CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni Qanun gəlir - DETALLAR

© Depositphotos.com / IlfedeSənədlər, arxiv şəkli
Sənədlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.11.2022
Abunə olmaq
Bu Qanun qüvvəyə mindiyi gündən “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanun ləğv ediləcək
BAKI, 5 noyabr - Sputnik. Milli Məclisdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənədin əhəmiyyətindən və onun hazırlanmasını zəruri edən amillərdən danışıb. Bildirib ki, dövlət-özəl tərəfdaşlığı prinsiplərinin və mexanizmlərinin qanunvericiliyə daxil edilməsi qarşıda duran bir çox məsələlərin həlli, eyni zamanda iqtisadi fəallığın artması üçün yeni imkanlar yaradır.
Tahir Mirkişili iqtisadi artımın qabaqcıl və effektiv özəl təşəbbüslərə, dövlət-özəl əməkdaşlığa əsaslanması baxışının artıq bir çox dövlət sənədlərində öz əksini tapmasını qeyd edib. Xüsusən, cənab Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də özəl sektorda aktivliyin daha da canlandırılması, işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payının artırılması hədəfləri müəyyən olunub. Komitə sədri son 10 ildə bu istiqamətdə Azərbaycanda əldə olunan nəticələrə və iqtisadi nailiyyətlərə nəzər salıb.
Qeyd edib ki, Azərbaycan infrastrukturun inkişafına, bir çox iqtisadi göstəricilərinə görə regionun lider dövlətidir. Ölkədə şəffaflığın, dövlətlə sahibkar arasında etimad mühitinin artması özəl sektorla əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün zəmin yaradıb. Komitə sədri bu məsələlərin “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində də təsbit olunduğunu vurğulayaraq sənədi müasir hökumət inzibatçılığının mühüm nümunələrindən biri kimi xarakterizə edib və dövlət-özəl tərəfdaşlığı ilə bağlı fikirlərini bildirib.
“Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi
Qeyd edək ki, bu Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Yeni qanun layihəsinin bəzi hissələrini təqdim edirik:
Bu Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarının müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisində dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir.
3.2. “Dövlət satınalmaları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunları bu Qanunla tənzimlənən münasibətlərə şamil edilmir.
3.3. Bu Qanunun müddəaları “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq neft-qaz sahəsində fəaliyyətə şamil edilmir.
3.4. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı dövlət-özəl tərəfdaşlığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
3.5. Ələt azad iqtisadi zonasında dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Dövlət-özəl tərəfdaşlığının əsas prinsipləri
4.1. Dövlət-özəl tərəfdaşlığı aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
4.1.1. qanunun aliliyi;
4.1.2. azad rəqabətin qorunması;
4.1.3. şəffaflıq və səmərəliliyin artırılması;
4.1.4. iddiaçıların hüquq bərabərliyi;
4.1.5. tərəflər arasında maraq və risk balansının qorunması.
Dövlət-özəl tərəfdaşlığı layihələrində dövlətin iştirakı
5.1. Dövlət-özəl tərəfdaşlığı layihələri Azərbaycan Respublikasının qanunları ilə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir.
5.2. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən edilir və müsabiqənin şərtlər toplusunda qeyd olunur.
5.3. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları (səlahiyyətli orqanın razılığı əsasında iqtisadi və (və ya) maliyyə əsaslandırmaları olduğu hallar istisna olmaqla) dövlət-özəl tərəfdaşı müqaviləsinin bağlanılmasından sonra dəyişdirilə bilməz.
5.4. Bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlət öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyən edilir.
Dövlət-özəl tərəfdaşlığı müqaviləsi
21.1. Dövlət-özəl tərəfdaşlığı müsabiqəsinin qalibi və ya birbaşa danışıqlar aparılması yolu ilə cəlb edilmiş özəl tərəfdaşla bu Qanunun 20.3-cü maddəsinə uyğun olaraq dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanılır.
21.2. Dövlət-özəl tərəfdaşlığı layihəsi kreditor (kreditorlar) tərəfindən maliyyələşdirildikdə kreditora (kreditorlara) əlavə təminat verilməsi məqsədilə dövlət tərəfdaşı, özəl tərəfdaş və kreditor (kreditorlar) arasında birbaşa müqavilə imzalana bilər. Kreditorlarla birbaşa müqaviləyə tərəflər arasında dövlət-özəl tərəfdaşlığı layihəsinə dair məlumat mübadiləsi, kreditorun (kreditorların) hüquqları və bu hüquqların həyata keçirilmə şərtlərini nəzərdə tutan müddəalar daxil edilə bilər.
21.3. Özəl tərəfdaş xarici fiziki və ya hüquqi şəxs, xarici hüquqi şəxsin filialı olduğu təqdirdə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi xarici və ya beynəlxalq kredit təşkilatı, bank və ya maliyyə qurumu tərəfindən maliyyələşdirildikdə dövlət-özəl tərəfdaşlığı müqaviləsi və digər layihə müqavilələri xarici elementli mülki hüquqi münasibət hesab olunur və tərəflər onlar arasında olan mülki hüquq münasiblətlərinə tətbiq edilən hüququ “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən seçə bilərlər.
Dövlət-özəl tərəfdaşlığı layihəsinin hesabatlılığı
37.1. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri dövlət-özəl tərəfdaşlığı layihəsinin və tərəflərin öhdəliklərinin icra vəziyyəti barədə ildə bir dəfə səlahiyyətli orqana dövlət-özəl tərəfdaşlığı qaydalarında nəzərdə tutulan formada və qaydada hesabat təqdim edir.
37.2. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı qaydalarında müəyyən edilmiş formada dövlət-özəl tərəfdaşlığı layihələri ilə bağlı illik hesabatları özünün rəsmi internet səhifəsində və bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş məlumat bazasında yerləşdirir.
37.3. Səlahiyyətli orqan bu Qanunun 37.1-ci maddəsində nəzərdə tutulan hesabat əsasında dövlət-özəl tərəfdaşlığı layihəsinin icraçısının müqavilə öhdəliklərini yerinə yetirmədiyini və ya yerinə yetirmək iqtidarında olmadığını müəyyən etdikdə, layihənin başa çatdırılması üçün yeni tərəfdaşın seçilməsi məqsədilə dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq müsabiqə keçirir və ya birbaşa danışıqlar yolu ilə müqavilənin bağlanılmasını təşkil edir.
37.4. Səlahiyyətli orqan bu Qanunun 37.1-ci maddəsində nəzərdə tutulan hesabatlar əsasında dövlət-özəl tərəfdaşlığının təkmilləşdirilməsi barədə təkliflər hazırlayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
Mübahisələrin həlli
38.1. İddiaçılar səlahiyyətli orqanın müsabiqənin təşkili və keçirilməsi ilə bağlı qərarlarından, hərəkətlərindən (və ya hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.
38.2. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin və dövlət-özəl tərəfdaşlığı layihəsinə dair digər müqavilələrin tərəfləri arasında mübahisələr həmin müqavilələrdə nəzərdə tutulmuş qaydada həll olunur. Həmin müqavilələrdə mübahisələrin həlli qaydası nəzərdə tutulmadığı halda, mübahisələr Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada həll olunur.
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Bu Qanun qüvvəyə mindiyi gündən “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0