Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Şam ağacları niyə quruyub?

Abunə olmaq
Artıq bir müddətdir ki, paytaxtın bəzi ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması halları müşahidə olunur.
Maraqlıdır, ağacların qurumasının səbəbi nədir?
Sputnik Azərbaycan-ın multimediya mərkəzinin qonağı olan Mərkəzi Nəbatət bağının "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboratoriyasının müdiri, elmi işçi Yusif Zeynalov bildirib ki, ümumiyyətlə, son 15-20 ildə xüsusən Abşeron yarımadasında olan açıqtoxumlu bitkilərdə, ağaclarda kütləvi quruma baş verir: "Əvvəllər Bakıda demək olar ki, belə bir xəstəlik yox idi. Qabıqyeyən zərərvericilər belə xəstəlik törədirlər. Son zamanlar bu xəstəlik şam ağaclarında geniş yayılmağa başlayıb. Qabıq yeyən zərərvericilər bitkilərin qabığının altına girir, xortumla deşir. Belə olan halda həmin ağacdan şirə axmağa başlayır. Bu problemi sərv ağacında xüsusən daha çox görmək olar. Cavan - 10-12 yaşlı ağaclar da bu zərərvericilərdən quruyurlar".
O bildirir ki, bu ağaclar vaxtında dərmanlanmasa o zaman məhv olurlar. Çünki xəstəlik qısa müddətdə bütün torpağa yayılır: "Bir ərazidə zərərverici varsa, o tam qurumayıbsa, bu zaman ətraf ən azı iki dəfə dərmanlanmalıdır. Beləcə ölkədə gedən bu prosesin tamamilə qarşısını almaq mümkün olar. Bitki tamamilə quruyubsa kəsilib yandırılmalıdır. Lakin elə ağaclar var ki, onlarda zərərvericilər olsa da, hələ ki yaşayır, bu bitkilər dərmanlanmalıdır".
Maraqlıdır, necə oldu ki, bu zərərvericilər birdən-birə Azərbaycanda yayılmağa başladılar?
Y.Zeynalov bildirir ki, Son 25-30 ildə Azərbaycana xarici ölkələrdən, xüsusən də Türkiyə, İtaliya, Hollandiyadan şam, sərv ağacları gətirildi: "Bu zərırvericilər də həmin bitkilər, ağaclar və onların torpaqlarında Azərbaycana ayaq açdı. Bu bitkilər, ağacların karantin müddəti diqqətdən qaçırıldı, buna xüsusi önəm verilmədi. Karantin müddəti keçmədən bu bitkilərin ölkəmizə keçirilməsi vəziyyəti bu həddə çatdırdı, zərərvericilər ətrafa yayılaraq çoxalmağa başladı. Kütləvi quruma başlayandan sonra hamı ayılmağa başladı".
"Lakin son zamanlar bu bitkilərin karantin sənədi aldıqdan sonra ölkəmizə keçdiyini eşidirəm, bu çox müsbət haldır", - deyə həmsöhbətimiz əlavə edib.
Problemin həlli üçün nələr edilməlidir?
Y.Zeynalov bildirir ki, bir çox halda bizim yerli müətəxəsssilərə inanmırlar, xaricdən isə bu işdən xəbəri olmayanları çağırırlar: "Onlar gəlib yeyib-içib, gedəndə pullarını da alıb gedirlər. Bu yolla zərərvericilərin qarşısını almaq olmaz. Azərbaycanda bu işlə məşğul ola biləcək bir sıra institutlar var. Zooologiya, mikrobiologiya institutları da bu işlə məşğul ola bilər. Xaricdən mütəxəssis çağırmaqdansa yerli mütəxəssisləri təcrübə keçmək üçün xaricə göndərmək olar".
"Zərərvericilərlə mübarizədə qrup yaradılmalıdır. Bu zərərvericilər xüsusən də respublikanın aran rayonlarına yayılıb. Qısa müddətdə bu bəlanın qarşısı alnmazsa şam kimilərin hamısı məhv olacaq. Lakin indiki vəziyyətdə bunun qarşısını almaq mümkündür", - deyə o əlavə edib.
Şam ağaclarından əlavə, Y.Zeynalov bildirir ki, hazırda Abşeronda ərik ağacları da çox pis vəziyyətdədir: "Bu problem hətta rayonlara da yayılıb. Biri öz bağını dərmanlayır, digəri dərmanlamırsa, artıq bir neçə gündən sonra dərmanlama təsirini itirir və həmin bağ yenidən risk qrupuna daxil olur. Ona görə,bir nəfərin bağını dərmanlaması ilə problem həllini tapmır. Beləcə zərərverici respublika səviyyəsində yayılmağa başlayır. Bundan başqa, gilas ağaclarında da eyni vəziyyətdir, onlar da risk altındadırlar".
Xəbər lenti
0