SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçiriləcək

© Depositphotos.com / _ella_Sənədlər, arxiv şəkli
Sənədlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib
BAKI, 20 oktyabr — Sputnik. Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq iş aparılır.
Parlamentdən bildirilib ki, sənədin ictimai-siyasi əhəmiyyətini nəzərə alaraq, yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin oktyabrın 24-də keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib. Yeni qanun layihəsinin hazırlanması prosesində 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilib.
Bu qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Layihəyə əsasən, siyasi partiyaların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilməyəcək.
Layihəyə əsasən, siyasi partiyanın qərargahı Azərbaycan Respublikasında yerləşməlidir. Siyasi partiya fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində həyata keçirə bilər.
Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ yoxdur.
Siyasi partiyalar öz hüquqlarından sui-istifadə etməməlidir.
Siyasi partiyaya üzv olmaq kişi və qadınlar üçün eyni şərtlərlə mümkün olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.
Siyasi partiyanın Nizamnaməsi həmin partiyanın fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.
Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi (bu Qanunla müəyyən edilmiş hərəkətlər istisna olmaqla), o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirak qadağandır.
Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsi, o cümlədən qərarların qəbul edilməsi və ya sənədlərin imzalanması da qadağan edilir.
Xəbər lenti
0