Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Xaricdəki distant təhsilin diplomları tanınsa, Azərbaycan universitetləri boş qalacaq

© AP Photo / Jae C. HongDistant təhsil
Distant təhsil - Sputnik Azərbaycan, 1920, 09.10.2022
Abunə olmaq
Ekspertlərin dediyinə görə, Azərbaycan qanunvericiliyində distant təhsil haqqında bəndlər var, lakin bunun işləmə mexanizmi və tətbiqi yoxdur.
BAKI, 9 oktyabr — Sputnik. Azərbaycanda ali təhsil sistemində böyük problemlər var. Universitetlər əmək bazarına uyğun kadrlar hazırlaya bilmir. Xarici ölkələrdə distant təhsil alanların da diplomlarının ölkəmizdə tanınmaması problemi var.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov distant təhsilin potensialı və bu təhsil formasına görə diplomların tanınmasının yarada biləcəyi nəticələr haqda danışarkən deyib.
O qeyd edib ki, distant təhsilə keçid olarsa, diplomlar tanınarsa, ali təhsil müəssisələri çox ciddi rəqabətlə üzləşəcəklər. Lakin universitetlər bu rəqabətə hazır olmadıqlarından distant təhsilə keçid də baş tutmur:
"Distant təhsillə bağlı dəyişikliklər olarsa, yerli universitetlərimiz rəqabətə ya hazır olmadıqlarından, ya da hazır olmaq istəmədiklərindən distant təhsilə uduzacaqlar. Nəticə etibarı ilə ali məktəblərimiz boşalacaq. Onsuz da günü-gündən xaricdə təhsilə maraq artır".
Distant təhsilə görə Azərbaycanın dünyanın aparıcı ölkələri ilə müqayisədə xeyli geridə qaldığını bildirən ekpsert universitetlərin də bu təhsil formasına keçiddə və buna görə diplomlarının tanınmasında maraqlı olmadığını vurğulayır.
Təhsil üzrə digər ekspert Nadir İsrafilov isə qeyd edir ki, MDB ölkələri ilə müqayisədə Azərbaycan distant təhsilə lazımınca diqqət ayıra bilmir:
"MDB məkanındakı ölkələrin əksəriyyəti 90-cı illərin sonlarında distant təhsilin qəbulu ilə bağlı hüquqi normativ sənədlər qəbul etmişdi. "Təhsil haqqında qanun"da distant təhsil haqda bənd yer alsa da, ölkədə distant təhsilin həyata keçirilməsi mexanizmləri ilə bağlı hüquqi baza yoxdur".
Nadir İsrafilov da bildirir ki, distant təhsilə görə diplomlar tanınarsa, tələbələr Azərbaycan universitetlərini deyil, xarici universitetləri seçəcəklər.
Təhsil üzrə ekspert Kamran Əsədov da 2009-cu ildə qəbul edilən mövcud qanunvericilikdən söz açaraq bildirib ki, qanunda nəzərdə tutulsa da, bugünədək Azərbaycanda distant təhsilin mexanizmi müəyyən olunmadığından, bu cür təhsil alanların diplomları tanınmır:
"Yəni Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz".
O, bu təhsil formasının üstünüyündən də söz açıb. Bildirib ki, bir çox tələbələr işin çoxluğu, ailə öhdəlikləri və ya digər təzyiqlər səbəbindən təhsil üçün xarici ölkələrə üz tuta bilmirlər. Lakin distant təhsil xaricdə təhsil almaq istəyənlərə böyük üstünlüklər verir. Burada vaxt itkisi olmur, tələbə özünü daha sərbəst hiss edir.
K.Əsədovun sözlərinə görə, dünyada distant təhsilə görə müraciət edənlərinin əksəriyyətinin yaşı 25-dən yuxarıdır və onlar işləyən şəxslərdir:
"Distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuzdur. Təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar və kompüterlər tələb olunmur. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar".
Ekspert bu təhsil növünün mənfi tərəflərini də qeyd edib.
"Belə olan halda müəllim və tələbə arasında canlı ünsiyyət itir. Distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur", - deyə K.Əsədov əlavə edib.
Qeyd edək ki, dünyada distant təhsilin tarixi 300 il öncəyə gedib çıxır.
Xəbər lenti
0