Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdə infarkt dayanır - Kardioloq

© Depositphotos.com / Yacobchuk1İnfarkt
İnfarkt - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
Azərbaycanda infarkt keçirən xəstələrin müalicəsi ilə bağlı yeni layihə hazırlanır
BAKI, 8 oktyabr-Sputnik. İnfarkt keçirən xəstələrin müalicəsi ilə bağlı yeni layihə hazırlanır. Bunu IV Azərbaycan İnvaziv Kardiologiya Konqresində Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov KİV nümayəndələrinə müsahibəsində deyib.
O bildirib ki, Kardiologiya Cəmiyyəti və Səhiyyə Nazirliyi arasında bir neçə layihənin həyata keçirilməsi planlaşdırılır:
"Bunların sırasında elmi əsaslı, həkimlərin bilik səviyyəsini yüksəltməyə yönələn layihələr ilk yerdədir. Eyni zamanda infarkt keçirən vətəndaşların İcbari Tibbi Sığorta çərçivəsində yeni metodla müayinə və müalicəsini ehtiva edən layihəmiz də həyata keçiriləcək. Burada məqsəd Azərbaycan xalqının ömrünün uzunluğunu artırmaqdır".
Onun sözlərinə görə, kardioloji ağır xəstələrin müalicəsi və bəzən də onlara erkən müdaxilə edilməsi üçün zamanla bağlı problemlər olur:
"Bu cür xəstəliklərdə isə zaman olduqca vacib faktordur. Yeni layihəmiz ilə bu problemi aradan qaldırmağa çalışacağıq. Xüsusilə infarkt xəstələrində itirilən vaxt xəstənin həyatını təhdid altında qoyur. Məqsəd bu vaxtı daha da qısaltmaqdır".
U.Rəhimov xatırladıb ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da əhali arasında ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdə ürəyin işemik infarktı dayanır.
Xatırladaq ki, infarkt qan dövranının pozulması nəticəsində toxumalarda yaranan nekrozdur. Etioloji cəhətdən infarktı işemiyanın nəticəsi hesab etmək olar. İnfarkt çox vaxt arteriyaların trombozu, emboliyası və uzun müddət davam edən spazmı nəticəsində əmələ gəlir.
Bundan əlavə funksional gərginlik dövründə orqanlara gələn qanın müvafiq surətdə artmaması da infarkta səbəb ola bilir. Arteriya divarının zədələnməsi, qan dövranının zəif inkişafı, hüceyrədaxili mübadilənin zəifləməsi infarktın yaranmasına səbəb olur və onun gedişini zəiflədir.
Ürək-damar xəstəliklərini ilk mərhələdə bəlli edən faktorlar hansılardır?
Ümumiyyətlə yaşı 40-dan yuxarı şəxslər, zərərli vərdişləri, genetik ürək xəstəlikləri olanlar, oturaq həyat tərzi keçirənlərin ildə bir dəfə kardioloji müayinədən keçmələri mütləqdir.
Bundan əlavə risk faktorunun olub-olmamasından asılı olmayaraq sinəsində yandırıcı, göynədici xarakterli ağrı, təngnəfəslik, ürək sıxıntısı kimi hisslər olduqda həkimə müraciət etmək vacibdir. Sinədə olan göynəmənin hər iki qola yayılması, həddindən artıq tərləmə hallarının meydana çıxması və bu şikayətlərin oturaq vəziyyətdə və ya uzun müddət davam etməsi hallarında artıq miokard infarktından şübhələnmək lazımdır. Bu zaman isə təxirə salınmadan, təcili yardım çağıraraq xəstəxanaya müraciət edilməlidir.
Xəbər lenti
0