CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" yeni qanun müzakirə olunur

© Sputnik / Murad Orujov Milli Məclis
 Milli Məclis - Sputnik Azərbaycan, 1920, 28.10.2022
Abunə olmaq
Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək
BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilir.
İclasın gündəliyinə 4 məsələ daxil edilib.
1. Dövlət-özəl tərəfdaşlığı haqqında" yeni qanun layihəsi (birinci oxunuş);
2. "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
3. "Banklar haqqında", "Poçt haqqında", "Fərdi məlumatlar haqqında" qanunlarında və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
4. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, Azərbaycanın Türk İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yanğın və digər rəsmi şəxslər iştirak edirlər.
İclasda ilk olaraq "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
"Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il üzrə payız sessiyasının qanunvericilik işlər planına daxil olunan məsələlərdən biridir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib ki, "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" yeni qanun layihəsi çox əlamətdar hadisədir. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq ölkə iqtisadiyyatında özəl sektorun payının artırılması qarşıya qoyulan prioritet məsələlərdəndir. Dövlət-özəl sektor əməkdaşlığının təkmilləşdirilməsi kifayət qədər mürəkkəb mexanizmdir. Komitə sədri qanun layihəsinin 40 maddədən ibarət olduğunu bildirib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" yeni Qanun layihəsinin müzakirəsi zamanı deyib ki, "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" qanun bu sahədə dövlət xidmətlərinin göstərilməsi, bu xidmətlər üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir.
O bildirib ki, "Dövlət satınalmaları haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının qanunları bu Qanunla tənzimlənən münasibətlərə şamil edilmir. Həmçinin bu Qanunun müddəaları "Yerin təki haqqında" Qanuna uyğun olaraq neft-qaz sahəsində fəaliyyətə şamil olunmur.
Nazir qeyd edib ki, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı dövlət-özəl tərəfdaşlığı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanuna uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı aşağıdakı prinsiplər əsasında həyata keçiriləcək:
- qanunun aliliyi;
- azad rəqabətin qorunması;
- şəffaflıq və səmərəliliyin artırılması;
- iddiaçıların hüquq bərabərliyi;
- tərəflər arasında maraq və risk balansının qorunması.
Xatırladaq ki, Milli Məclisin payız sessiyası ərzində "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" yeni qanun layihəsindən başqa, büdcə zərfinə daxil olan "2022-ci il dövlət büdcəsi haqqında", "2022-ci il üçün yaşayış minimumu haqqında", "2022-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında", Milli Məclisin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları haqqında qanun layihələri, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihələrinin müzakirəsi də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari iş planına daxil edilib.
Xəbər lenti
0