SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Astanada Azərbaycan və İran prezidentlərinin görüşü olub

© Official website of President of Azerbaijan RepublicAstanada Azərbaycan və İran prezidentlərinin görüşü olub
Astanada Azərbaycan və İran prezidentlərinin görüşü olub - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Bir müddət əvvəl İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Report"a müsahibəsində deyib ki, Prezident İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri planlaşdırılır.
BAKI, 13 oktyabr — Sputnik. Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
Görüşdən məmnunluğunu ifadə edən Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının İran İslam Respublikasının qonşuları içərisində ölkəsi üçün çox vacib tərəfdaş olduğunu bildirib. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən İran Prezidenti deyib ki, İranın Azərbaycanla əməkdaşlığı hərtərəfli inkişaf etdirmək üçün ciddi niyyəti var.
Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyini deyib.
Dövlətimizin başçısı xüsusilə Xəzəryanı ölkələr arasında münasibətlərin dostluq əsasında inkişafından razılığını ifadə edib.
Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırıb. Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlətimizin başçısı bildirib ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib. Dövlətimizin başçısı Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd edib.
Görüşdə İranla Azərbaycan arasında Ağbənd körpüsünün açılışının həm rəmzi, həm də böyük praktiki əhəmiyyətinin olduğu qeyd edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
***
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri (AQFET) üzrə Müşavirənin VI Zirvə toplantısı keçirilir.
AQFET-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstan ozamanki Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFET) Zirvə Toplantısının iştirakçıları tərəfindən forumun beynəlxalq təşkilata çevrilməsi ilə bağlı qərar qəbul olunub.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 13-də Astanada keçirilən təşkilatın sammitində bildirib.
Qazaxıstanın 2020-ci ildən bu quruma sədrlik etdiyini xatırladan Tokayev bildirib ki, AQFET-in (CICA) statusunun beynəlxalq təşkilata transformasiyası ilə bağlı Astana bəyanatı qəbul olunmuş sayılır.
Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Report"a müsahibəsində deyib ki, Prezident İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri planlaşdırılır.
İyul ayında İran Prezidenti İbrahim Rəisi mətbuat nümayəndələrinə açıqlamasında deyib ki, İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi regionda səmərəli əməkdaşlığa səbəb olacaq.
Prezident bildirib ki, İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsi üçün heç bir maneə yoxdur. Bu əlaqələr iqtisadi artım və siyasi sabitliyin əsasını təşkil edir. Əlaqələrin bütün sahələr üzrə inkişaf etməsi xalqların da yaxınlaşmasında mühüm rol oynayacaq.
Prezident İbrahim Rəisi nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevi İrana rəsmi səfərə dəvət edib. Səfərin reallaşacağı təqdirdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafında sıçrayış müşahidə edəcəyik.
İran Prezidenti bütün sahələr üzrə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu və bu potensialdan səmərəli istifadə edilməsinin zəruriliyini də diqqətə çatdırıb.
Xəbər lenti
0