CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM Dövlət qulluğuna qəbul imtahanlarının vaxtlarını açıqladı

© Photo : State Examination Center of the Republic of AzerbaijanTest imtahanı, arxiv şəkli
Test imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 523, BB qrupu üzrə 1460 olmaqla, ümumilikdə 1983 namizəd qeydiyyatdan keçib.
BAKI, 13 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il oktyabrın 16-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.
DİM-dən bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 523, BB qrupu üzrə 1460 olmaqla, ümumilikdə 1983 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 22 imtahan rəhbəri, 177 nəzarətçi‑müəllim, 17 buraxılış rejimi əməkdaşı ayrılıb.
Bundan əlavə, Dövlət İmtahan Mərkəzi tərəfindən 13 noyabrda inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı bu gün saat 11:00-dan 10 noyabr saat 23:59-dək aparılacaq.
İmtahan kompüter vasitəsilə keçiriləcək. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı).
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Xəbər lenti
0