CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda Ombudsmanın səlahiyyətləri genişləndirilir

© Photo : Ombudsman's Office of AzerbaijanAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
Parlamentdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi məsələsinə baxılıb.
BAKI, 18 oktyabr - Sputnik. Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi məsələsinə baxılıb.
Milli Məclis sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilib. Hər il İnsan hüquqları üzrə müvəkkil parlamentdə məruzə ilə çıxış edir, digər hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edir, bununla yanaşı, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir. O, ötən müddət ərzində bir sıra qanunların qəbul edildiyini və İnsan hüquqları üzrə müvəkkilin səlahiyyətlərinin geninşləndirildiyini söyləyib.
Əli Hüseynli diqqətə çatdırıb ki, bu gün müzakirəyə çıxarılan qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub. Bu layihəyə əsasən, ombudsmanın səlahiyyətləri bir qədər də genişləndirilir.
Qeyd olunub ki, ölkədə həyata keçirilən hüquqi islahatlar kontekstində bu Konstitusiya Qanununa da dəyişiklik edilməsi zərurəti yaranıb.
Diqqətə çatdırılıb ki, sənəddə həm dövlət maraqları baxımından, həm də ombudsman təsisatının səlahiyyətlərinin genişləndirilməsi, dövlət qurumları ilə münasibətlərinin tənzimlənməsi nöqteyi-nəzərindən çox əhəmiyyətli dəyişikliklər təklif olunur. Bununla yanaşı, Konstitusiya qanununa “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın, “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının tətbiqini nəzərdə tutan müddəalar da təklif olunur ki, bu da beynəlxalq təşkilatların verdiyini tövsiyələrin icrası baxımından önəmlidir.
Bildirilib ki, sənəd insan hüquq və azadlıqları sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərinə xidmət etməklə, Müvəkkilin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, beynəlxalq hüquqi sənədlərin implementasiyasına, beynəlxalq təşkilatların tövsiyələrinin icra edilməsinə və müsbət beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, bununla da həm ölkəmizin həm də təsisatın beynəlxalq nüfuzunun artırılmasına öz töhfəsini verəcək.
Vurğulanıb ki, Konstitusiya Qanununa təklif edilən dəyişikliklər Müvəkkilin Konstitusion səlahiyyətlərinin icrasındakı mövcud praktiki çətinliklərin aradan qaldırılmasına, pozulmuş hüquq və azadlıqların daha operativ və effektiv qaydada bərpa olunmasına xidmət edəcək.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Xəbər lenti
0