CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Teletənqidçi: Təəssüf ki, radionu ikinci dərəcəli, gərəksiz bir şey hesab edirlər

© Sputnik / Murad OrujovFilologiya elmləri doktoru, professor Qulu Məhərrəmli
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli  - Sputnik Azərbaycan, 1920, 06.11.2022
Abunə olmaq
Xalq artisti: Radio aparıcısı daha peşəkar olmalıdır ki, dinləyici cəlb edə bilsin.
BAKI, 5 noyabr — Sputnik. 6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 1926-cı ilin bu günü Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. 95 il əvvəl yaranan radiomuzun son durumu necədir? Bugünkü dinləyicini özünə cəlb edə bilirmi?
Teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmlinin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, son vaxtlar Azərbaycanda radioların vəziyyəti olduqca zəifdir. O bildirir ki, 90-cı illərin ortalarında Azərbaycanda rəngarəng radio mühiti var idi:

"Həmin illərdə zəngin radio palitrası var idi – "Sara FM", "ANS ÇM". İndi çox zəifləyib, musiqi ilə yola verirlər. Ən böyük itkimiz "Araz FM"in sıradan çıxarılması oldu. Hesab edirəm ki, həmin FM qaytarılmalıdır, ya AzTV, ya da “İctimai” radionun ikinci kanalı olmalıdır. Çünki “Araz” radiosu radio tariximizin önəmli səhifəsidir. İki radiomuzun – "Azərbaycan" radiosu və “İctimai” radionun konkret ictimai-siyasi materialları var. “İctimai” radio və “Azərbaycan” radiosu digər özəl radiolarla müqayisədə daha maraqlı verilişlər hazırlayır".

O ki qaldı özəl radiolara, Əməkdar jurnalist bildirir ki, həmin radiolarda ciddi aparıcı problemi var: "Xəbərin oxunuşu ilə bağlı çox ciddi problemlər var. Aparıcıların dil problemi var. Yaxşı danışa, xəbər oxuya bilmirlər. Ümumi intellektual baza çox zəifdir. Hiss edirsən ki, danışdığı mövzu haqqında çox az bilir".
Ekspert təəssüf hissi ilə qeyd edir ki, bizdə radio layihələri olduqca azdır:

"Məsələn, vaxtilə “ANS ÇM” radiosunda Aqşin Babayevin aparıcısı olduğu "Yaddaş" verilişi var idi. Mədəniyyət tariximiz, görkəmli ictimai xadimlərdən müsahibələr olardı. Əfsus ki, indi o tipli layihələr hazırlanmır".

Q.Məhərrəmli radio rəhbərlərini bu məsələdə diqqətli olmağa çağırır. Radionu keçici, təsadüfi, ikinci dərəcəli vasitə kimi qəbul etmək olmaz:

"Bizim indi ən parlaq radio aparıcılarımızdan biri "Avtostop" verilişinin aparıcısı Tural Yusifovdur. Verilişi çox maraqlı, rəngarəng aparır. Təəssüf ki, bizim belə parlaq aparıcılarımız çox azdır. Tək-tük yaxşı DJ var, onların da təbliğatı az olduğundan, dinlənilmədiyindən pislərin içində itib-batır. Televiziyanın getmədiyi yerə radionun səsi gedib çıxır. İşğaldan azad olunan ərazilərdə radio yayımı bərpa olunub, çox sevindirici haldır. Aparıcılar mikrofon önündə məsuliyyət dərk etməlidirlər. Təəssüf ki, radionu ikinci dərəcəli, gərəksiz bir şey hesab edirlər".

Ancaq bu gün radio dalğaları ucqar kəndlərdə tutmur. Bu problemdən söz açan Qulu müəllim bildirir ki, bunu təmin etmək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin borcu və vəzifəsidir: "Ermənistanın, Gürcüstanın, İranın radio dalğaları bizdə tutur. Məsələn, İran öz sərhədində 20-dən çox dalğanı ötürən qurğular qoyub. Bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çalışmalıdır ki, bizim radio dalğaları hər yerə yayılsın".
Azərbaycan televiziyası və radiosunun inkişafında böyük xidmətləri olan Xalq artisti Şərqiyyə Hüseynova deyir ki, radio və televiziya aparıcılığı tam fərqlidir. Onun sözlərinə görə, radio aparıcılığı daha çətindir və aparıcıdan daha çox peşəkarlıq tələb edir: "Televiziyada aparıcının görüntüsü, verilişin dekorasiyası və kameralar var. Radioda isə tək sənsən və sənin nitqindir. Buna görə də radio aparıcısı daha peşəkar olmalıdır ki, dinləyici cəlb edə bilsin".
© VestiШаргия Гусейнова – самый известный диктор — женщина Азербайджана 90-х годов.
Шаргия Гусейнова – самый известный диктор — женщина Азербайджана 90-х годов.    - Sputnik Azərbaycan, 1920, 06.11.2021
Шаргия Гусейнова – самый известный диктор — женщина Азербайджана 90-х годов.
Ş.Hüseynova qeyd edir ki, o illərin diktorları yeni başlayanda əsasən radio diktorlarından öyrənərdilər:

"Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlarımızdan öyrənirdik. Onlar Azərbaycan dilinin mahir biliciləri idi. İndi Azərbaycanda radio və televiziya inkişaf edir. Biz qabağa baxmalıyıq, keçmişlə yaşamamalıyıq. Biz o vaxt ancaq dövlət televiziyasına çalışırdıqsa, indi müxtəlif radio və televiziyalar var, onların arasında da böyük rəqabət var".

Ömrünün 37 ilini bu sahəyə həsr edən məşhur gəncləri tənqid etməyi yox, onlara dəstək olmağı vacib hesab edir:

"O vaxt bizdən ancaq rus və ana dilimizi bilmək tələb olunurdusa, indiki aparıcılar daha çox dil bilgisinə sahibdirlər və maraqlı reportajlar edirlər. İndi televiziya və radioya hərtərəfli insanlar cəlb olunurlar. Odur ki indi cavanları ancaq tənqid etmək yox, dəstək vermək, onları hazırlaşdırmaq lazımdır. Mən dövlət televiziyasında cavanları hazırlaşdırıram, görürəm ki, onların işi bizim çalışdığımız illərə nəzərən daha çətindir. Onlar həm aparıcılıq edirlər, həm reportajlar hazırlayırlar. Repotajları da bağlı məkanda yox, fərqli məkanlarda edirlər".

Xalq artisti əlavə edir ki, indi diktor məfhumu yoxdur. Bir çox televiziyaların rəhbərləri, xüsusən AzTV-də, diktor məktəbini ləğv etdilər. Bununla da aparıcılıq məktəbinə çox böyük ziyan vurdular:
"Heç olmasa, gənc nəsil o məktəbdən nəsə öyrənirdi. Biz dünyanı tutub durmayacağıq, heç olmasa, yaşadığımız zamanda gənclərə nəsə öyrədə bilərdik. Aparıcı hansısa dialektdə, şivə ilə danışa bilməz. Aparıcı ədəbi dildə danışmalı, sözlərin vurğusuna diqqət etməlidir. Bu, hər iki – həm radio, həm də televiziya aparıcısına aiddir".
Həmçinin oxuyun:
Bu gün Azərbaycanda televiziya və radio işçilərinin peşə bayramıdır
Xəbər lenti
0