Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan və Gürcüstan liderləri regionda yeni iqtisadi reallığı inamla formalaşdırırlar

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Gürcüstan liderləri
Azərbaycan və Gürcüstan liderləri - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Ekspertlərin fikrincə, Tbilisidəki danışıqların nəticələrinə görə, Əliyev və Qaribaşvili regionda infrastruktur layihələrini kimin idarə etdiyini hər kəsə aydın şəkildə izah edə bildiriblər.
BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı iki ölkənin liderləri ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda yaranmış yeni siyasi reallıqlar şəraitində iki dövlət arasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
Prezident Əliyev və baş nazir Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirərək, eyni zamanda, onun daha da gücləndirilməsinin zəruriliyini qeyd ediblər. Təsadüfi deyil ki, Azərbaycan lideri mətbuata verdiyi açıqlamada ölkələr arasında strateji münasibətlərin faktiki olaraq müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb.
İqtisadi əməkdaşlığın inkişafının əsas istiqamətləri
Azərbaycan və Gürcüstan müstəqilliyin ilk illərindən müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Bu, ilk növbədə, Gürcüstan ərazisindən Azərbaycandan enerji resurslarının ixracını asanlaşdıran infrastruktur layihələrinə aiddir. Bu məqsədlə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkildi. Onlar enerji ixracı üçün yeni tranzit marşrutlarının yaradılması üzrə möhtəşəm layihənin əsasını qoydular və bu layihə hələ də işlənməkdədir.
Bu gün "TANAP" qaz kəməri və "Bakı-Supsa" neft kəməri də Gürcüstan ərazisindən keçir. Eyni zamanda, "TAP" Trans-Adriatik Qaz Boru Kəmərinə qoşulan "TANAP" artıq Azərbaycan qazını Avropa bazarlarına çatdırır. Yaxın vaxtlarda bu marşrut üzrə mavi yanacağın tədarükündə artım gözlənilir ki, bunu Prezident Əliyev də qeyd edib.
Vaxtilə istismar olunan "Bakı-Supsa" neft kəməri hazırda fəaliyyətsizdir. Amma Gürcüstanda danışıqlar zamanı Əliyev bildirib ki, Azərbaycan bu marşrutla neft nəqlini bərpa etmək və "Supsa" terminalından istifadə etmək niyyətindədir.
Uğurla həyata keçirilən digər perspektivli logistika layihəsi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttidir.
İki ölkənin liderləri, həmçinin, regionda Aİ-yə qaz ixracının artırılması və onun həcminin 5 il ərzində ildə 20 milyard kubmetrə çatdırılması, elektrik enerjisi ixracının artırılması, eləcə də qaz ixracının artırılmasını nəzərdə tutan yeni layihələrin həyata keçirilməsini təşviq etmək barədə razılığa gəliblər. BTQ vasitəsilə yükdaşımaların həcminin 5 milyon tona çatdırılacaq. Bundan əlavə, Azərbaycan Bakı Beynəlxalq Dəniz Limanının keçid qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyir.
"Bakı-Tbilisi-Qars marşrutu üzrə yük axınını artırmaq və yüklərin Mərkəzi Asiyadan Avropaya daşınması üçün Gürcüstan limanlarından istifadə etmək ümumi maraqlarımıza uyğundur. Hesab edirik ki, bu potensialı artırmaq imkanımız var. Yeni reallıq yaradılır, biz buna hazır olmalıyıq", - deyə Prezident Əliyev bildirib.
Siyasi gündəmdəki əsas məsələlər
Uzunmüddətli iqtisadi layihələrin həyata keçirilməsi birmənalı olaraq regionda sabit siyasi vəziyyət tələb edir. Bu tezis xüsusilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hələ imzalanmadığı Cənubi Qafqazda aktualdır.

"Biz beş prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi siyasi iradə nümayiş etdirərək beynəlxalq birlik tərəfindən tanınan bu fundamental prinsiplərə əsaslanaraq Azərbaycanla sülh müqaviləsi imzalayacaq", - deyə İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bu müqavilənin imzalanması Cənubi Qafqaza uzunmüddətli sülh gətirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Bundan başqa, Gürcüstanın baş naziri ilə görüşdə Azərbaycanın Gürcüstanın təklif etdiyi və aktual regional məsələlər üzrə üçtərəfli məsləhətləşmələri nəzərdə tutan Bakı-Tbilisi-Yerevan formatını dəstəkləməyə hazır olduğu bildirilib. Hazırda Cənubi Qafqaz ölkələrinə regional gündəmdəki aktual məsələləri kənar müdaxilə olmadan müzakirə edib həll etməyə imkan verə biləcək bu formatın həyata keçirilməsi üçün yalnız rəsmi Yerevanın razılığı lazımdır.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycanlı həmkarı ilə danışıqların yekunları barədə sosial şəbəkələrdə paylaşım edib.

"Biz Gürcüstan və Azərbaycan arasında uzunmüddətli strateji tərəfdaşlığı, perspektivləri və böyük potensialı müzakirə etdik. Bizim ümumi məqsədimiz dostluq, dinc əməkdaşlıq və regionda firavanlıqdır".

Təbii ki, danışıqlar zamanı tərəflər Ukraynadakı vəziyyətin müzakirəsindən də yan keçməyiblər. Onlar məsələlərin danışıqlar masası arxasında sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bildiriblər.
Səfərin əsas nəticələri
Görünən odur ki, bölgədə böyük dəyişikliklər baş verir və bu ərəfədə tərəflər "saatlarını sinxronlaşdırırlar". Heç kimə sirr deyil ki, son vaxtlar Qərb emissarları bura tez-tez gəlirlər və onların hər səfərindən sonra gərginlik daha da artır.
Rusiya Prezidenti Vladimir Putin, Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova artıq bu məsələnin siyasi komponenti barədə birmənalı danışıblar. Onların fikrincə, kollektiv Qərb nümayəndələri regionda sülhü möhkəmləndirməsinə can atmır, əksinə, 2020-ci ilin noyabrında üçtərəfli sazişin imzalanmasından sonra yaradılmış onsuz da kövrək sülhü pozmağa çalışırlar.
Mütəxəssislərin digər hissəsi mümkün dəyişiklikləri bu ölkələrin əraziləri vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması (sonra Qara dənizə çıxır) ideyasını fəal şəkildə irəli sürən Hindistan-İran-Ermənistan alyansının aktivləşməsi ilə əlaqələndirirlər. Bu layihənin iqtisadi məqsədəuyğunluğu adi gözlə görünsə də, alyansa daxil olan ölkələrin onun həyata keçirilməsi istəyini istisna etmək olmaz.
Bu layihənin əsas çatışmazlıqlarından biri Ermənistanda müvafiq nəqliyyat infrastrukturunun olmamasıdır ki, onun yaradılması böyük investisiyalar tələb edir. Digəri isə bu marşrutun son nöqtəsi olan Avropa bazarlarına çıxışı təmin edəcək əlaqənin olmamasıdır. Burada söhbət Hindistanla İranı birləşdirən dəmir yolu marşrutundan gedir ki, o, gələcəkdə Ermənistanda mövcud olmayan xəttlə birləşməli, sonra isə Gürcüstan ərazisindən keçərək Qara dənizə çıxmalıdır.
Ekspertlərin fikrincə, Tbilisidəki danışıqların nəticələrinə görə, Əliyev və Qaribaşvili regionda infrastruktur layihələrini kimin idarə etdiyini hər kəsə aydın şəkildə bildiriblər. Və onların maraqlarını nəzərə almadan hər hansı plan qurmaq məqsədəuyğun deyil.
Eyni zamanda İrəvana siqnal verildi ki, onu gələcək regional inkişafda bərabərhüquqlu iştirakçı kimi qəbul etməyə hazırdırlar. Amma Ermənistanın iqtisadi inkişafına töhfə verə biləcək Cənubi Qafqazda infrastruktur layihələrində tam iştirakın yolu mehriban qonşuluq münasibətlərinin qurulmasından keçir ki, bu da Azərbaycanla sülh müqaviləsi imzalanmadan mümkün deyil.
Xəbər lenti
0