkət və tam arxayınlıq üçün biz snayperlərə güvənirdilər. Biz snayperlər onların çıxdığı xətti dondururduq ki, rahat çıxa bilsinlər. Rəhmətlik Elvin də Qubadlı şəhərinin mərkəzinə kimi aktiv olaraq qrupu dəstəkləyən və qrupun həmlə edən döyüşçülərindən idi. Bir dəfə Qubadlının bir kəndində ordumuzun digər bölmələri mühasirəyə düşərək çox çətin vəziyyətdə qalmışdılar. Bizim 2 qrup həmin istiqamətə hərəkət etdi, Elvin də həmin 2 qrupun tərkibində idi. Bizim bölmənin döyüşçüləri düşmənlə vuruşaraq digər bölmələrdən olan əsgərlərimizi mühasirədən çıxardılar. Daha sonra Qubadlı şəhərinə doğru hərəkət edib şəhəri işğaldan azad etdik".

Şiddətli döyüşlər və strateji məntəqələrin azad olunması

"Bizim döyüşlər vaxtı azad etdiyimiz strateji yüksəkliklərin, kəndlərin sayı çoxdur. Bizim qarşılaşdığımız ən şiddətli döyüş Qubadlı şəhərinin azad olunması uğrunda gedən vuruşma idi. Biz rəhmətlik Elvinlə bir yerdə orada idik. Dağlarla hərəkət edirdik, bizim digər qruplar isə avtomobil yolları ilə döyüşə-döyüşə paralel olaraq irəliləyirdilər. Qubadlı istiqamətində Elvin Səfərov hər gün düşmənin canlı qüvvəsini məhv edirdi. Qubadlı azad ediləndən sonra biz Xocavənd istiqamətində hərəkətə keçdik. Bizə Qızılqaya yüksəkliyinin götürülməsi tapşırığı verilmişdi. Həmin yüksəklikdə də qrupun yüksəkliyə qalxması üçün snayperlərin mükəmməl işləməsi lazım idi və biz bunu bacardıq. Rəhmətlik Elvin Səfərovla bir yerdə idik və qrup qalxana kimi atəş dəstəyimizi verdik. Hətta qrupa əl qumbarası atan və yaxud hər hansı atıcı silahlarla qrupun qalxmasına mane olan düşmənin canlı qüvvəsini məhv etdik ki, qrup rahat yüksəkliyə qalxsın. İndiki kimi yadımdadır, şəhidimiz Elvinlə məsləhətləşdik ki, vaxt itirmədən yuxarı qalxıb qrupun tərkibinə girməliyik. Qrupumuz qalxdıqdan sonra sürətlə qalxıb qrupa qoşulduq".

© Photo : Courtesy of Rahim MuradovŞəhid Elvin Səfərov qardaşları ilə birgə
Şəhid Elvin Səfərov qardaşları ilə birgə - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Şəhid Elvin Səfərov qardaşları ilə birgə
Elvinin son döyüşü və şəhadəti

"Elvinin ən şiddətli və son döyüşü Xocavəndin Qızılqaya yüksəkliyi uğrunda gedən döyüş oldu. Mən orada da Elvinlə birlikdə idim və həmin ərazidə Elvin şəhadətə ucaldı. Biz döyüş yoldaşlarımıza çatanda onların arasında şəhidlərimizin və yaralılarımızın olduğunu gördük. Bizim digər yoldaşlarımız yarımqrup şəklində yüksəkliyin sağ və sol səngərlərində döyüşürdülər. Eyni zamanda yaralılarımız və şəhidlərimiz döyüş meydanından çıxarılırdı. Elvinlə mən bir yerdə qalxanda qrupumuz döyüşürdü, şəhid miçman Zaur Ələsgərlinin və digər döyüş yoldaşımızın açıq ərazidə yaralı olduğunu gördük. Mən və Elvin yaralı qardaşlarımızı açıq ərazidən çıxarmaq üçün sürünərək onlara tərəf getdik. Həmin an sağdan-soldan digər yarımqruplarımız bizə atəş dəstəyi verirdilər ki, yaralılarımızı atəş altından çıxara bilək. Biz yaralı qardaşlarımıza çatdıqda artıq onların şəhid olduqlarını gördük. Birdən Elvinin səssiz olduğunu gördüm. Əvvəlcə mən vəziyyəti başa düşmədim. Çiyin-çiyinə sürünərək gəlib paralel uzanmışdıq. Elvini bir neçə dəfə çağırdım cavab vermədi. Elvinin gülləkeçirməz jiletindən tutub silkələdim, "Elvin!" deyə çağırdım və qardaşımızın vurulduğunu gördüm. Elvin bir çiyin nahiyəsindən, bir də sinəsindən vurulmuşdu. Güllələr gülləkeçirməz jileti dəlib keçmişdi. Həmin ərazidə baş qaldırmaq qeyri-mümkün idi. Düşmən ərazini avtomat, pulemyot, snayper və artilleriyadan istifadə edərək güclü atəş altında saxlayırdı. Əraziyə güllə yağış kimi yağdırılırdı. Yəni əllərində olan bütün silahlardan istifadə edirdilər və bütün güclərini qoyurdular ki, biz Qızılqayanı ala bilməyək. Çünki Qızılqaya azad olunandan sonra bizim xüsusi təyinatlılar və digər bölmələr Xocavənd rayonu istiqamətində sürətlə hərəkət edib oranı azad edəcəkdilər. Biz eşitmişik ki, Qızılqaya yüksəkliyi uğrunda hər iki Qarabağ savaşında bizim mindən artıq döyüşçümüz şəhid olub. Bizim sayımızın az olmasına baxmayaraq, yüksəkliyi peşəkarlıq və rahatlıqla azad etdik. İstəməzdik şəhidimiz olsun. Amma əgər torpaq işğaldan azad olunursa, bu, qaçılmazdır və hər birimiz buna hazır idik. Rəhmətlik Elvin Səfərov döyüşdüyü müddət ərzində düşmənin 150-yə yaxın canlı qüvvəsini snayperlə məhv edə bilmişdi. Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarından kapitan Fərrux Həşimov, baş-leytenant Elnur Zeynalov, miçman Elvin Səfərov, miçman Zaur Ələsgərli, miçman Ruslan Rəcəbov şəhid oldular".

© Photo : Courtesy of Rahim MuradovŞəhid Elvin Səfərov
Şəhid Elvin Səfərov - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Şəhid Elvin Səfərov
Elvinin böyük qardaşı Ramin Səfərov qardaşının şəhid olmasına üzülsə də, daim onu qürurla anır:
"Biz ailədə 3 qardaş idik. Mən böyuk qardaş, Elvin isə ortancıl qardaş idi. Ən kiçiyimiz isə Pərvindir. Elvin 1996-ci ildə Təhsin Cəfərov adına Soru kənd tam orta məktəbində 1-ci sinfə gedib. O, hələ uşaq yaşlarında mehriban, sakit idi və məktəbi də əla qiymətlə bitirmişdi. Mən hərdən Elvinin dərsləri ilə maraqlanırdım, dərslərini soruşurdum, hər şey yaxşı idi. 2007-ci ildə orta məktəbi bitirib, ondan sonra Daxili Qosunların "N" saylı hərbi hissəsində əsgər kimi xidmət edib. Xidmət etdiyi dövrdə arada ona baş çəkməyə gedirdim, komandirləri ondan razılıq edirdi, heç bir problemi olmayıb. Onun dövlətinə, xalqına olan sevgisi o qədər böyük idi ki, əsgərliyi bitirəndən sonra belə, yenə dözmədi, yenidən xidmətə yollandı. 2015-ci ildə Hərbi Dəniz Quvvələrinin "N" saylı hərbi hissəsində xidmətə başladı. Xidmət etdiyi dövrdə heç vaxt işindən danışmırdı, elə bil sirr kimi saxlayırdı. Elvin çox kurslar keçib. Kiçik qardaşım Pərvin də onunla eyni yerdə xidmət edirdi. Pərvin sentyabrın 27-də başlayan Vətən müharibəsində Elvinlə bir yerdə olub. Elə vaxt olurdu ki, Elvinə zəng çatmırdı, Pərvinlə əlaqə saxlayırdım. Hərdən əksinə də olurdu. Bilirdim ki, iki qardaşım müharibəyə gedirsə, ya şəhid, ya da qazi ola bilər. Amma Vətən bizimdir, nə qədər kədərli olsa da, bu belədir. Atamız və anamız uzun illər öncə rəhmətə gediblər. Mən qardaşlarıma həm ata, həm də ana olmuşam. Bu səbəbdən qardaş itirmək mənim üçün çox çətin və ağırdır. Mən qardaşımla fəxr edirəm! Şəhidlik çox böyük zirvədir. Düzdür, qardaşım o yüksək zirvəyə ucalıb, amma ondan danışmaq mənim üçün çox çətindir".
© Photo : Courtesy of Rahim MuradovŞəhidin döyüş və xidmət yoldaşları məzarını ziyarət ediblər
Şəhidin döyüş və xidmət yoldaşları məzarını ziyarət ediblər  - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Şəhidin döyüş və xidmət yoldaşları məzarını ziyarət ediblər
Qardaşların ən kiçiyi Pərvin Səfərov da Elvinlə bir yerdə Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. O, müharibə günlərini bu cür xatırlayır:

"Sentyabrın 27-də biz döyüşə bir yerdə girdik. Mən həmişə qardaşım Elvindən öyrənirdim, bilmədiyim şeyləri ondan soruşurdum. İstər döyüş barəsində, istərsə də silah barəsində. Daim məni qoruyurdu, qoymazdı ki, nəsə bir artıq hərəkət edim. Çalışdığı qədər məni arxada saxlayırdı, məndən çox nigaran qalırdı. İstəmirdi ki, mən qabağa gedim. Heç unutmaram, bir dəfə yüngül bir atışmaya düşdüm. Düzdür itkimiz olmadı, geri qayıtdım. Həmin vaxt rəhmətlik Elvin buna çox əsəbiləşdi. Az qalmışdı məni döysün ki, niyə sözə qulaq asmıram. Həmişə özündən çox məni düşünürdü. Mən istər hərbi, istərsə də mülki həyatda bir az dəlisovam. Yəni beynimə nəsə girdisə, edərəm və o da bunu bilirdi. Bu səbəbdən həmişə məni arxada saxlayırdı. Evimizdə istər rəhmətlik atam, istər rəhmətlik anam, istərsə də Ramin olsun, bizə heç vaxt güldən artıq bir söz deməyiblər. Düzdür, çöldə-bayırda kiminləsə dalaşanda rəhmətlik Elvin gəlib məni danlayırdı, "dalaşma, heç kimlə dalaşmaq olmaz, bir az mehriban ol!" deyirdi. Mən də həmişə qardaşımın mənə arxa-dayaq olduğu üçün fəxrlə gəzirdim. Elvinlə fəxr edirəm, onun şəhid olması ilə fəxr edirəm! Elə bilirəm ki, qardaşım uzaq bir səfərə gedib və bir gün gələr... Amma çox təəssüf ki, elə deyil. Allahın köməyi ilə mən onun yanına gedərəm. Ən böyük arzularımdan biri şəhid olmaqdır. Bu dünyada necə bir yerdə olmuşuqsa, orada da onunla birlikdə olmaq istəyirəm. Elvinin şəhid olması xəbərini mən qrupumuzla bir yerdə Şuşaya çatmağa az qalmış eşitdim və məni geri çağırdılar. Hüzr mərasimindən sonra qayıdıb gəldim, komandirimiz məni döyüşə buraxmadı".

© Photo : Courtesy of Rahim MuradovŞəhid Elvin Səfərovun qardaşı ilə son şəkli. Foto E.Səfərovun şəhadətə yüksəlməsindən üç gün əvvəl çəkilib.
Şəhid Elvin Səfərov döyüş yoldaşı ilə birgə - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Şəhid Elvin Səfərovun qardaşı ilə son şəkli. Foto E.Səfərovun şəhadətə yüksəlməsindən üç gün əvvəl çəkilib.
Şəhid Elvin Səfərovun doğulduğu kənddə onun şəhadətinin ildönümü ilə bağlı mərasim keçirilib. Mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin doğmaları, silahdaşları və döyüş yoldaşları da iştirak ediblər. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov rayonun mərkəzi küçələrindən birinə şəhid Elvin Səfərovun adının verilməsi haqqında sərəncamı şəhidin qardaşı Ramin Səfərova təqdim edib.
Qeyd edək ki, şəhid miçman Elvin Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
Xəbər lenti
0