Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

"Rüşvət alan müəllimə töhmət yox, cəza verilməlidir" - ekspertlərin tələbi

© Sputnik / Murad OrujovManatı gizlədən şəxs, arxiv şəkli
Manatı gizlədən şəxs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.10.2022
Abunə olmaq
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil üzrə ekspert Nadir İsrafilovun fikrincə, rüşvət almaq cinayətdir və müəllimlər buna görə cəzalandırılmalıdır.
BAKI, 16 oktyabr — Sputnik. Şagirdlərdən rüşvət tələb etdiyi barədə səs yazıları yayılan müəllimlərin töhmətlə cəzalandırılması birmənalı qarşılanmır. Ekspertlər bildirir ki, ciddi cəzalandırma metodunun olmaması bu cür halların təkrarlanmasına səbəb olur. Bəs görəsən məktəblərdə rüşvətin qarşısının alınması üçün məktəb direktorları və müəllimlərə hansı cəzalar verilməlidir?
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil üzrə ekspert Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə belə halların təkrarlanma səbəbi məhz rüşvət alan şəxslərə qarşı ciddi cəzanın verilməməsidir. Onun fikrincə, rüşvət alan müəllimə və direktora töhmət verməklə kifayətlənmək olmaz!
"Rüşvət cinayət tərkibi yaradır. Ona görə istintaq orqanları bu faktı ciddi araşdırılmalı və günahkarı cəzalandırılmalıdır. Məhkəmə qərarından sonra rüşvət alan müəllim və direktorlar işdən kənarlaşdırılmalıdır", - N.İsrafilov deyib.
Ekspert bildirir ki, sovet dövründə hədiyyəsi müəllim tərəfindən qəbul edilən valideyn sevinirdi: "Həmin dövrdə müəllimə verilən ən bahalı hədiyyə açıqca və qiyməti iki manata olan ətir olardı. Müəllim verilən hədiyyəni götürəndə valideyn sevinirdi. Çox təəssüf ki, hazırda rüşvəti bəzi müəllimlər öz dilləri ilə tələb edirlər".
N.İsrafilov deyir ki, o vaxtlar müəllim adı yüksək tutulur, müəllimə töhmətin verilməsi kollegiyada müzakirə olunaraq qərar çıxarılırdı: "Kollegiyanın bu qərarı mətbuatda dərc olunurdu. Hər bir müəllim görüb bundan nəticə çıxarırdı. Çox təəssüf ki, indi müəllimlərə töhmət verilməklə işin üstündən keçirlər. Amma rüşvət alan müəllim, direktor ciddi cəzalandırılmalıdır. Onun bu əməli sübut edilməli, barəsində hüquqi müstəvidə cəza kəsilməlidir ki, digərlərinə də dərs olsun".
N. İsrafilovun sözlərinə görə, rüşvət alan müəllimi, direktoru məktəbdə saxlamaq da düzgün deyil. Bu zaman digərlərində arxayınlıq yaranır və bu cür əməllər təkrarlanır.
Elm və Təhsil Nazirliyindən isə təhsil müəssisələrində baş verən bu arzuolunmaz halların cəzasıq qalmadığını, əksər hallarda işdən uzaqlaşdırma ilə nəticələndiyini söylədilər. Bildirdilər ki, bu kimi hallar prokurorluq orqanları tərəfindən araşdırılır, hüquqi qiymət verildikdən sonra bu əməli törədənlər işdən kənarlaşdırılır.
Qeyd edək ki, bir müddət öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsi 189-190 nömrəli tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılmasını əks etdirən səs yazısı yayılmışdı. Bundan öncə isə Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 saylı tam orta məktəbin sabiq direktoru Samirə Əkbərovanın qanunsuz əməlləri barədə cinayət işi açılmışdı.
Bu günlərdə isə "Müəllimlər günü" ilə bağlı valideynlərdən pul tələb edən müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, İdarəyə A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli məktəbin ingilis dili müəllimi Şahgəldiyeva Gülnarə tərəfindən valideynlər qrupuna səs mesajı göndərərək "Müəllimlər günü" münasibəti ilə pul tələb etməsi barədə məlumat daxil olub.
"Məsələ ilə bağlı araşdırma aparılıb, müəllimin izahatı alınıb. Araşdırmanın yekun nəticəsi olaraq bildiririk ki, A. Müzəffərov adına Saray 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi vəzifəsində çalışan Şahgəldiyeva Gülnarə Səməd qızı müəllimlərin etik davranış qaydalarını ciddi şəkildə pozub, valideynlərlə işgüzar münasibətlərə aid olmayan və müəllimə yaraşmayan ünsiyyət yaradıb. Müəllimlərin etik davranış qaydalarını və AR Əmək Məcəlləsinin 186.2 maddəsini nəzərə alaraq, məktəbin müəllimi Şahgəldiyeva Gülnarə Səməd qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib" - deyə qeyd olunub.
Xəbər lenti
0