CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazlaşdırılmayan kəndlərin əhalisi oduncaqla təmin edilir

© pixabay / Photo MixQaz plitəsi, arxiv şəkli
Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Abunə olmaq
Odun yanacağı əldə etmək istəyənlər Regional Meşə Təsərrüfatı mərkəzlərinə müraciət edə bilərlər
BAKI, 5 oktyabr — Sputnik. Tovuz, Qazax, Ağstafa, Göygöl, Goranboy, Gədəbəy, Daşkəsən, Şəmkir və Samux rayonlarında qazlaşdırılmayan 149 kənd mövcuddur və qışa hazırlıq məqsədilə həmin kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.
O qeyd edib ki, bu günədək həmin rayonların əhalisi 6 min 834 kubmetr həcmində oduncaqla təmin edilib: "Tovuz rayonu üzrə 1325, Qazax rayonu üzrə 350, Ağstafa rayonu üzrə 320, Göygöl rayonu üzrə 1529, Goranboy rayonu üzrə 856, Gədəbəy rayonu üzrə 1356, Daşkəsən rayonu üzrə 639, Samux rayonu üzrə 137 və Şəmkir rayonu üzrə 322 kubmetr oduncaq tədarük olunub".
C.Qəribovun sözlərinə görə, odun yanacağı əldə etmək istəyənlər Regional Meşə Təsərrüfatı mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, Meşələrin İnkişafı Xidməti meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur.
Xatırladaq ki, noyabrın 15-dən payız-qış mövsümü başlayır.
Xəbər lenti
0