Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bəzi işbazların əlindən fermerlər yem tədarük edə bilmirlər

© AFP 2023 / JOEL SAGETOt tayası, arxiv şəkli
Ot tayası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2022
Abunə olmaq
Fermerlər əvvəllər yayda yemi daha ucuz alardılar, indi isə ya-qış qiymətləri eynidir
BAKI, 6 noyabr - Sputnik. İstər bölgələrdə, istər Bakı ətrafında fermer təsərrüfatlarında vəziyyət çox acınacaqlıdır. Heç bir fermer qış üçün tədarük görə bilmir. Çünki yem, ot fermerin əıinə baha çatır. Bir sözlə, fermerlərin qış tədarükü ilə bağlı arzuları ürəklərində qalıb.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında bir neçə rayonda fermerlərlə görüşən Azərbaycan Keçi Təsərrüfatçıları Birliyinin təsisçisi Bəxtiyar Məmmədov deyib.
Fermerlərin mövcud vəziyyətdən çox narahat olduğunu bildirən B.Məmmədov qeyd edir ki, artıq iki aydır ki, Gəncə, Göygöl, Şəmkirdə müxtəlif təsərrüfat sahibləri ilə görüşür. Həmsöhbətimiz bildirir ki, sahədə olan otun qiyməti 3.54-4.50 manatdırsa, fermerin qapısına gəlib çatanadək 6 manat olur, nəticədə fermer daha da müflisləşir: "Bu vəziyyətə etiraz olaraq biz fermerlər düşünürük ki, mediaya açıqlama verək və diqqəti bu problemin üzərinə çəkək".
"Fermerlərin yem, ot tədarükü edə bilməmələri onların vəziyyətini daha da acınacaqlı edib. Vəziyyətin bu həddə çatması isə səbəbsiz deyil. Bəzi işbazların daha çox pul qazanmaq istəyi fermerlərin arzularını ürəklərində qoyub. Ot sezonu başlayandan işbazlar otu alıb saxlayırlar. Bu işbazların özlərinin heç heyvanı da yoxdur, yəni kənd təsərrüfatına aidiyyəti olmayan şəxslərdir, sadəcə olaraq əlində vəsaiti var, bu işi görür. Onlar aldıqları bu otu qışda satırlar. Hansısa qurum yoxdur ki, bu məsələyə nəzarət etsin. Bu işbazlar öncədən, hələ ot bitmədən, biçilmədən ona əl qoyurlar, danışıb sahələri alırlar, fermer sahəyə getdikdə artıq ot tapa bilmir", - deyə o əlavə edib.
Əkinçi fermerlərlə də görüşən həmsöhbətimiz bildirir ki, onların da vəziyyəti ürəkaçan deyil: "Onlar da deyir ki, arpanın, buğdanın kilosunu 48-50 qəpikdən satanda sevinirlər. Lakin zəhmətlərinin bəhrəsini görə bilmirlər. Hamı qiymət artımından şikayətlənir, amma heç kəs düşünmür ki, ot, yem də bahadır. Heyvan əvvəllər bağlı yerdə 1 manatlıq qida yeyirdisə, indi 1.50-1.70 manatlıq qida yeyir. Təbii ki, bütün bu amillər də ətin qiymətinə təsir edir".
B.Məmmədov bildirir ki, keçi ətinə tələbatın az olması ilə əlaqədar olaraq bu təsərrüfat sahibləri daha çox sıxıntı içindədir: "Nəticədə keçi südü, keçi pendirinə də tələbat azalır. Bu sahədə də heç bir inkişaf yoxdur. Yaxşı olardı ki, kənd təsərrüfatının digər sahələri ilə yanaşı keçi təsərrüfatının inkişafı ilə bağlı bir proqram hazırlansın".
Ot və yemin hər zaman bahalaşdığını deyən digər fermer Şamxal Babayev bildirir ki, bəzi işbazların pul qazanmaq arzusu onun kimi fermerlərin işini çətinə salıb, onlar təsərrüfatlarından heç bir gəlir götürə bilmirlər. O qeyd edir ki, bu sahəyə dövlət nəzarəti olardısa nəticə daha yaxşı, daha ürəkaçan olardı: "Biz demək olar ki, sahədən ot, yem ala bilmirik. Biz sahəyə çatanda görürük ki, artıq yem bitib".
"Əvvəllər yayda yemi daha ucuz alardıq, qışda isə qiymətlər bir qədər fərqli olardı. Amma indi yayda da, qışda da eyni qiymətlərdir. Yem sahələrdən alınır, monopoliyalaşdırılır. Əziyyətimiz çox olsa da, gəlirimiz yoxdur. Biz fermer olaraq bu vəziyyətlə mübarizə apara bilmirik. Əslində kənd təsərrüfatına dövlət dəstək olmalı, nəzarəti həyata keçirməlidir. Elə etmək lazımdır ki, məhsulun qiyməti sabit olsun", - deyə o əlavə edib.
Şamxal Babayev deyir ki, xüsusən də Bakının kəndlərində heyvandarlıqla məşğul olmaq mümkün deyil: "Şağan kəndindənəm, artıq nə qədər fermer keçisini satmağa hazırlaşır. Nəticədə də ət, süd məhsulları bahalaşacaq".
Xəbər lenti
0