Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əli Əsədov: "Xarici siyasətimizdə Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur"

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidƏli Əsədov
Əli Əsədov - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Forum iştirakçıları əvvəlcə məhdud tərkibdə danışıqlar aparıb, iyunun 29-da Aşqabadda keçirilən 6-cı Xəzər Zirvə toplantısının yekunlarını nəzərdən keçiriblər.
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanın xarici siyasət strategiyasında Xəzəryanı dövlətlərlə əməkdaşlıq xüsusi yer tutur.
Nazirlər Kabineti xəbər yayıb ki, bunu Baş Nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib.
O, qeyd edib ki, Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti maraqların qarşılıqlı nəzərə alınması, suverenliyə, ərazi bütövlüyünə, müstəqilliyə hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.
Xəzəryanı dövlətlər arasında sahəvi əməkdaşlığın sanballı hüquq-müqavilə bazasına toxunan Ə.Əsədov deyib ki, bu baza bir çox sahələri, o cümlədən təhlükəsizlik, ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat, ekoloji məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər sahələri əhatə edir. O, bu baxımdan 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Xəzəryanı ölkələrin hərtərəfli əməkdaşlığı üçün əsas sənəd kimi səciyyələndirilib, onun tezliklə qüvvəyə minməsinin Xəzərdə bütün sahələrdə gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Baş nazir bildirib ki, sevindirici haldır ki, pandemiya zəiflədikcə, Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi artım trayektoriyasına qayıdıb. O, əlavə edib ki, bu ilin 8 ayında Azərbaycanın Xəzər regionu ölkələri ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 45%-dən çox artıb.
Azərbaycanın iqtisadi göstəricilərinə də toxunan Baş nazir qeyd edib ki, cari ilin 8 ayının yekunlarına görə, ölkədə iqtisadi artım müşahidə olunur, xarici ticarət sahəsində müsbət dinamika qorunub saxlanılır.
Baş Nazir həmçinin vurğulayıb ki, Azərbaycan Xəzəryanı dövlətlərin ekoloji problemlərlə bağlı narahatlığını bölüşərək Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün fəal səylər göstərir.
O, qeyd edib ki, oktyabrda Bakıda Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 6-cı Konfransının keçirilməsi planlaşdırılır.
Baş nazir Azərbaycanın bundan sonra da Xəzəryanı dövlətlərin xalqlarının rifahı naminə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün səyləri göstərməyə hazır olduğunu bildirib.
Forumda Ə.Əsədovdan başqa İranın I vitse-prezidenti Məhəmməd Mohber, Rusiya hökumətinin sədri Mixail Mişustin, Qazaxıstanın Baş naziri Alixan Smailov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xocamurad Geldimuradov iştirak ediblər.
Forum iştirakçıları əvvəlcə məhdud tərkibdə danışıqlar aparıb, iyunun 29-da Aşqabadda keçirilən 6-cı Xəzər Zirvə toplantısının yekunlarını nəzərdən keçiriblər.
Xəbər lenti
0