Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda pambıq yığımında vəziyyət necədir?

© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanda pambıq yığımı
Azərbaycanda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Ölkədə yüz min hektardan artıq sahədə pambıq əkilib. Bu il fermerlər pambığın hər tonuna görə dövlətdən 170 manat məhsul subsidiyası alacaqlar.
BAKI, 26 oktyabr — Sputnik. Azərbaycanın bölgələrində pambığın mexanikləşdirilmiş üsulla kütləvi yığımı davam edir. Bu il fermerlər tərəfindən 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Oktyabrın 21-dək tədarük məntəqələrinə kondisiya çəkidə 150 min tona yaxın məhsul təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məhsul yığımı prosesinə 447 pambıqyığan kombayn və 3085 traktor yedəyi cəlb olunub. Texnikaların sayı məhsulun 100 faizə yaxınını mexaniki üsulla yığmağa imkan verir. Bu il ölkə üzrə 16 rayonda 100 min hektardan artıq sahədə pambıq əkilib. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad, Bərdə, Salyan, Neftçala və Beyləqan rayonları ərazisində əkilib.
Yığımın optimal müddətdə başa çatacağı proqnozlaşdırılır
Dövlət dəstəyinin genişləndirilməsi fermerlərin pambıq əkininə marağını artırıb. 2022-ci ildə pambıq emalı və tədarükü məntəqələri satın alınan məhsulun hər tonuna görə qiyməti 100 manat artırıblar. Ötən il 1-ci sort pambığın bir tonu 700 manata alınırdısa, bu il qiymət 800 manata qaldırılıb. Aqrar Subsidiya Şurası 2022-ci il pambıq mövsümü üçün yalnız məhsul subsidiyası vermək barədə qərar qəbul edib.
Məhsul subsidiyasının miqdarı hər tona görə 70 manat artırılıb. Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə dövlətdən 170 manat məhsul subsidiyası alacaqlar. Dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi pambıq becərən fermerlərin bu il milyonlarla manat əlavə gəlir əldə etməsinə səbəb olacaq. Çünki məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir. Respublikada pambıq yığımı davam edir. Yığımın optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Ağcabədidə pambıq yığımı
Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, güclü pambıqçılıq ənənələri olan Ağcabədidə bu texniki bitkinin becərilməsinə maraq ildən-ilə artır. Bu il Ağcabədi rayonunda 11 min 838 hektar sahədə pambıq əkini aparılıb. Ağcabədili fermerlər oktyabrın 22-dək sahələrdən 16 min tondan çox pambıq yığaraq tədarük məntəqələrinə təhvil veriblər. Hazırda rayon üzrə orta məhsuldarlıq 14 sentner təşkil edir. Sahələrdə bol məhsul olması səbəbi ilə bu il mövsümün sonunda Ağcabədidə pambıq üzrə orta məhsuldarlığın çox yüksək olacağı gözlənilir.
Bərdədə pambıq yığımı
Respublikanın əsas pambıqçılıq rayonlarından olan Bərdədə pambıq yığımı davam edir. Məhsulun vaxtında və itkisiz tədarük edilməsi üçün əraziyə kifayət sayda pambıqyığan kombayn, traktor və qoşqular cəlb olunub. Bu il rayonun fermerləri 11 min hektardan artıq sahədə pambıq becəriblər. Pambıq yığımına 48 kombayn cəlb olunub. Məhsulun mexanikləşdirilmiş üsulla birinci yığımında bir çox sahələrdən hər hektardan 35-40 sentner məhsul götürülür. Bu günə kimi bərdəli fermerlər pambıq tədarükü məntəqələrinə kondisiya çəkidə 14 min tona yaxın məhsul təhvil veriblər. Rayon üzrə orta məhsuldarlıq 13 sentnerə çatıb. Fermerlər təhvil verdikləri pambığın pulunu bir həftə ərzində alırlar.
Salyanda pambıq yığımı
Bu il Salyan rayonunda 9 min hektardan artıq sahədə pambıq əkilib. Artıq defolyasiya prosesi başa çatmış sahələrdə kütləvi yığım gedir. Fermerlər oktyabrın 18-dək sahələrdən 11 min tona yaxın məhsul yığaraq tədarük məntəqələrinə təhvil veriblər.
Pambıq ixracı azalıb
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 149 milyon 69 min dollar dəyərində 63 min 892 ton pambıq lifi (mahlıc) ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 35,3 faiz, dəyər baxımından isə 1,6 faiz azdır.
Cari ilin 9 ayında 28 milyon 573 min dollar dəyərində 7 min tondan çox pambıq iplik xaricə göndərilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 48,9 faiz, dəyər baxımından 28,6 faiz azdır.
Dünyada pambıq ucuzlaşıb
2022-ci ilin sentyabr ayında pambığın 1 kiloqramının dünya bazar qiyməti əvvəlki ay ilə müqayisədə 4,74 faiz azalaraq 2,61 dollar olub. Pambığın dünya bazar qiymətindəki ümumi artım tendensiyası 2022-ci ilin iyun ayından etibarən azalma ilə əvəz olunub.
Xatırladaq ki, Azərbaycanda 2021-ci ildə pambığın əkin sahəsi 100,6 min hektar olub. Əkin sahəsi 2015-ci ilə nisbətən 5,4 dəfə, 2020-ci ilə nisbətən isə 0,3 faiz artıb. 2021-ci ildə pambıq istehsalı 2015-ci ilə nisbətən 8,1 dəfə artıb, 2020-ci ilə nisbətən isə 14,9 faiz azalaraq 286,7 min ton olub.
Pambığın məhsuldarlığı 2021-ci ildə 28,5 sent/ha olub. Məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 1,5 dəfə artıb, 2020-ci ilə nisbətən isə 15,2 faiz azalıb.
2021-ci ildə ixrac olunan pambıq lifinin 93,3 faizi Türkiyənin, 6,7 faizi İranın payına düşüb.
Xəbər lenti
0