Bu gün "işıqlı" insanların günüdür - Azərbaycanda son vəziyyət - VİDEO
© Sputnik / Rahim MuradovElektrik yarımstansiyası, arxiv şəkli
© Sputnik / Rahim Muradov
Abunə olmaq
Energetika naziri bildirib ki, hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7953,9 MVt-a çatıb.
BAKI, 20 oktyabr — Sputnik. Bu gün 20 Oktyabr - Energetiklər Günüdür. Ölkəmizdə bu günün tarixi ötən əsrin 80-ci illərinin əvvəllərindən başlayır. Sputnik Azərbaycan bu əlamətdar günün qəhrəmanlarından biri olan, uzun müddət nazirliyin energetika şöbəsinin müdiri işləyən, qurumun nəzdindəki "Alternativ enerji" Məhdud Məsuliyyətli Cəmiyyətdə məsləhətçi energetik Tahir Cəfərovu yad edib.
İşin çətinliyindən danışan T.Cəfərovun sözlərinə görə, əsas çətinlik sıravi elektrik-çilingərlərin üzərindədir:
"Hansısa qəza baş verdikdə də əsas yük onların çiyinlərinə düşür, günün hansı saatı, ilin hansı fəsli olmasından, havanın isti-soyuq, küləkli, yaxud yağışlı keçməsindən asılı olmayaraq bu insanlar əlli metr hündürlüyə qalxırlar. Biz isə işə ümumi nəzarəti həyata keçiririk. Bizim də işimizin özünə görə çətinliyi var".
Təbiətdən gələn işıq
Həmsöhbətimiz deyib ki, on ildən artıqdır ki, Azərbaycanda alternativ enerji mənbələrini elektrik enerjisinə çevirməklə məşğuldurlar və ilbəil bu istehsalı artırmağa çalışırlar:
"Qarabağda da yaşıl enerjiyə üstünlük veriləcək, işğaldan azad olunan torpaqlarda 230 meqavatlıq Günəş elektrik stansiyasının inşası, 100 meqavatlıq külək parkının quraşdırılması planlaşdırılır.
Yeni Yaşmada 50 meqavatlıq külək stansiyası qurulub. Orada 7-8 milyon manatlıq elektrik enerjisi istehsal edilir.
Energetik deyir ki, strategiyamızı bərk məişət tullantılarının yandırılmasına yönəltməliyik:
"Hər evdən gün ərzində iki-üç kiloqram bərk məişət tullantısı çıxır. Elektrik üzrə iki milyon abonent varsa, bu, təxminən altı-yeddi min ton yanacaq deməkdir. Bu tullantılar aşağı kalorili yanacaq olsa da, böyük xərclər olmadan elektrik enerjisinin əldə olunmasına imkan verir. Balaxanıda olan stansiyalarda Bakının bərk məişət tullantıları yığılaraq yandırılır. Digər iri şəhərlərdə də bu işlər görülməlidir. Çünki hər rayonun özünün 10-20 hektarlıq zibillik sahələri var ki, oradan keçmək mümkün deyil".
Azərbaycanda energetika sahəsində vəziyyət necədir?
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirir ki, hazırda Azərbaycan enerji böhranı yaşamır, enerji müstəqilliyi tam təmin edilib. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Bir il ərzində yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7953,9 MVt-a çatıb ki, bu da ötən illə müqayisədə 392,4 MVt və ya 4,9% artım deməkdir. Elektroenergetika sistemində ümumi gücü 6642 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 MVt olan 30 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5%-ni təşkil edir.
Hazırda ümumi gücü 28619 MVA olan 110-500 kV-luq 240 yarımstansiya istismardadır.
Ötən il Azərbaycanda 27,8 mlrd. kVt·st istehsal, 1,67 mlrd. kVt·st ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2021-ci ildə 23,4 mlrd. kVt·st elektrik enerjisi istehlak edilib. Bu ilin 9 ayı ərzində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 807 mln. kVt·st artımla 21,5 mlrd. kVt·st, ixracı isə 775,5 mln. kVt·st artaraq 1,8 mlrd. kVt·st təşkil edib. Türkiyəyə 940,5 mln. kVt·st, Gürcüstana 694,1 mln. kVt·st, İrana 95,6 mln. kVt·st, Rusiyaya 75,6 mln. kVt·st elektrik enerjisi ixrac edilib. Elektrik enerjisinin idxalı isə bu dövrdə azalaraq 104,9 mln. kVt·st olub.
© Sputnik / Ilham MustafayevMingəçevir SES
Mingəçevir SES
© Sputnik / Ilham Mustafayev
Proqnoz nədir?
İlin sonuna və qarşıdakı illərdə elektrik enerjisinin istehsalında əhəmiyyətli həcmlərdə artım gözlənilir. Belə ki, 2022-ci ilin sonuna 28,5 milyard kVt·st, 2023-cü ildə 29,9 milyard kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq.
Potensial nə qədərdir?
Azərbaycanın quruda 26 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı var. Azad edilmiş ərazilərdə - Qarabağ və Zəngəzurda isə külək, günəş və hidroenerji potensialı 10 qiqavatdan çoxdur. Bu potensialdan yararlanmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 2026-cı ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaq hədəfi çərçivəsində bu ilin yanvar-mart aylarında Azərbaycanın enerji tarixində ilk dəfə olaraq xarici investisiya əsaslı külək və günəş elektrik stansiyalarının təməli qoyuldu. Ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə Xızı-Abşeron” KES və 230 MVt gücündə “Qaradağ” GES layihələri üzrə hazırda işlər davam etdirilir. Ölkəmizdə energetika sahəsində xarici investisiya əsaslı ilk layihlər çərçivəsində tikiləcək bu stansiyaların istismara verilməsi nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir.
Hazırda BP şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 mln. kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası üzrə danışıqlar gedir. Mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, stansiyanın 2023-cü ildə inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir. Bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi planlaşdırılır. Bu model elektrik enerjisinin istehsalı və istehlakı üzrə “Şəfəq Layihəsi” və Səngəçal terminalı arasında bütün tərəflər üçün mənfəətli, eyni zamanda dekarbonizasiyaya töhfə verəcək mexanizmi özündə əks etdirir. Başqa sözlə, Qarabağda istehsal ediləcək “yaşıl enerji” Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək.
Beləliklə, bərpa olunan enerji növlərinin Azərbaycanda xarici investisiya hesabına inkişafı artıq reallıqdır. 710 meqavatlıq bu layihələrdən əlavə bu il biz xarici investor “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı tarixi razılaşmalar əldə etdik. 10 qiqavatlıq bu bərpa olunan enerji istehsal gücləri nəinki miqyasına, həm də on milyardlarla dollar “yaşıl” investisiya vəd etdiyinə görə regionda bir ilkdir. Həmçinin bu layihələrin əvvəlcə 2 QVt-ı, daha sonra 4 QVt-ı Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi və hidrogenin istehsalını nəzərdə tutur ki, bu da Azərbaycanda ilk belə yenilikdir. Daha aydın təsəvvür yaratmaq üçün deyə bilərik ki, bu layihələr mövcud ümumi istehsal güclərindən 2756 MVt-dan çoxdur, bərpa olunan enerji güclərinin isə təqribən 8 qatına bərabərdir. Bu meqa layihələr Azərbaycan Prezidentinin “yaşıl” enerji kursuna qısa müddətdə beynəlxalq marağın göstəricisi, ölkəmizin investorlar üçün cəlbediciliyinin nümayişi, enerji sistemimizə böyük töhfədir. Bu meqa güclərin yaradılması Azərbaycanın enerji sisteminin bərpa olunan enerjiyə transformasiyası, “yaşıl enerji” üzrə hədəflərini yeniləməsi, eləcə də bu enerji növü üzrə ixracatçıya çevrilməsi üçün həlledici əhəmiyyət daşıyır.
© AFP 2024 / JEAN-FRANCOIS MONIERGünəş panelləri, arxiv şəkli
Günəş panelləri, arxiv şəkli
© AFP 2024 / JEAN-FRANCOIS MONIER
Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı “yaşıl enerji” zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür. Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də “yaşıl” enerji istehsalı və ixracının mənbələri qismindədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Burada kiçik su elektrik stansiyalarının bərpası, Laçın-Kəlbəcərdə külək elektrik stansiyasının inşasına da xarici investisiyanın cəlbi başlıca prioritetlərdəndir. Bu ərazilərdə ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparılır. Hazırda ümumi gücü 26,9 MVt olan 5 kiçik su elektrik stansiyasının (“Çıraq-1”, “Çıraq-2”, “Qamışlı”, “Meydan” və “Soyuqbulaq”) tikintisi üzrə işlər həyata keçirilir. Bununla yanaşı, sülhməramlıların müvəqqəti nəzarətində olan Laçın şəhərinin və kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması nəticəsində ümumi gücü 6,5 MVt olan iki su elektrik stansiyasında da bərpa işləri mümkün olub. Beləliklə, iki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır.
Bundan əlavə, Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi və istismarı üzrə işlər davam etdirilir. Hazırda hər iki hidroqovşağa aid bəndlərin tikintisi başa çatıb. Su elektrik stansiyalarının beynəlxalq tenderlər keçirilməklə tikintisi nəzərdə tutulur. Bu layihələrin istismara verilməsi təkcə Azərbaycana illik 358 mln. kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.
Ölkədə hazırda qoyuluş gücü ümumilikdə 220 MVt-dan çox olan SES və KSES-lərin tikintisi və bərpası çərçivəsində 36 MVt gücündə “Ordubad” SES-in isə su tənzimləyici qurğusunun Azərbaycan tərəfinə aid hissəsində tikinti işləri tamamlanıb. Ümumilikdə layihə üzrə tikinti işlərinin 60%-i başa çatıb.
“Böyükşor”da vəziyyət
Bundan əlavə, “Böyükşor” gölündə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində 100 kVt (95 kVt suda, 5 kVt quruda) gücündə üzən günəş elektrik stansiyasının inşası yekunlaşır. Həmçinin “Böyükşor” gölündə 50 MVt gücündə üzən fotovoltaik stansiyanın quraşdırılması, gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi imkanları araşdırılır.
Hansı ölkələrlə razılıqlar əldə olunub?
Naxçıvandan Türkiyəyə 75 MVt gücündə elektrik enerjisi ixracı ilə bağlı iki ölkə arasında müvafiq razılaşmalar əldə edilib, bu prosesin həyata keçirilməsi üçün ENTSO-dan müvafiq icazələr alınıb. Eyni zamanda, Zəngəzur dəhlizi ilə Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi üzrə də tədbirlər görülür.
Bu istiqamətdə “Cəbrayıl” enerji qovşağının yaradılması ölkəmizin ixrac potensialının gücləndirilməsinə mühüm təsir göstərəcək addımdır. Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlverişli çıxış əldə etmək, 1000 meqavat yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvanı ölkəmizin ümumi enerji sisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisisteminə inteqrasiyasını həyata keçirmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi strateji əhəmiyyətli hadisədir.
Bu layihə çərçivəsində birinci mərhələdə istismar müddəti başa çatan və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq “Ağcabədi” və “İmişli” yarımstansiyaları genişləndirilərək tamamilə yenidən qurulacaq. Hazırda bu yarımstansiyalardan Cəbrayıla yüksəkgərginlikli 330 kilovoltluq ötürmə xətti çəkilir və “Cəbrayıl” qovşaq yarımstansiyası tikilir. İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” qovşaq yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə Naxçıvan ərazisində 255 kilometr məsafədə ikidövrəli 330 kilovoltluq ötürmə xətti çəkiləcək və 330 kilovoltluq yarımstansiya tikiləcək. Üçüncü mərhələdə isə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün Avropa enerji standartlarına uyğun əlavə çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə ikidövrəli 400 kilovoltluq elektrik verilişi xətti çəkiləcək.
İkinci xətt isə Gürcüstan-Türkiyə üzərindən nəzərdən keçirilir ki, elektrik enerjisinin ötürülmə imkanlarının artırılması üçün ilin sonunadək Azərbaycan və Gürcüstan arasında yeni ikidövrəli 330 kVt-luq “Qardabani” EVX-nin istismara verilməsi, 2025-ci ilədək Azərbaycan-Gürcüstan-Türkiyə sərhədinədək yeni 500 kV-luq xəttin tikintisi və çevirici yarımstansiyanın genişləndirilməsi ilə əlavə 700 MVt ötürmə imkanının yaradılması planlaşdırılır. Bununla da, elektrik enerjisinin Gürcüstana ötürülən həcmi 1400 MVt, Türkiyəyə ötürülən həcmi isə 1050 MVt təşkil edəcək.
İxrac potensialı
Avropaya ixrac istiqamətində perspektivli və Avropa İttifaqının dəstəklədiyi layihələrdən biri Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsidir. Layihə üzrə Gürcüstanla Rumıniya arasında enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xətti və rəqəmsal qoşulma kabelinin quraşdırılması, bu məqsədlə Dünya Bankının maliyyə dəstəyi ilə 2023-cü ilin sonuna qədər Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması nəzərdə tutulur. Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli əməkdaşlıq formatının yaradılması müzakirə edilir. Bu layihə “yaşıl enerji” dəhlizinə çevrilməklə, Azərbaycanın elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək imkanlarına malikdir. Beləliklə, ölkəmizin Avropanın enerji təminatını bu dəfə “yaşıl enerji” vasitəsilə şaxələndirməsi üçün perspektivləri böyükdür.
“Enerji Effektivliyi Fondu” yaradıla bilər
Bununla yanaşı, Energetika Nazirliyinin tabeliyində “Enerji Effektivliyi Fondu”nun yaradılması planlaşdırılır. Bununla bağlı nazirlik tərəfindən Fondun Nizamnaməsinin, Fondun vəsaitlərinin formalaşdırılması və istifadəsini ehtiva edən qayda layihələri də hazırlanıb.
Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanın elektroenergetika sektorunda fəaliyyət göstərən elektrik stansiyalarında səmərəliliyin artırılması və karbon emissiyalarının azaldılması məqsədilə “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Bakıda yeni elektrik yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında
Prezident İlham Əliyev Bakıda yeni elektrik yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında
Hədəflər
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş prioritetdən biri kimi müəyyənləşdirilmiş və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda çox mühüm tədbirlər təsbit edilib.
Azərbaycan 2050-ci ildə istixana qazı emissiyalarını 40% azaltmaq üçün yeni hədəflərə doğru addımlayır.
Qlobal enerji keçidinin hərəkətverici qüvvələrindən və atmosferə atılan tullantıların azaldılmasının əsas vasitələrindən biri məhz enerji səmərəliliyidir ki, bu sahə də sosial-iqtisadi inkişafımızın başlıca prioritetlərindəndir. Hazırda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanundan irəli gələn alt qanunvericilik aktlarının qəbul edilməsi işləri aparılır. Artıq “Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarlar”, “Enerji menecment sisteminə dair tələblər” və “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi qaydası” təsdiq edilib.
Həmçinin enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üçün etiketləmə qaydaları və ekodizayn tələbələrini, habelə binaların enerji effektivliyi üzrə pasportlaşdırılması və minimum enerji effektivliyi normalarını ehtiva edən normativ-hüquqi akt layihələrinin hazırlanmasına Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda enerji səmərəliliyinin artırılmasına dəstək” layihəsi çərçivəsində beynəlxalq ekspertlər cəlb edilib.