Praqa görüşünün nəticələri: Azərbaycanın mövqeyini qəbul etdilər
15:35 07.10.2022 (Yenilənib: 15:39 07.10.2022)
© Official website of President of Azerbaijan RepublicÇexiyanın paytaxtı Praqada Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş .
Abunə olmaq
Fransanın ermənipərəst mövqeyinə baxmayaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Avropa tərəfindən qəbul olunur.
BAKI, 7 oktyabr — Sputnik. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.
Sputnik Azərbaycan Praqa görüşünün nəticələri ilə bağlı millət vəkili Aydın Mirzəzadə və politoloq Tural İsmayılovla həmsöhbət olub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə bildirib ki, Praqa görüşü bir neçə cəhətdən əhəmiyyətli idi:
"Artıq bir neçə dəfə Avropa İttifaqı Şurasının təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü təşkil edilib. Bu, onu göstərir ki, Avropa regionda vəziyyətin düzəlməsində maraqlıdır və Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbə artıq de-fakto qəbul edilir".
Millət vəkili qeyd edib ki, Fransanın ermənipərəst mövqeyinə baxmayaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Avropa tərəfindən qəbul olunur:
"İndi onlar çalışır ki, hazırki situasiyada Ermənistan üçün maksimum faydalı nəticələrə nail olsunlar. Azərbaycan tərəfi isə artıq Ermənistanla münasibətlərin normallaşması üçün 5 prinsipini açıqlayıb və görüşlərdə bir qayda olaraq bu prinsiplər ətrafında müzakirələr aparılır".
Aydın Mirzəzadə dünənki görüşün əvvəlki görüşlərin formatından fərqləndiyini qeyd edib:
"Bir gün ərzində fasilə ilə iki görüş keçirildi. Bu, o deməkdir ki, hansısa məsələlərin müzakirələrində ilkin razılığa gəlinib. Sonra isə tərəflər öz mövqelərini dəqiqləşdirmək üçün fasilə götürüb, yenidən görüşüblər. Nəticə isə göz qabağındadır. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini bəyan etdi. Bu isə Azərbaycanın bütün ərazisi üzərində, o cümlədən Qarabağ üzərində suverenliyinin qəbul edilməsidir".
Millət vəkilinin sözlərinə görə, delimitasiya komissiyasının oktyabrın sonuna kimi Brüsseldə görüşməsi barədə razılığın əldə olunması nəticəsində xəritələr əsasında komissiyalar sərhəd məsələsini müzakirə edəcəklər:
"Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra Ermənistan ərazi bütövlüyümüzü tanımaqdan imtina edirdi. İndi isə rəsmi İrəvan bu mövqeyindən geri çəkilməyə məcbur edildi və növbəti mərhələdə sərhədlərin müəyyənləşdirilməsi vəzifəsi dayanır. Həmçinin diplomatik əlaqələrin bərpası, bir-birinin daxili işlərinə müdaxilə etməmək barədə öhdəlik götürülməsi və Zəngəzur dəhlizinin açılmasına münbit şərait yaranıb. Bu görüş onu göstərdi ki, Azərbaycanın prinsipial mövqeyi gec-tez, hətta onunla barışmayan qüvvələri də onu qəbul etməyə məcbur edir".
Politoloq Tural İsmayılov isə vurğulayıb ki, yekunda qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü:
"Faktiki olaraq bu o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi".
"Suverenliyi tanımaqla, Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır. Sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırıldı", - deyə politoloq sözünə davam edib.
Politoloq onu da bildirib ki, Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdi:
"Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, bu missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə, suveren dövlət olmadığını bir daha göstərdi. Bu, həm də Rusiyaya qarşı yeni və ciddi addımdır".