SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bişkekdəki Azərbaycan diasporu kütləvi məzarlıqla bağlı beynəlxalq ictimaiyyətə səslənib

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidBişkek şəhərinə mənzərə
Bişkek şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
Edilli faciəsi ilə Ermənistanın növbəti müharibə cinayətinin ifşa olunduğunu vurğulayan icma nümayəndələri beynəlxalq təşkilatları cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində təcili tədbirlər görməyə çağırıb.
BAKI, 12 oktyabr — Sputnik. Qırğızıstanda yaşayan Azərbaycan icması Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, "Azeri" İctimai Birliyinin adından beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə soydaşlarımızın Edilli cinayətindən hiddətləndikləri bildirilib.
Edillidə aşkar olunmuş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğuna, Ermənistanın indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığına, 30 illik işğal dövründə xalqımıza və ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığına diqqət cəlb olunub.
Edilli faciəsi ilə Ermənistanın növbəti müharibə cinayətinin ifşa olunduğunu vurğulayan icma nümayəndələri beynəlxalq təşkilatları Ermənistanın müxtəlif vaxtlarda etnik zəmində törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin hüquqi müstəvidə məsuliyyətə cəlb olunması istiqamətində təcili tədbirlər görməyə çağırıb.
Xocavəndin Edilli kəndində tapılan kütləvi məzarlıqla bağlı cinayət işi başlanıb
Xatırladaq ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunub.
İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb.
İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.
Həmin hadisələrin şahidi olmaqla 28 avqust 1993-cü il tarixdən 14 dekabr 1994-cü il tarixədək Ermənistanda əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Xəbər lenti
0