Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Şad xəbər - Malları nağdsız alan alıcıya daha çox ƏDV qaytarılacaq

© Sputnik / Murad OrujovEdvgerial saytının istifadəçisi
Edvgerial saytının istifadəçisi - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Milli Məclisdə Vergilər Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Təklif edilən dəyişiklik qüvvəyə minərsə, nağdsız qaydada 100 manatlıq alış-verişə görə alıcıya 2 manat 66 qəpik qaytarılacaq.
BAKI, 3 noyabr — Sputnik. "ƏDV geri al" layihəsi üzrə faizlər dəyişdirilir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.
Qeyd edək ki, hazırda alıcılara geri qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Beləliklə, nağdsız ödəniş stimullaşdırılır. Təklif qəbul edilərsə, malları nağdsız alan alıcıya daha çox ƏDV qaytarılacaq. Malları nağd ödəniş edərək alanlara isə daha az ƏDV geri qaytarılacaq.
Dəyişiklikləri misalla izah edək:
Hazırda alıcı ƏDV-li 100 manatlıq nağdsız qaydada mallar alırsa, ona 2 manat 28 qəpik geri qaytarılır. Təklif edilən dəyişiklik qüvvəyə minərsə, nağdsız qaydada 100 manatlıq alış-verişə görə, alıcıya 2 manat 66 qəpik qaytarılacaq.
Nağd qaydada ödənişlərə gəlincə, hazırda nağd qaydada 100 manatlıq məhsul alınırsa, 1 manat 52 qəpik müştəriyə qaytarılır. Təklif qəbul edilsə, 100 manatlıq malların alınmasına görə alıcıya cəmi 76 qəpik geri qaytarılacaq. Beləcə, nağd formada alış-veriş zamanı alıcı daha az ƏDV alacaq.
Kommunal ödənişlər etmək mümkündür
İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləği müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.
Siqaret və arağa görə ƏDV-nin geri qaytarılması dayandırılıb
2022-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib ki, bu dəyişikliklərin bir istiqaməti də "ƏDV geri al" mexanizminin təkmilləşdirilməsi çərçivəsində avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına ƏDV-nin qaytarılmasının istisna olunması ilə bağlıdır.
Dövlət Vergi Xidmətindən bildirilib ki, dəyişikliyə əsasən, cari il oktyabrın 1-dən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır.
Belə ki, alkoqollu içkilərin və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğunu nəzərə alaraq, həmin məhsullar ƏDV-nin geri qaytarılması şəklində stimullaşdırıcı tədbirlərin dairəsindən çıxarılıb.
Bununla yanaşı, "ƏDV geri al" mexanizminin tətbiqinə başlandıqdan ötən müddət ərzində aparılan təhlillər nəticəsində, ƏDV-nin qaytarılması prosesində xüsusilə alkoqollu içkilər və tütün məmulatlarının alqı-satqısı zamanı sui-istifadə hallarının yaranması müşahidə olunub.
Vergi Məcəlləsinə edilmiş dəyişiklik ilə ƏDV-nin geri qaytarılması mexanizmi pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə yanaşı, 2022-ci il yanvarın 1-dən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə də aid edilir.
Bu il istehlakçılara 130 milyon manatdan çox ƏDV geri qaytarılıb
Xatırladaq ki, indiyədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb. "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının sayı 74.242-dir. 2022-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 307 milyon 568,9 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 faiz çoxdur.
Xəbər lenti
0