Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya ulduzlarının obrazlarını öz simasında yaradan azərbaycanlı rəssam

© Photo : Instagram / gunaiiitaGünay Həsənov
Günay Həsənov - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
Yaratdığı obrazlarla sosial media hesabında xarici izləyicilərin marağına səbəb olan Günay Həsənova hazırda İtaliyada yaşayır. O, onlarla xarici ulduzun obrazını simasında yaradır
BAKI, 12 oktyabr — Sputnik. Günay Həsənova hazırda İtaliyada yaşayır. Azərbaycanda Rəssamlıq Akademiyasının kollecində təhsil aldıqdan sonra İtaliyaya gedən Günay, orada geyim dizayneri ixtisası üzə bakalavr pilləsini bitirib. O, dünya ulduzlarının obrazlarını öz simasında yaradır. "Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan müsahibimiz deyir ki, o üzünü bir kətan kimi istifadə edir: "Mən kollecdə təhsil aldığım vaxtlarda portret çəkməyi də öyrənirdik. Makiyaj, qrim mənim üçün incəsənətdir. Portret çəkməyi çox sevirdim, indi o portretləri üzümdə yaradıram".
Həsənovanın sosial şəbəkədəki hesabında paylaşdığı obrazlar xarici ölkələrdən olan izləyicilərin marağına səbəb olub. Üzündə onlarla məşhurun obrazını yaradan rəssam bildirir ki, kişi obrazlarını yaratmaq daha çətin olur: "Qadın olaraq özünün kişiyə bənzətmək çox çətindir. Çünki, qadının üz cizgiləri incədir, kişilərin üz cizgiləri isə kobuddur. Orada daha çox kölgələrdən istifadə edirəm. Özümü daha iri, sümüklü göstərməyə çalışıram. Bu baxımdan, vaxtım çox gedir".
Əvvəllər "Youtube" platformasında videolarını paylaşan həmsöhbətimiz bildirir ki, orada da özünü bir çox məşhur ulduza bənzədib: "Mən ilk dəfə Helena Bonem Karter obrazını yaratdım. Məni ona bənzədənlər çox olub. Hələ ki, başqasının simasında obraz yaratmamışam. "Məni Bred Pitə" çevir deyənlər çoxdur. Açığı, nə vaxtsa bunu edəcəyimi düşünmürəm. Çünki, özümü "make-up" rəssamı hesab etmirəm".
Obrazların uğurlu olmasının səbəbinə gəldikdə isə Günay vurğulayır ki, öz üzünü daha yaxşı tanıdığına görə, daha yaxşı alınır: "Başqasının üzündə obraz yaradacamsa, gərək onun üzünü yaxından tanıyım, cizgilərinə bələd olum. Öz üzümü, cizgiləri isə çox yaxşı tanıdığıma görə, mənə rahat olur".
Müsahibimiz fikrincə, türkiyəli müğənni Gülşənin obrazı onun ən uğurlu işlərindədir:"Müğənni Gülşənin obrazını yaradanda çox az vaxt sərf etmişdim. Onu uğurlu işlərimdən hesab edirəm. Helena Bonem Karter obrazı isə mənə daha yaxındır, daha doğmadır".
Azərbaycanlı sənətçilərə gəldikdə isə rəssam hələ heç kimin obrazını yaratmadığını bildirir: "Mən uzun illərdir Azərbaycandan uzaqdayam. Hazırda Azərbaycanda ən populyar sənətçinin kim olduğunu bilmirəm. Onları tanımadığıma görə, hazırlamamışam. Mən obraz yaradıramsa, gərək onun bütün mimikalarını mənimsəyim. Təkcə qrim bəs etmir. Ona görə də o insanı mən yaxşı tanımalıyam. Aygün Kazımovanın obrazını yaratmağı düşünürəm. Onu həm çox sevirəm, həm də çoxdan tanıdığım üçün planlaşdırıram".
Rəssam bildirir ki, yerli sənətçilərimiz dünyada olan sənət adamları ilə müqayisədə qlamur həyat tərzini daha çox sevirlər. Qlamur həyat tərzi təkcə məşhurlarımızı deyil, adi insanlarımızı da cəlb edir:
"Bizim məşhurlarımız həmişə daşlı-qaşlı, parlaq geyimlərə, al-əlvan makiyaja meyillidirlər. İdman geyimlərinin belə, qaşlı olmasını istəyirlər. Digər ölkələrin, xüsusən Avropanın gəncləri sadəliyə üstünlük verirlər. Makiyajdan gündəlik həyatda demək olar ki, istifadə etmirlər. Avropa gəncləri ilə Azərbaycan gənclərinin arasında ən böyük fərq isə ölkəmizin gənclərinin zəhmətkeş olmasıdır. Gənclərimiz çox zəhmətkeşdirlər. Normal bir yerdə işləmək üçün gərək ən azı iki dil bilmək məcburiyyətindədirlər. Avropalı gənclər isə hazıra nazir olublar. Onların dil öyrənmək kimi problemləri yoxdur. Azərbaycanda orta statistik gənc çox az istirahət edə bilir. İstirahət məkanları da azdır. Amma Avropa gəncləri isə o qədər də işləməyə meyilli deyillər. Onlar istirahətə daha çox vaxt sərf edirlər".
Xəbər lenti
0