Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bütün bədənini tatuaj edən adam: "Təki günahım bu olsun" - VİDEO

© Photo : Instagram / tattoo__abilovÜlvi Əbilov
Ülvi Əbilov - Sputnik Azərbaycan, 1920, 08.11.2022
Abunə olmaq
Tanınmış tatuaj ustası Ülvi Əbilov bildirir ki, tatuaj ustası rəssamlığı bacarmalıdır. Amma hər şeydən öncə, bu sənətlə məşğul olan insan səbirli olmaldır.
BAKI, 8 noyabr — Sputnik. Əvvəllər, insanlar bədənin müxtəlif nahiyələrində yer alan bu şəkillərə birmənalı yanaşmırdılar. Çoxları tatunu yüngül həyat tərzi keçirən, məhbəs həyatı yaşayan, cəmiyyətdə əxlaq normalarına riayət etməyən insanların nişanı kimi qiymətləndirirdi.
Tatu (tatto) 8 min il öncə Afrikanın cənubunda yaşayan bir qəbilədə meydana gəlib. O vaxtdan bu günə qədər müxtəlif mərhələləri keçən tatu indi cəmiyyətdə incəsənət növü kimi qiymətləndirilir. "Tatuaj", "nakolka", "tatuirovka" adı ilə bilinən tatunun ölkəmizdə də həvəskarları az deyil.
Ülvi Əbilov 15 yaşından tatu sənəti ilə məşğuldur. Dediyinə görə, onun müəllimi olmayıb. Sənətini məhəllə uşaqlarının üzərində öyrənib:
"Əvvəllər dost-tanışa, məhəllə uşaqlarına tatu çəkirdim. Sonradan buna görə mənə pul da verdilər. Yavaş-yavaş baxdım ki, artıq bu sənətin içindəyəm. Mən də bunu genişləndirdim".
Tatuya böyük sevgisi olan qəhrəmanımızın bədəninin bütün nahiyələri tatuajla örtülüb: "Özüm öz bədənimə çəkə bilmirəm. Bədənimdə bütün tələblərimdən bir xatirə var. Dostlarım da çəkib. Tələbələrimin böyük bir qismi qadındır. Müştərilərim də əsasən qadınlardır".
Ülvi bu işə yeni başlayanda onu qınayanlar çox olub. Elə indi də qınayanlar az deyil. Amma o, bütün qınaqlara sinə gərməyi bacarıb: "Ailəm əvvəllər buna qəti razı deyildi. Dindar insanlar da məni buna görə çox qınayırdılar. İndi də qınayırlar. Bunu günah hesab edirlər. Amma mən belə düşünmürəm, təki günahım tatuaj olsun".
Əvvəllər Ülvini əcnəbi hesab ediblər. Paytaxtdan fərqli olaraq, bölgələrdə hələ də tatuaja olan münasibət dəyişməyib:
"Bölgələrdə hələ də qəribə qarşılayırlar. Bakıda da 10 il əvvəl belə olub. Hərdən uşaqlar məni görəndə vahimələnirlər, "xoxan gəldi" deyirlər".
© Photo : Instagram / tattoo__abilovÜlvi Əbilov
Ülvi Əbilov - Sputnik Azərbaycan, 1920, 08.11.2022
Ülvi Əbilov
Müsahibimiz vurğulayır ki, hər insan tatuaj edə bilməz. Bunun üçün tatuaj ustası müştərinin xəstəliklərini soruşmalıdır:
"Epilepsiya xəstələri, şəkər xəstələri, ürəyində problem olan insanlar, nevroloji problemləri olanlar tatuaj edə bilməzlər. Bundan başqa, qadınlar hamiləlik zamanı və aybaşı dövründə tatuaj etdirə bilməzlər. Əks halda, başqa fəsadlar ortaya çıxa bilər. Cəmiyyətdə yalnış fikirlər var ki, guya tatuaj xərçəng xəstəliyi, QİÇS, Hepatit B, C və digər qan xəstəliklərinin yayılmasına səbəb olur. Əgər usta peşəkardırsa, heç nə ola bilməz. Doğrudur, tatuaj edən insan günəş şüalarından qorunmalıdır".
Qeyd edək ki, tatu vurdurma əməliyyatı çox cüzi ağrı ilə müşahidə edilir. Yəni, bəzilərinin dediyi kimi, ağrılı və qanlı prosedur deyil. Tatu vurulduqdan sonra üzəri streclə sarınır. 2 saat sonra strec açılır və yerinə ustanın məsləhət gördüyü krem çəkilir. Tatu bir həftə ərzində qabıq bağlayır və sağalır.
Xəbər lenti
0