CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 40 min sürücü avtobus zolağına daxil olduğu üçün cərimələnib, amma...VİDEO+FOTO

© Baku Transport AgencyAvtobus zolağı
Avtobus zolağı - Sputnik Azərbaycan, 1920, 28.10.2022
Abunə olmaq
BNA sözçüsünün dediyinə görə, sürətli avtomobilləşmədən qaynaqlanan tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobusların qrafik üzrə səmərəli fəaliyyəti üçün avtobus zolaqlarının təşkili və onun tələblərinə riayət olunması vacibdir.
BAKI, 28 oktyabr — Sputnik. Paytaxtda avtobusların tıxacdan xilas edilməsi üçün yenidən avtobus zolaqlarının salınmasına başlanılıb. Bu günlərdə şəhər mobilliyi prinsipləri əsas götürülməklə 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti-M.Hadi küçəsi-Q.Qarayev prospekti-Z.Bünyadov prospekti-Moskva prospekti-Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlanılır.
Avtobus zolaqları ilə bağlı təcrübə göstərir ki, əksər hallarda bu zolaqlardan digər avtomobillər də istifadə edir. Bu isə avtobusların tıxacda qalmasına gətirib çıxardır. Beləcə salınan avtobus zolaqları öz əhəmiyyətini itirmiş olur.
Bu günlərdə avtobus zolaqları ilə bağlı məsələ Nazirlər Kabinetində keçirilən "Bakıda nəqliyyat sahəsinin vəziyyətinə dair" müşavirədə də müzakirə edilib.
Bəs görəsən avtobus zolaqları, bu zolaqlara daxil olanlara qarşı sərt tələblər ictimai nəqliyyat növü olan avtobusları tıxacdan xilas edə biləcək?
© Sputnik / Zulfiyya GuluyevaBakıda avtobus zolağı
Bakıda avtobus zolağı - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Bakıda avtobus zolağı
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib ki, şəhərin hərəkətlilik imkanlarının yaxşılaşdırılması baxımından ictimai nəqliyyatın üstünlüyü mütləq şəkildə təmin olunmalıdır.
Təcrübə də onu göstərir ki, yeni yol kanallarının açılması, yolların genişləndirilməsi və yol ötürücü qurğuların inşası tıxacların qarşısının alınması baxımından bir o qədər də effektiv deyil. Bunun üçün ən yaxşı yol, Bakı şəhərinin nəqliyyat sistemindəki mövcud vəziyyətin müsbətə doğru dəyişdirilməsinin alternativsiz həlli, dayanıqlı şəhər mobilliyi prinsiplərinin mərhələli qaydada tətbiqidir:
"İlk növbədə yollarda avtobuslar üçün xüsusi zolaqlar təşkil olunmalıdır. Avtobus zolaqlarının nə dərəcədə səmərəli olması digər sürücülərin onun tələbinə nə dərəcədə riayət etməsindən aslıdır. Hazırda Bakı şəhərində 10 küçə və prospektdəki avtobus zolağı var. Zolağın olduğu yollara nəzər yetirdikdə siz özünüz də bunun şahidi olacaqsınız".
M. Ağayev bildirib ki, mövcud küçələrin yalnız ikisində R.Behbudov küçəsi və Atatürk prospektində qismən də olsa zolaqların tələbinə riayət olunur. Qalan digərlərində isə xüsusi zolağın tələbinə məhəl qoyulmur. Bu da əlbətdəki zolaqlarla bağlı hədəflənən nəticəni əldə etməyə imkan vermir.
BNA sözçüsünün dediyinə görə, sürətli avtomobilləşmədən qaynaqlanan tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobusların qrafik üzrə səmərəli fəaliyyəti üçün avtobus zolaqlarının təşkili və onun tələblərinə riayət olunması vacibdir. Avtobus zolağı sayəsində R.Behbudov küçəsində avtobusların orta hərəkət sürəti 100% artıb, sərnişinlərin ictimai nəqliyyatda səyahətə sərf etdikləri zaman isə 50%-dək azalıb:
"Ümumilikdə bildirim ki, avtobusun təkərinin dəydiyi hər bir küçədə xüsusi zolaq yaradılmalıdır. Xüsusi zolaq təşkil etməklə biz sərnişinlərimizə seçim imkanı yaradırıq. Sərnişin A-B nöqtələri arasındakı məsafəni ya fərdi avtomobili ilə rahatlığını təmin edərək amma tıxacda qalmaqla ya da xüsusi zolaqla hərəkət edən avtobusla tıxacda qalmadan və daha az vəsait və daha az zaman sərf etməklə getməsinə özü qərar verməlidir. Xüsusi zolaqların davamlılığı təmin olunmaqla ictimai nəqliyyatın cəlbediciliyi də artacaq və tədricən insanlar səyahətlərini fərdi avtomobillə etməkdən çəkinəcəklər. Bunun özü isə yolların avtomobillə yüklənməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə bildirib ki, Bakıda avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğində cərimə oluna bilərlər.
© Sputnik / Zulfiyya GuluyevaBakıda avtobus zolağı
Bakıda avtobus zolağı - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Bakıda avtobus zolağı
A.Əsgərli vurğulayıb ki, avtobus zolağına daxil olanlarla bağlı nəzarət gücləndiriləcək: "Cərimələnmə prosesi nəinki, Yol Patrul Xidməti əməkdaşlarının xidməti ərazisində, eyni zamanda, xüsusi texniki vasitələrin imkanları ilə müəyyən ediləcək".
DYP rəsmisi qeyd edib ki, avtobus zolaqları ictimai nəqliyyatın fasiləsiz və rəvan hərəkət etməsi üçün vacib olan addımlardan biridir: "Hesab edirəm ki, ictimai nəqliyyat üçün mümkün qədər yolların çox olması, eyni zamanda, digər hərəkət iştirakçılarının da vəziyyəti düzgün qiymətləndirərək ictimai nəqliyyatdan istifadə edən insanların vaxtında mənzil başına çatması üçün onların zolağına daxil olmaması da prosesi sürətləndirə bilər".
A. Əsgərli qeyd edib ki, ötən il avtobus zolağına daxil olduğu üçün 40 min sürücü cərimələnib: "Sürücülərin avtobus zolağına yenidən daxil olması o demək deyil ki, onlar cərimələnmir. Təəssüf ki, onlar bəzən cərimələndikdən sonra yenidən bu zolağa daxil olarlar".
Qurum səlahiyyətlisi cərimələrin artırılmasının onların səlahiyyətində olmadığını bildirdi.
Xəbər lenti
0