Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nüfuzunu itirən fənn - Coğrafiyanı yenidən necə sevdirməli?

© AP Photo / Frank Augsteinqlobus
qlobus - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Ekspertlər coğrafiya müəllimlərinin sayının azlığından şikayət edir.
BAKI, 6 oktyabr — Sputnik. Ötənilki rəqəmlərə görə 4 min 432 orta ümumtəhsil məktəbində 7 300-dək coğrafiya müəllimi var. Bu müəllimlərin orta yaşı isə 45 və daha yuxarıdır. Bundan əlavə, qeyd edim ki, təkcə bölgələrdə deyil, paytaxtda xüsusən də rus bölməsi üzrə coğrafiya müəllimi çatışmazlığını müşahidə edirik.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki, vəziyyəin bu həddə çatmasının bir neçə səbəbi var: "Rus bölməsi üzrə sinif və dərs sayının azlığının da bura təsiri var. Bu da yekun nəticədə bu ixtisasa marağı azaldır. Hazırda da vakansiyalarda ən çox boş qalan və tutulmayan bir neçə fənn var ki, elə onlardan birincisi coğrafiya fənnidir. Bu çox ciddi faktordur".
Kamran Əsədov qeyd edir ki, aşağı balla da olsa, coğrafiya müəllimliyinə olan ehtiyac ödənilməlidir: "Hətta ali məktəblərə qəbul zamanı da görürük ki, valideynlər rus bölməsi üzrə yaxşı rusdilli coğrafiya müəllimi tapa bilmir".
O qeyd edir ki, ildən-ilə də bu ixtisasa tələbat azalır.
Ekspert bildirir ki, Azərbaycanda bütün ixtisas qrupları üzrə müəllimlik ixtisası ən yüksək ballardan biridir: "Məsələn, riyaziyyat ixtisası üzrə builki yüksək bal 537 oldu. Lakin qəribə tendensiya odur ki, II qrup üzrə 200 balla coğrafiya ixtisasına qəbul ola bilirsən, hətta nə qədər boş plan yerləri də qalır. 250 bal yığn abituriyent də müəllimlik ixitisasını seçməkdən imtina edir".
Nə etməli?
Ekspert bildirir ki, coğrafiya ikinci qrupdan çıxarılaraq üçüncü qrupa salınmalıdır: "Əsas poblemlərdən biri də odur ki, coğrafiya fənni 2-ci ixtisas qrupundadır, hansı ki, ən az abituriyent elə bu ixtisas qrupuna yönəlir. Çünki II qrupa gedənlər daha çox maliyyə, mühasibatlıq, biznesə yönəlirlər. Onlar müəllim olmaq istəmirlər. Düşünürəm ki, bu istiqamətdə stimullaşdırıcı addımlar atılmalıdır,coğrafiya 3-cü qrupuna əsas fənn olaraq keçirilməlidir".
Kamran Əsədov bildirir ki, ehtiyac olan ixtisaslar üzrə seçimlərə edən tələbələrə əlavə təqaüdlərin verilməsi də yaxşı olardı: "Dünya təcrübəsində də var ki, müəyyən ixitsasların seçimi zamanı yanaşmada fərqlilik olmalıdır.
O bildirir ki, məktəblərdə bu fənn üzrə dərs saatının, bundan başqa fənnin tədrisinin də bu ixtisasa marağın azalmasına təsir var: "Coğrafiya fənni üzrə dərs saatı artırılmalıdır. Düşünürəm ki, belə olarsa, gələcəkdə bu ixtisas üzrə təhsil alan müəllimlərə də tələbat artacaq, əlavə ehtiyac olacaq".
O eyni problemlərin regionlarda da mövcud olduğunu bildirir: "Bundan başqa, rayon yerlərində bu fənn üzrə müəllim yanına gedənlər çox azdır".
Ekspert bundan əlavə bildirir ki, coğrafiya müəllimlərinin bilik və bacarıqları yetərli səviyyədə deyil: "Bunu biz imtahanların nəticələrinə baxanda da görürük ki, bu müəllimlərin nəticələri digər fənn müəllimləri ilə müqayisədə çox aşağıdır".
Təhsil üzrə digər ekspert Elşən Qafarov isə bildirir ki, ölkə üzrə müəllimlərin sayı 152 mindir. O bildirir ki, müəyyən fənlər var ki, onlar üzrə bölgələrdə müəllim çatışmazlığı var: "Regionlarda, ucqar rayonlarda bu problem müşahidə edilməkdədir. Coğrafiya üzrə müəllim qıtlığı olduğundan bu fənni digər ixtisaslı müəllimlər tədris edirlər. Məktəbdə bu fənlər 5-7 saat civarında olduğu üçün çox zamanlar kadrlar Bakıdan ucqar rayonlara üz tutmurlar".
O bildirir ki, stimullaşdırıcı addım olaraq 67 nömrəli qərarda nəzərdə tutulan - rayon mərkəzindən 20 kilometr məsəfədə olan müəllimlər üçün nəzərdə tutulan 100 manata azı 3 dəfə artırılmalıdır, onların kommunla xərcləri ilə bağlı da güzəştlər olmalıdır.
Elm və Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, respublika üzrə coğrafiya müəllimlərinin sayı 5 min 700, Bakı üzrə isə 1 039-dur.
Xəbər lenti
0