CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid ailəsi statusu kimlərə verilə bilər?

© Photo : TRENDŞəhid
Şəhid  - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
Vəkil bildirir ki, "uşaq evlərində tərbiyə olunanlar" ifadəsini əsas tutub Səbuhinin qardaşına şəhid ailəsi statusu verməmək əsassızdır".
BAKI, 4 oktyabr — Sputnik. Şəhid ailələrinə şəhid ailəsi statusunun verilməsi son günlərin ən çox müzakirə olunan mövzulardandı. Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova şəhid ailəsi statusunun verilməməsi "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişikliklərin edilməsi problemini daha da aktuallaşdırıb.
Bu günlərdə Milli Məclisin (MM) Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva MM-də çıxışında şəhidlərin rəsmi nikahda olmayan həyat yoldaşlarına şəhid ailəsi statusu verilməsini təklif edib.
"Mənə belə bir şəhid xanımı müraciət etmişdi. Övladına şəhid övladı statusu tanınır, amma xanıma bu status verilmir. O körpə övladı ilə sabah ev növbəsinə durmalıdır, ona görə status vacib hal alacaq. Şəhid xanımı dedi ki, o tək deyil. Bir neçə şəhid ailəsi haqqında belə problem mövcuddur. Mən xahiş edirəm, buna baxılmasına çalışaq.", - deyə millət vəkili bildirib.
Sputnik Azərbaycan "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda hansı dəyişikliklərin edilməsinin vacib olduğunu araşdırıb.
Milli Məclisin deputatı Fazil Mustafa Sputik Azərbaycan-a açıqlamasında bildirib ki, şəhidin bacı-qardaşlarının hamısına şəhid ailəsi statusu vermək olmaz. Deputat deyir ki, əgər şəhidin himayəsində övladı yoxdursa, yaxud da şəhidin bircə qardaşı, bacısı qalıbsa, onların şəhid ailəsi alması üçün vərəsəlik təyin oluna bilər:
"Bəzən şəhidin anasına ev verilir, həyat yoldaşı sonradan buna etiraz edir ki, mənzil niyə şəhidin həyat yoldaşına yox, anasına verilib. Ona görə də, bu məsələ qanunla həll olunmalıdır. Mən də belə qənaətdəyəm ki, şəhidin atası-anası, özünün ailəsi, övladı yoxdursa, şəhid ailəsi statusu onun qardaşına, yaxud bacısına verilə bilər. Bu, vərəsəlik məsələsi qanunla öz həllini tapdıqdan sonra müəyyən olunmalıdır".
Deputat Arzu Nağıyev isə Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda şəhid adının əbədiləşdirilməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirilməsinin vacib olduğunu söyləyir. Deputat deyir ki, bəzən bir kənddən üç-dörd şəhid olur. Onlardan hansının adının məktəbə verilməsi mübahisəyə səbəb olur. Bu məsələlərə qanunla aydınlıq gətirilməlidir.
A. Nağıyev həmçinin bildirib ki, şəhid ailəsi statusu ilə vərəsəlik məsələsi arasında bir fərq olmalıdır.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ötən həftə keçirilən ilk plenar iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən, şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılacaq. Sənəd Azərbaycan Prezidentinin "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.
Milli Məclisin deputatı Aqil Abbas plenar iclasda çıxışı zamanı bildirib ki, Səbuhi Əhmədovun cəmi bir qardaşı var:
"Ona da deyirlər sizə şəhid ailəsi statusu düşmür. Ata yox, ana yox, şəhidin cəmi bir qardaşı var. Qardaşına da bildirirlər ki, qanun buna imkan vermir. Bu nadir haldır, düşünmək lazımdır. Ona bir otaqlı ev təklif ediblər, o da imtina edib. Deyiblər ki, sənə 2 otaq düşmür. Əslində şəhidin qanuni varisi qardaşıdır. Deputat Milli Məclis sədrindən xahiş edib ki, bu məsələ diqqətə alınsın, Sənan Əhmədova şəhid ailəsi statusu verilsin və iki otaqlı mənzillə təmin olunsun.
Vəkil Qanqa İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələ "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunla tənzimlənir. Həmin qanunun 1-ci maddəsində isə şəhid və şəhid ailəsi anlayışı öz əksini tapıb.
Qeyd edilib ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:
"Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr.
Qanunda da göstərilir ki, qardaş və bacılar şəhid ailəsi hesab edilirlər. Bunun üçün şəhidin qardaşının əlil olması, 23 yaş, mütləq uşaq evində böyüyüb- böyüməməsi əsas deyil. Çünki o bəndlərin hər biri ayrı-ayrılıqda tətbiq edilən sadalayıcı norma olduğunu göstərir. Qanunun bu maddəsində "qardaşlar və bacılar" sözünün "uşaq evlərində tərbiyə olunanlar" sözü ilə bağlılığı yoxdur. Ona görə də, "uşaq evlərində tərbiyə olunanlar" ifadəsini əsas tutub Səbuhinin qardaşına şəhid ailəsi statusu verməmək əsassızdır".
Xatırladaq ki, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina edib. O, manşet.az-a müsahibəsində qeyd edib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib:
"Dedilər ki, sizə birotaqlı ev veriləcək. Dedim ki, qardaşım evə görə döyüşməyib. O yaşasaydı, dekabr ayına qədər mənzil alacaqdıq. Amma mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmərəm. Mənim qızım və həyat yoldaşım var. Hətta mənim kirayə qaldığım evdə belə, qonaqları qəbul etmək üçün zal var. Onlar da dedilər ki, sənə ikiotaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o birotaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onun ailəsi mən deyiləmsə, kim idi? O, mənimlə qalırdı. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara bu haqda da məlumat verdim. Onlar dedilər ki, qanun belədir, qardaş ailə hesab olunmur".
Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Haşımov mətbuata açıqlamasında bildirib ki, Sənanın təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Bu isə onun şəhid ailəsi statusu almasına mane olur.
Xəbər lenti
0