SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gəncə terrorunda zərərçəkmiş mülki əhaliyə 5 milyona yaxın kompensasiya ödənilib

© AP PhotoGəncəyə hücum nəticəsində dağılan ev, arxiv şəkli
Gəncəyə hücum nəticəsində dağılan ev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.10.2022
Abunə olmaq
İlqar Səfərov bildirib ki, Gəncə şəhəri üzrə ümumilikdə 669 nəfər əmlak üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
BAKI, 11 oktyabr — Sputnik. "Gəncədə erməni terroru nəticəsində mülki şəxslərə milyonlarla manat dəyərində maddi ziyan dəyib". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınmaqla, döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə qarşı böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik 9K72 ("SS-1 C"və ya "Scud B") Elbrus və 9M528, bəzi hallarda 9M55 raketlərlə təchiz olmuş Katyuşa nəslindən olan 9K58 "Smerç" (BM-30) reaktiv yaylım atəşi sistemindən istifadə edilməklə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə hücumlar təşkil olunub: "4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə Gəncəyə açılmış atəşlər nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər (25 nəfəri Azərbaycan, 1 nəfər isə Rusiya vətəndaşı) mülki əhali qəsdən öldürülüb. Öldürülənlərdən 5 nəfəri 60 yaşdan yuxarı, 1 nəfəri 0-5 yaş arası, 5 nəfəri 5-18 yaş arası olub. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla cəmi 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət almış şəxslərdən 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 0-5 yaş arasında olub.
Araşdırmaya əsasən, təxminən 3875 yaşayış evi və ya mənzil və 33 qeyri-yaşayış obyekti (o cümlədən 4 və 29 saylı 2 tam orta məktəb, 4 saylı 1 uşaq poliklinikası, 10 və 52 saylı 2 körpələr evi-uşaq bağçası, 1 Musiqi kolleci) olmaqla ümumilikdə 863 700 m2 təşkil edən sahənin dağıdılması və zədələnməsi nəticəsində ümumilikdə milyonlarla manat dəyərində məbləğdə maddi ziyan dəyib".
2020-ci il 11-17 oktyabr tarixlərində hər tarixdə 3 ailə olmaqla 6 ailə tamamilə məhv edilərək qəsdən öldürülüb:
"Qeyd olunan faktlarla bağlı 4 oktyabr 2020, 11 oktyabr 2020 və 17 oktyabr 2020-ci il tarixlərdə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 3 cinayət işi başlamaqla ibtidai istintaq aparılıb".
İ.Səfərov onu da qeyd edib ki, Gəncə terrorunda zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 4 959 000 manat kompensasiya ödənilib. O bildirib ki, istintaq tərəfindən Gəncə şəhəri üzrə 113 dağılmış və ya qəzalı, 522 təmir və ya bərpa olunmalı evə, 73 nəqliyyat vasitəsinə, eləcə də 1 fermer təsərrüfatına baxış keçirilib, ümumilikdə 669 nəfər əmlak üzrə zərərçəkmiş şəxs qismində tanınıb:
"Həmçinin müəyyən edilib ki, əmlakına zərər dəymiş şəxslərə Azərbaycan Prezidentinin 14.12.2020-ci il tarixli 2343 nömrəli Sərəncamı Ermənistan silahlı qüvvələrinin cinayətləri nəticəsində mülki şəxslərə dəymiş ziyanla bağlı ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 4 959 000 manat kompensasiya ödənilib".
Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Vətən Müharibəsi dövründə Gəncəyə Ermənistan tərəfindən ilk hücum 4 oktyabrda baş verib və bu zaman 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb. Ümumilikdə isə düşmən ordusu Gəncə şəhərinə 2020-ci ilin oktyabr ayı ərzində 5 dəfə raket zərbələri endirib. Nəticədə Gəncənin 27 dinc sakini həlak olub, 125 sakini isə müxtəlif dərəcəli xəsarətlər aldı. Yaşayış binaları, ticarət obyektləri və məktəblər dağıdılıb.
Xəbər lenti
0