SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var - İlham Əliyev

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Bu gün Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
BAKI, 6 oktyabr - Sputnik. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir.
Azərtac xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.
Avropa İttifaqının Azərbaycan üçün çox önəmli tərəfdaş olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, yeni saziş üzərində iş aparılır.
“Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti, müasir nəqliyyat infrastrukturu - Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Avropa üçün də çox önəmlidir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Daha sonra Prezident deyib ki, Avropa İttifaqı ölkələri bizim üçün əsas ticarət tərəfdaşlarıdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir.
Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında təmasların sayının çoxaldığını, qarşılıqlı etimadın artdığını qeyd edən dövlətimizin başçısı bunu çox yüksək qiymətləndirib.
"Avropanın Azərbaycanı bu tədbirə dəvət etməsini əlbəttə ki, yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb", - deyə dövlətimizin başçısı bildirib.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib
Dövlətimizin başçısı qeyd edib ki, hələlik bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq fikir demək mümkün deyil:
"Amma hər halda həm Avropa İttifaqına, həm də ev sahibi Çexiyanın Azərbaycanı Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri var".
"Biz öz enerji layihələrimizi uzun illərdir icra edirik. Sadəcə olaraq, dünyada indiki geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırıb. Tale belə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı", - deyə Prezident sözünə davam edib.
Dövlətimizin başçısı deyib ki, biz bu il Avropaya qaz ixracını təxminən 30-40 faiz artıracağıq. Bu, böyük sərmayə tələb edir:
“Biz buna getməyə hazırıq və gedirik. Avropa İttifaqı ilə imzalanmış memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırırıq”.
Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası keçirilib. Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir.
Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər.
Xəbər lenti
0