Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Biz Minsk qrupunun yenidən canlandırılması səylərini dəstəkləyə bilmərik - İlham Əliyev

İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2022
Abunə olmaq
Dövlət başçısı beynəlxalq ictimaiyyətin Azərbaycanda yaşanan humanitar fəlakətə laqeyd yanaşdığını vurğulayıb.
BAKI, 5 oktyabr — Sputnik. "BMT, ATƏT və bu kimi digər mühüm beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasına dair qətnamə, qərar və bəyanatlar qəbul etməsinə baxmayaraq, bütün bunlar 30 ilə yaxın kağız üzərində qaldı. Bu müddət ərzində Ermənistana heç bir sanksiya tətbiq olunmadı". Bu sözləri Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.
Beynəlxalq ictimaiyyətin Azərbaycanda yaşanan humanitar fəlakətə laqeyd yanaşdığını vurğulayan dövlət başçısı xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğal edilmiş ərazilərə dəfələrlə səfər edib, şəhərlərin və kəndlərin kobud şəkildə dağıdılmasının şahidi olublar.

"Onlar ermənilərin bu ərazilərdə qeyri-qanuni məskunlaşdığını görüb, lakin Ermənistanı qınamayıblar. İndi isə biz Minsk qrupunun yenidən canlandırılması səylərini görürük. Təbii ki, biz bunu dəstəkləyə bilmərik. Çünki onlar öz mandatları çərçivəsində heç nə etmədilər. Onların etdiyi yeganə şey bir yerə qədər nail olduğu erməni təcavüzünü qanuniləşdirmək və təcavüzkarla təcavüzün qurbanı arasında bir növ balans yaratmaq oldu".

Prezident onu da bildirib ki, bizdə sülh prosesi ilə bağlı müəyyən optimist fikirlər var. Çünki bir neçə gün bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı müzakirələr aparıldı. Ümid edirik ki, bu proses uzun sürməyəcək.
Dövlət başçısı deyib ki, biz 28 il davam edən Qarabağ münaqişəsinə dair danışıqlarda olduğu kimi, Ermənistanın razılaşmadığı məsələlərdə adətən istifadə etdiyi taktikaya yaxşı bələdik. Əgər bu, yenə davam edərsə, biz sülh əldə edə bilməyəcəyik. Əgər Ermənistanın seçimi belə olacaqsa, onlar növbəti ciddi səhv addım atmış olacaqlar:

“Onlar bizi düzgün qiymətləndirmədilər, onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirmədilər və buna görə cavab verməli oldular”.

Qeyd edək ki, oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumun açılış mərasimində iştirak edirlər.
Xatırladaq ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.
Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.
Bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.
Ümumdünya Şəhər Forumu BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir.
Xəbər lenti
0