Gəncə terrorunun körpə simaları - FOTOLAR da danışır
08:45 17.10.2022 (Yenilənib: 10:18 17.10.2022)
© Photo : courtesy of Nizami Agayev Xədicə Şahnəzərli
© Photo : courtesy of Nizami Agayev
Abunə olmaq
Bir raket zərbəsi ilə külə dönən evlər, insan taleləri - Gəncə terrorunun körpə simalarını yad edirik
BAKI, 17 oktyabr — Sputnik. Qanlı körpə simalar, nəfəssiz, hərəkətsiz, param-parça olmuş körpə cəsədlər. Müharibəni, dəhşəti, vəhşəti göstərə biləcək ən dəhşətli sima elə körpə simasıdır.
İki il öncə mənfur erməni vandallarının Gəncədə törətdiyi terrorun qurbanları sırasında körpələr də var.
Sputnik Azərbaycan olaraq onların ailə üzvləri ilə danışıb, bu gün onları da yad etdik.
Bir gün sonra ad gününü qeyd edəcəkdi
Gəncə terrorunun qurbanı olan Nigar Əsgərova ananın tək övladı, tək dirəyi idi. Övladı dünyaya gəldikdən sonra boşanan Südabə Əsgərova qızının bütün yükünü çiynində tək gəzdirib. Ana Südabə Əsgərova Sputnik Azərbaycan-a qızı haqda danışır. Deyir ki, oktyabrın 18-də ad gününə hazırlaşan Nigar bir gün öncə erməni terrorunun qurbanına çevrilir: "Oktyabrın 16-da əmisigilə getmişdi, həmin günü orda qalmadı ki, qayıdıb rəfiqələri ilə ad gününü qeyd etsin. Artıq rəfiqələri ilə ad gününü harada qeyd edəcəyini də dəqiqləşdirmişdi".
"Nigarı nə qədər kasıbçılıqla böyütsəm də, hər il ad günündə süfrəmiz dolu olardı. Nigar çox ruzili uşaq idi", - ana əlavə edir.
© Photo : courtesy of Sudaba Asgerova Nigar Əsgərova anası ilə birgə
Nigar Əsgərova anası ilə birgə
© Photo : courtesy of Sudaba Asgerova
Hadisə baş verən günü isə anası Rusiyada olub. O bir ildən artıq idi ki, övladını görməyə gələ bilmirdi: "Pandemiya dövrü idi deyə Nigarı 1 il 3 ay idi ki, Nigarı görmürdüm. Hər gün sosial şəbəkə vasitəsilə görüntülü danışırdıq. Ad günündən qabaq da danışanda demişdi ki, "kartıma pul at, rəfiqələrimlə yığışıb bu günü qeyd edim". Onun kartına pul yollamışdım. Heç o kartdan pulu çəkmək də ona qismət olmayıb".
Ana qızını nənəsinin yanında qoyub Rusiyaya gedibmiş: "Restoranların birində aşpaz işləyirdim. Hadisədən bir neçə saat öncə, Rusiya vaxtı ilə axşam saat 11-də işdə ikən Nigarla görüntülü danışmışdım. Onun üçün çox darıxdığımdan, ikinci dəfədir ki, ad günündə ola bilmədiyimdən kövrəlib ağlamışdım. Nigar isə ağladığımı görüb mənə təsəlli verirdi, deyirdi ki, "ağlama, incmirəm, sən məni böyütmək üçün Rusiyaya getmisən". Sonuncu danışığımızda belə planlaşdırdıq ki, bacım qızı Narinin ad gününə gələrəm".
Nigarla danışdıqdan təxminən bir saat sonra işdən çıxan ananın ürəyi sıxılmağa başlayır, evədək yolu piyada gedir ki, bəlkə bir qədər yaxşılaşar, ürək döyüntüləri səngiyər. Gecə yarısı aldığı bəd xəbər isə ona ürəyinə daman bu bədbinliyin nə olduğunu agah edir, bilet tapmaq üçün hava limanına üz tutur. Türkiyəyə gələrək oradan ölkəyə qayıdan Südabə xanım öncə qızının sağ olduğunu zənn edir. Sosial şəbəkədə arxa fondan bir qızın ağlayaraq təcili yardım maşınına mindiyini görür, onun Nigar olduğunu zənn edir. Gəncəyə çatanda isə artıq qızının, bacısının və onun yeganə körpəsi olan 10 aylıq Narinin torpağa basdırıldığını eşidir. Bir anda həyat onun üçün ağ-qaraya boyanır, həyatda hər kəsdən əziz olan insanlar artıq torpağın altında uyuyurdu.
© Photo : courtesy of Sudaba Asgerova Nigar Əsgərova
Nigar Əsgərova
© Photo : courtesy of Sudaba Asgerova
Qızının doğum günündə Gəncəyə çatan Südabə xanım deyir ki, o hər zaman olduğu kimi bu dəfə də ad günündə tort kəsib. Amma həmişəkindən fərqli olaraq bu dəfə göz yaşları ilə övladının tortunu kəsib onun yasında gələnlərə paylayıb:
"Gözləmədiyim vaxtda, elə Nigarın ad günündə gəldim, ənənəmə sadiq qalıb yas günü - ayın 18-də tort alıb məclisində kəsib payladım. Hər il olduğu kimi ölümündən sonra da bu ənənəyə sadiq qaldım. Bu il də ənənəyə sadiq qalacağam".
İndi onu ən çox yandıran "kaş ki"lərdir. Övladının gələcəyini qurmaq üçün hər bir əziyyətə dözən, Rusiyaya iş dalınca gedən ana düşünür ki, bəlkə də qızının yanında olsa idi, belə olmazdı, bəlkə də onu xilas edə də bilərdi: "Hərdən öz-özümə deyirəm ki, pulu düşünüb qızımın yanına gələ bilmədim. Rusiyaya gedib işləyirdim ki, Nigarla birgə qalmaq üçün özümüzə ayrıca ev alaq. Bunadək də qardaşım gillə birgə qalırdıq. Onun da uşaqları böyüyürdü. Ev alaq deyə Rusiyada işləyirdim. Həm də qızımı oxutmalı idim. Ailə quracağı günə qədər düşünürdüm ki, onun heç nəyi əskik olmasın. Atasız olsa da, heç zaman onu əskik geyindirib, əskik yedirtməmişəm".
© Photo : courtesy of Sudaba AsgerovaNigar Əsgərova
Nigar Əsgərova
© Photo : courtesy of Sudaba Asgerova
Ananı həyatda yaşadan tək səbəb isə yuxularıdır: "Mən demək olar ki, yuxularda yaşayıram. İki gündən bir qızımı yuxuda görürəm. İki dünyada yaşadığım üçün şükür edirəm. Yuxularımda tez-tez qızımla, bacımla birgə oluruq. Bu yuxulardan heç ayılmaq da istəmirəm. Hərdən yuxudan Nigarın gülüş səsinə ayılıram".
"Qızım yuxuda mənə deyir ki, "ana sən işləmə, mənim həlak olmağıma görə verilən pulu yığ, özümüzə ev alaq". O həmişə arzulayırdı ki, özünün çəhrayı rəngdə otağı olsun. Stilist olmaq istəyirdi, deyirdi ki, ana mən məşhur olacağam, sən mənimlə fəxr edəcəksən, heç nəyə ehtiyacın olmayacaq, ölənəcən sənə baxacağam. Nigardan sonra heç nəyə həvəsim qalmayıb. Bundan sonra evim olsa da, heç nə dəyişməyəcək. Hər şeyin dəyəri itib", - deyə Südabə ana əlavə edir.
Məktəblərin birində süpürgəçi işləyən ana imkansızlıqdan hələlik ki, qızının yuxusunda ondan istədiyi arzusunu da reallaşdıra bilmir.
Terrorun ən körpə qurbanı
Bu terrorun ən körpə qurbanı isə Narin Əsgərova idi. Ailəsinin ilk övladı olan Narin 5 il sonra dünyaya göz açıb. Yenicə ayaq açıb yeriyəcəkdi, təzə-təzə bir neçə sözü qığıldadıb deyirdi, qığıltısı, gülüşü bütün evə yayılırdı ki, qəfil atılan raket ətrafdakı bu şən səsə son qoydu, hər yeri sküuta qərq etdi. Evlər kimi talelər də dağıldı.
Südabə xanım deyir ki, Narin dekabrın 17-də dünyaya gəlmişdi, elə dünyadan köçdüyü gün də 17-si idi.
Lakin Gəncə terroru tək bu ailələrin də dramı ilə bitmir. Daha bir ailə bu dəhşətli terorrun qurbanı oldu. Elə digər həmsöhbətimiz Nizami Ağayevin ailəsi kimi...
Qızını, kürəkəni və nəvəsini morqda tapan atanın da bir başqa dramı var
1 yaşlı Mədinə Şahnəzərova da Gəncə terrorunun qurbanıdır. Mədinənin babası Nizami Ağayev həmin günləri belə xatırlayır: "Biz qonşu rayonda - Samuxda qalırdıq. Kafirlərin atdıqları raketin səsi bütün Azərbaycanda eşidildi. Arada 18 kilometr məsafə var idi, səs bizim kənddə də eşidilirdi. Qızım Züleyxagilə zəng etdik, telefonlarına zəng çatmadı. Dedik ki, yəqin nəsə şəbəkədə problem var. Gəncəyə çatanda gördüm ki, hər yer toz-dumandır. Xəstəxanaya gedəndə Xədicəni tapdıq. O birilərdən isə xəbər-ətər yox idi. Gecə ilə başqa xəstəxanaları da gəzdik. Morqa ikinci dəfə gedəndə artıq qızım, kürəkənim və nəvəm orda idi. Allah sadəcə olaraq Xədicəni bizə bağışladı, yadigar qoydu".
Babası deyir ki, Mədinə yenicə dil açmaq istəyirdi, yıxıl-yıxıla təzəcə ilk qədəmlərini atmaq istəyirdi ki, bir raket zərbəsi o əbədi olaraq bu dünyaya gözlərini yumdu.
Gözlərinə dolan qumla müharibəni xatırlayan körpə
Mədinənin bacısı 5 yaşlı Xədicə bu terrordan sağ qurtulub. Bir gecədə anası, atası və bacısını itirən Xədicə həmin anları xatırlayır: "Xədicə deyir ki, yadımdadır anam yanımda idi, ermənilər bomba atdı, mənim gözümə qum doldu, anam-bacım öldü. Amma çox vaxt danışıb qanımızı qaraltmaq istəmir. O terror qurbanlarının şəkillərini görəndə mənə deyir ki, gözünü bağla, baxma".
Nəvəsi qədər babası da ona həssas yanaşır: "Xədicə bağçaya gedən vaxtlarda çalışırdım ki, o biri uşaqların anası gəlmədən gedib onu götürüm. İstəmirdi ki, o yoldaşlarını anaları ilə görüb kövrəlsin... Böyük adam da barmağı ağrayanda ana deyir. Körpə nə etsin?! Bir şey olanda da ana deyib sızlayır".
© Photo : courtesy of Nizami Agayev
Xədicə anasının məzarı üstündə
1/2
© Photo : courtesy of Nizami Agayev
Xədicə anasının məzarı üstündə
© Photo : courtesy of Nizami Agayev
Xədicə atasının məzarı üstündə
2/2
© Photo : courtesy of Nizami Agayev
Xədicə atasının məzarı üstündə
1/2
© Photo : courtesy of Nizami Agayev
Xədicə anasının məzarı üstündə
2/2
© Photo : courtesy of Nizami Agayev
Xədicə atasının məzarı üstündə
Xədicə bu hadisənin olacağını öncədən necəsə hiss edibmiş. Bir neçə gün əvvəl yuxuda ermənilərin onun atasını öldürdüyünü görüb nənəsinə bu haqda dnaışmışdı. Nənəsi isə bunun sadəcə, bir yuxu olduğunu deyib.
Növbəti ailə dramı, faciəsi haqda isə Ramin Qəhrəmanov Sputnik Azərbaycan-a danışır. Bu terrorda o qızı Ləmanı, bacısı Xatirəni və onun iki övladlarını itirib.
© Photo : courtesy of Ramin QahramanovGəncə terrorunun qurbanı Ləman
Gəncə terrorunun qurbanı Ləman
© Photo : courtesy of Ramin Qahramanov
Ramin Qəhrəmanovun bacısı övladları - Məryəmin 7, Orxanın isə 10 yaşı olub. Həmsöhbətimizin qızının isə 18 yaşı təzəcə tamam olmuşdu, ali məktəbə qəbul olunmuşdu: "Hadisə baş verən günü Gəncədə deyildim. Qohumlar mənə evimizə raket düşdüyünü dedi. Özüm də bilmirdim ki, nə vəziyyətdə idim, necə gəlib Gəncəyə çatmışdım. Çatanda gördüm ki, artıq evimiz kül olub, yoxdur. Əşyarımızdan belə əsər-əlamət qalmamışdı. Cəsədlərə baxa bilmirdim, uşaqlar yox vəziyyətində, param-parça idi".
© Photo : courtesy of Ramin QahramanovOrxan və Məryəmin anası Xatirə Qəhrəmanova
Orxan və Məryəmin anası Xatirə Qəhrəmanova
© Photo : courtesy of Ramin Qahramanov
2007-ci ildə Rusiyada doğulan, Rusiya vətəndaşı Artur Mayakovun əmisi, bibisi isə bir sıra bəlli səbəblərə görə ümumiyyətlə danışmaq istəmədiklərini bildiriblər.
17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı Mayakov Artur Vasilyeviç (Ramiz oğlu) həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.