Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! - Prezident

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında Praqada dördtərəfli görüş keçirilib.
BAKI, 6 oktyabr - Sputnik. Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Azərtac-ın xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

"Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq", - deyə dövlət başçısı vurğulayıb.

Bu dördtərəfli görüşün Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edildiyini qeyd edən dövlətimizin başçısı deyib:
“Bu görüş zamanı da önəmli məsələlər müzakirə edilib və hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Hələ ki, təmaslar davam edir. Biz razılaşdıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq təkan verildi”.
"Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun arası kəsilməməlidir", - deyə Prezident sözünə davam edib.
“Nazirlər tezliklə ikinci dəfə görüşməlidir və biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Daha sonra Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi məsələsinə toxunub.

"Mina məsələsi bütün görüşlərdə qaldırılır. Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyib. Bu gün dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, müharibədən sonra 250-dən çox azərbaycanlı ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir. Buna son qoyulmalıdır və minaların basdırılması yeganə cinayət deyil”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Daha sonra dövlət başçısı erməni silahlı birləşmələrinin bu günə qədər torpağımızdan çıxarılmadığına diqqət çəkib:
"Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma onlar torpağımızda hələ də mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq".
Dövlətimizin başçısı deyib:

“Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir”.

Prezident qeyd edib ki, Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında Praqada dördtərəfli görüş keçirilib.
Görüş oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib.
Xəbər lenti
0