CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu nazirliyə ayrılan vəsait 10 dəfə azaldıldı

© Sputnik / Murad OrujovBüdcə, arxiv şəkli
Büdcə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Daxili İşlər Nazirliyinə isə yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi üçün əlavə vəsait ayrılıb.
BAKI, 27 oktyabr — Sputnik. İqtisadiyyat Nazirliyinə 2022-ci il dövlət büdcəsindən ayrılan vəsait azaldılıb. Bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə "Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" fərmanında əksini tapıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinə ayrılan xərclərin məbləği müvafiq olaraq 54,091,668 manatdan 5,810,010 manata azaldılıb.
Daxili İşlər Nazirliyinə isə yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi üçün 48,281,658.0 manat vəsait ayrılıb.
Qeyd edək ki, digər fərmanla Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını təmin etməlidir. Əvvəllər bu sahədə səlahiyyət İqtisadiyyat Nazirliyində olub.
Yeni nəsil şəxsiyyət vəsiqələrində "Elektron imza" sertifikatları yerləşdirilib
Qeyd edək ki, 2018-ci il sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanıb.
Təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olan yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdirilib.
Yeni vəsiqələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən "Elektron imza" sertifikatları ilə təmin edilib.
Bu sertifikatların biri identifikasiya (tanınma) üçün nəzərdə tutulub. Yəni yeni vəsiqələr internet mühitində də vətəndaşın kimliyini müəyyən edəcək. İkinci sertifikat isə vətəndaşa istənilən yerdən sənəd mübadiləsi aparmaq üçün elektron imzalama üstünlüyü verir.
Qanunvericiliyə uyğun olaraq, 10-15 yaşlı vətəndaşların vəsiqələrinə kimliyin identifikasiyası üçün yalnız bir sertifikat, yaşı 15-dən yuxarı olan vətəndaşların vəsiqələrində isə iki sertifikat – həm identifikasiya, həm də imzalama sertifikatı mövcud olacaq.
"Elektron hökumət" portalına giriş, həmçinin buradakı xidmətlərdən istifadə etmək üçün məhz yeni şəxsiyyət vəsiqələrindən yararlanmaq mümkündür.
Tərkibində "Elektron imza" sertifikatları olan bu vəsiqələrdən bank, səhiyyə xidmətlərindən istifadə və "Elektron ticarət" zamanı da yararlanmaq mümkün olacaq.
Yeni nəsil şəxsiyyət vəsiqələrindəki "Elektron imza" sertifikatları 5 il müddətində etibarlıdır. Bu müddət başa çatdıqdan sonra vətəndaşın müraciəti əsasında müddət növbəti 5 ilə qədər uzadıla bilər. Məlumat üçün bildirək ki, yeni nəsil elektron şəxsiyyət vəsiqələri 10 il müddətinə verilir.
Vəsiqələrdən elektron imzalama zamanı istifadə etmək üçün lazımi proqramlar kompüterə yüklənərək kartoxuyucu vasitəsilə e-id kart kompüterlə əlaqələndirilməlidir. Proqramları www.eid.az saytından yükləyə və yükləmə təlimatı ilə tanış ola bilərsiniz.
"Elektron imza" sertifikatının istifadəsi ilə bağlı yaranan istənilən sualla əlaqədar "157" Çağrı Mərkəzinə müraciət etmək mümkündür.
Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
Xəbər lenti
0