SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Praqadan gözləntilər - Yaxın zamanda sülh müqaviləsi imzalanacaq

© Official website of President of Azerbaijan RepublicPraqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü
Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Millət vəkili bildirib ki, Ermənistan özünün dövlətçilik tarixi yaranandan bəri mövcud olan işğalçılıq siyasətini yenə də "malalamağa" çalışır.
BAKI, 6 oktyabr — Sputnik. Oktyabrın 6-da Praqada səfərdə olan Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Brüssel formatını dəstəkləyir.
Qeyd edək ki, bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş olacaq.
© Photo : APAİlham Əliyev, Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan Praqada görüş zamanı
İlham Əliyev, Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan Praqada görüş zamanı - Sputnik Azərbaycan, 1920, 06.10.2022
İlham Əliyev, Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan Praqada görüş zamanı
Sputnik Azərbaycan görüşdən gözləntilərlə bağlı millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, bu platforma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması baxımından əhəmiyyətlidir:

"Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını uğurla həyata keçirir. Bu ilin avqustunun sonunda Brüsseldə keçirilmiş sayca dördüncü görüşdə Ermənistanın sülh prosesindən yayınmaq cəhdlərinə baxmayaraq sülh gündəliyinin müzakirəsinin başladılması ilə bağlı razılıq əldə olundu. Müvafiq olaraq da bu ayın əvvəlində hər iki ölkənin XİN rəhbərlərinin iştirakı ilə görüş keçirildi. Bunun ardınca isə ABŞ Dövlət Katibinin təşəbbüsü ilə XİN rəhbərlərinin telefon danışığı baş tutdu. Bütün bunlar göstərir ki, ümumilikdə sülh gündəliyi aktualdır. Amma bir nüansı da unutmaq olmaz ki, Ermənistan masa arxasında üzü yola mövqe sərgiləsə də, sonradan aqressiv mövqeyə qayıdır".

© Photo : Social media page of Elshad MirbashirElşad Mirbəşiroğlu, arxiv şəkli
Эльшад Мирбашир, политолог, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Elşad Mirbəşiroğlu, arxiv şəkli
Millət vəkili qeyd edib ki, bu məsələdə Ermənistan özbaşına deyil:
"Onlar Avropadan dəstəyə ümid edir və bəzi hallarda buna nail olurlar. Buna görə də sülh prosesini əngəlləyəcək davranışlar sərgiləyirlər. Bununla belə Ermənistanın Baş naziri dərk edir ki, onun prosesləri əngəlləmək imkanı yoxdur. Nikol Paşinyan Ermənistan parlamentindəki çıxışında etiraf etdi ki, başqa yolu yoxdur. Yəni Ermənistan sülh gündəliyinə uyğun davranmalıdır. Paşinyan dolayısı ilə sülh müqaviləsinə imza atmağa məcbur olacağını açıqladı. Ermənistan Baş naziri artıq atacağı addımlara bəraət qazandırmağa cəhd edir. O bildirir ki, Ermənistan 2007-ci ildə "Madrid prinsipləri"ni qəbul etməklə Azərbaycanın ərazi bütövlüyünü qəbul edib və bunun da günahkar o dövrün Ermənistan XİN rəhbəri Vardan Oskanyan və onun rəhbəri Robert Koçaryandır. Paşinyan bildirir ki, Ermənistanın keçmiş rəhbərliyinin buraxdığı səhvlərdən bu gün yayınmaq mümkün deyil".
Elşad Mirbəşiroğlu onu da vurğulayıb ki, Paşinyan bununla atacağı addımlara görə dəstək qazanmağa çalışır:
"Ermənistan Baş nazirinin bu gün düşdüyü vəziyyət Azərbaycanın atdığı addımların və sülhə məcburetmənin nəticəsidir. Azərbaycan bütün platformalarda öz mövqeyini qətiyyətlə təqdim edir. Ermənistanın davranışları isə kənardan aldığı dəstəyə görədir. Bununla da Cənubi Qafqazda gərginlik ocağının qalmasında maraqlı olan tərəflər aşkara çıxır. Ermənistanın istəyi nəticəsində Fransa müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədinə gəlməsi gözlənilir. Hesab edirəm ki, bu mövqeyin özü təxribat xarakterlidir. Bizim istəyimiz odur ki, ilk olaraq Azərbaycan-Ermənistan sərhədi delimitasiya olunsun. Sərhədlər müəyyənləşmədən müşahidə missiyası hara və nə məqsədlə göndəriləcək? Bu sualın cavabı bizim üçün çox maraqlıdır".
Millət vəkilinin sözlərinə görə, bütün bunlar Ermənistanın təxribatçı mövqeyində qalmasına şərait yaradır:

"Paşinyanın da ikibaşlı bəyanatlarından bu aydın sezilməkdədir. Gah deyir ki, Azərbaycanla bağlanacaq sülh müqaviləsinə Qarabağ məsələsi aid olmayaq. Digər tərəfdən də Qarabağın statusu məsələsini və Azərbaycan ərazisindəki yaşayan separatçıları tərəf kimi göstərməyə çalışır. Buradan görünür ki, Ermənistan özünün dövlətçilik tarixi yaranandan bəri mövcud olan işğalçılıq siyasətini yenə də "malalamağa" çalışır. Əslində onların bütün bəyanatları başdan ayağa ziddiyyətlidir. Deyirlər ki, heç vaxt Azərbaycana qarşı ərazi iddiamız olmayıb, bununla belə otuz ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlayıblar. Yaxşı, sual olunur, torpaqlarımızı niyə işğal etmişdiniz? Məqsədiniz nə idi? Bu kimi suallara Ermənistanın verəcək cavabı yoxdur".

Deputat onu da bildirib ki, bu gün Praqadakı görüşdə də Azərbaycan öz qətiyyətli mövqeyini yenidən sərgiləyəcək:
"Praqa platforması Ermənistanın təxribatlarına kimin rəvac verməsini, kimin hansı mövqedə olmasını göstərəcək. Bu, Azərbaycanın atacağı növbəti addımlara köməkçi element rolunda çıxış edəcək. Ümumilikdə isə hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında yaxın zamanda sülh müqaviləsi imzalanacaq. Düzdür, regionda yenidən hərbi eskalasiyaların baş verməsi ehtimalları qalır. Bunu ABŞ, Hindistan və digər ölkələr tərəfindən Ermənistanın silahlandırılması da göstərir. Bu da sülh gündəliyinin müzakirə olunduğu mərhələdə önəmlidir", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0