CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nikah yaşı ilə bağlı imtiyaz ləğv ediləcək - Rəsmi

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidNikah, arxiv şəkli
Nikah, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.11.2022
Abunə olmaq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi deyir ki, erkən nikah qızların təhsildən yayınmasına gətirib çıxardır.
BAKI, 9 noyabr - Sputnik. 2021-2022-ci tədris ilində 11 erkən nikah qeydə alınıb. Bu rəqəmi bu günlərdə mətbuata açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva səsləndirib. O, bildirib ki, həmin nikahlardan 6-sı Qaradağ, 3-ü Xəzər, 1-i Nərimanov, 1-i isə Nəsimi rayonunda qeydə alınıb. M. Vəliyeva bildirib ki, Azərbaycanda erkən nikaha gətirib çıxaran bir sıra məsələlər var. Buraya ailənin maddi vəziyyəti, bölgə ənənələri və digər məsələlər aiddir.
Mehriban Vəliyevanın dediyinə görə, problemin aradan qaldırılması üçün əməkdaşlıq vacibdir: "Bu kimi hallar aşkar olunan kimi biz dərhal həlli üçün aidiyyəti qurumlarla əməkdaşlıq edir, həlli üçün çalışırıq".
Erkən nikah qızlar arasında təhsildən yayınmaya ciddi təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-2021-ci ildə dövlət ümumtəhsil məktəblərində təhsil alan qızların bütün siniflərdə ümumi sayı 762 429 olub. Bundan 11 il əvvəl 2010-2011-ci ildə isə bu rəqəm 611 698 idi. Dövlət Statistika Komitəsinin statistik məlumatlarında əsasən regionlardakı vəziyyətdə göstərilib.
Belə ki, Şәki-Zaqatala iqtisadi rayonunda 10-11-ci sinifdə təhsil alanların ümumi sayı 20 121 olub ki, onlardan 8 641-ni qızlar təşkil edib.
Şərqi Zəngəzur iqtisadi zonasında qeyd olunan rəqəm müvafiq olaraq 10169 və 4 410-dur. Şirvan-Salyan iqtisadi rayonunda həmin rəqəm müvafiq olaraq 5 454 və 2123-dür.
Dağlıq Şirvan iqtisadi rayonunda təhsilalanların ümumi sayı 6011, qızların sayı 2710-dur. Gәncә-Daşkәsәn iqtisadi rayonunda qeyd olunan göstərici müvafiq olaraq 17 450 və 7 899 olub.
Qarabağ iqtisadi rayonunda həmin rəqəm 17 829 və 7 767 olub. Quba-Xaçmaz iqtisadi rayonunda rəqəmlər müvafiq olaraq 32 803 və 12763-dür.
Lәnkәran-Astara iqtisadi rayonunda ümumi təhsil alan 7119 nəfərdən 3 446-nı qızlar təşkil edib. Mәrkәzi Aran iqtisadi rayonunda 14 816 şagirdin 6 642-si qızlardır.
Mil-Muğan iqtisadi rayonunda 6467 şagirddən 3100-ü qızlardır.
Statistikaya görə, xüsusən də 5-9-cu siniflərdə qızların davamiyyətində, buraxdıqları dərs günlərinin sayında artım var. Dövlət Statistika Komitəsinin sonuncu hesabatında qeyd olunur ki, ölkədə 15-17 yaşlı qızlar tərəfindən dünyaya gətirilən diri körpələrin sayı 1917 olub, 1219 belə hal kənd yerlərində baş verib. Bu isə ən azı 1917 qızın təhsildən yayındığını deməyə əsas verir.
Statistik rəqəmlər də qızlar arasında erkən nikahın təhsildən yayınmaya səbəb olduğunu təsdiqləyir. Hətta rəsmi qurumlar belə qızların təhsildən yayınması ilə bağlı həyəcan təbili çalır. Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin açıqladığı məlumata görə, bəzi regionlarda 9-cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma var. Qızların 9 illik buraxılış imtahanından sonra təhsillərini davam etdirməməsi, erkən nikah və ya təhsildən uzaq tutulması kimi hallar mövcuddur.
Açıqlanan statistikaya əsasən ötən il 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.94%- ni (63013 nəfər) oğlanlar, 46.06%-ni (53814 nəfər) qızlar təşkil edib. 11-ci siniflər üzrə buraxılış imtahanında da mənzərə, demək olar ki, buna oxşar olub və imtahanda iştirak edən şagirdlərin 54.30%-i (42920 nəfər) oğlan, 45.70%-i (36123 nəfər) qızlar olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib kİ, ölkəmizdə erkən nikahın qarşısının alınması üçün ciddi tədbirlər görülür. O, hətta Azərbaycanda nikah yaşının imtiyazlı şəxslər üçün bir yaş aşağı salınmasının aradan qaldırılacağını bildirdi: " Komitə bununla bağlı Milli Məclisə təqdim olunması üçün təkliflərini hazırlayıb. E. Səfərov həmçinin vurğulayıb ki, BMT-nin müvafiq qərarları ilə nikah yaşının 18-dən aşağı olması yolverilməzdir".
Həmsöhbətimiz deyir ki, ölkəmizdə son 10 ildə uşaq nikahların azalması müşahidə olunur. Onun sözlərinə görə, bunun bir səbəbi Azərbaycanın Cinayət Məcəlləsində aparılan dəyişikliklərdir. Şöbə müdiri qeyd edib ki, O, qeyd edib ki, E.Səfərov son illər Azərbaycanda uşaq nikahlarının statistikasının da aşağı düşdüyünü söyləyib. Bildirib ki, bu rəqəm son illərdə 5 mindən azalıb: “ 2020-ci ildə 156, 2021-ci ildə isə 137 fakta düşüb. Bu da yaxşı nəticə kimi qiymətləndirilə bilər. Bu uşaq nikahlarından doğuşların da sayına təsir edib. Əvvəl bu rəqəm 3200 idisə, 2021-ci ildə 1600 uşaq nikahlarından doğulma faktı qeydə alınıb”.
E. Səfərov bildirir ki, erkən nikahlar qızların təhsildən yayınmasına gətirib çıxardır.
"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki,əslində uşaq nikahları ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. K. Ağazadə əksər hallarda valideynlərin uşaqları alətə çevirdiyini söyləyir. Həmsöhbətimiz deyir ki, qızların 14-15 yaşdan ərə verilməsi faktları var: "Çox təəssüf ki, cəmiyyət erkən nikah bəlasından xilas ola bilməyib. Bu gün erkən nikahların azaldığını söyləmək olmaz. Sadəcə olaraq bu faktlar az üzə çıxır. Yaxşı ki, sosial şəbəkələr erkən nikah hallarını ictimaiyyələşdirir. Əks halda, bu məsələlərdən insanlar xəbər tutmaz, faktlar gizli saxlanılar. Biz çalışmalıyıq ki, uşaqların erkən nikaha cəlb edilməsində rol oynayan, bunun qarşısını almayan valideynlər də cəzalandırılsın. Cəzasızlıq mühiti olduqca bu hallar təkrarlanacaq".
Xəbər lenti
0