Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan və Ermənistanın sülh axtarışları - diplomatiyadan hərbi eskalasiyaya

© Sputnik / Murad OrujovAzərbaycan bayrağı, arxiv şəkli
Azərbaycan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
Ermənistan özünün məğlub statusunu Qərb ölkələrindən aldığı dəstək və yeni silah müqavilələri ilə unutmağa başlayıb.
BAKI, 4 oktyabr — Sputnik. Oktyabrın 2-də Cenevrədə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirildi. Bir qədər sonra isə Ermənistan mətbuatında Azərbaycanın Ermənistana sülh sazişi ilə bağlı təkliflərinin mətni yayıldı.
Azərbaycan-Ermənistan arasında sentyabrın 12-14-də baş verən hərbi toqquşmalardan sonra XİN rəhbərlərinin görüşü əhəmiyyət kəsb edirdi.
Tərəflər arasında diplomatik təmasların davam etdirilməsi sülhə olan ümidlərin hələ də yox olmadığını deməyə əsas verirdi. Amma diqqət yetirəndə görmək olar ki, 2020-ci ildə Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsində məğlub olmuş Ermənistanın ritorikasında dəyişiklik var. Ermənistan özünün məğlub statusunu Qərb ölkələrindən aldığı dəstək və yeni silah müqavilələri ilə unutmağa başlayıb. Təsadüfi deyil ki, Ermənistan Baş Qərargah rəisinin müavini də Azərbaycanla bağlı təhdidedici açıqlamalarında revanşist əhval-ruhiyyənin Ermənistanda yüksələn xətlə inkişaf etdiyini göstərdi.
Bəs bölgədə gərgin hərbi-siyasi vəziyyətin diplomatik həllinə ümid varmı?
Sputnik Azərbaycan-a açıqlama verən politoloq Tofiq Abbasov və millət vəkili Arzu Nağıyev mövzu ilə bağlı fikirlərini bölüşüb.
Politoloq Tofiq Abbasov bildirib ki, hazırkı şəraitdə diplomatik müstəvidə cərəyan edən proseslərdən müsbət nəticə gözləməyə dəyməz:
"Ermənistan qarşısındakı xeyrini görsə də, çalışır ki, okeanın o tayında, ya da Avropanın küncündə özünə dəstək tapsın. Ermənistan bu dəstəklə vəziyyəti dəyişə biləcəyinə ümid edir, amma bunlar hamısı illüziyadır. Ermənistan hələ də beynəlxalq hüququn subyekti kimi təşəkkül tapa bilmir. Bu ölkənin siyasi dairələri səfil vəziyyətdədirlər və ümid edirlər ki, bunların problemlərini başqaları həll edəcək. Ermənistan hakimiyyəti hələ Azərbaycan və Türkiyə ilə dialoq qurmağa hazır deyil".
Politoloq vurğulayıb ki, bütün bunlara səbəb Ermənistanda olan qisas hissidir: "Ermənistan tərəfi sağlam başla, praqmatizmlə prosesləri dəyərləndirməlidir. Belə olmasa, heç bir kənar qüvvə onlara kömək edə bilməyəcək. İndiki şəraitdə Azərbaycan açıq-aşkar dominant qüvvədir. Biz onlara göstərdik ki, silah gücünə bizimlə olan məsələlərini həll edə bilməzlər".
T.Abbasov qeyd edib ki, Ermənistan tərəfindən müharibəyə çağırışlar səslənir: "Bu da göstərir ki, bu ölkədə sülhə, barışığa hazırlıq yoxdur. O baxımdan indiki vəziyyəti bədbinliklə qarşılayıram. Ermənistan prosesi yenidən hərbi toqquşmalara doğru çəkmək istəyir. Bizdə olan məlumata görə, 500 milyon dollar dəyərində silah-sursat onlara vəd olunub. Onlar düşünür ki, düşdükləri acınacaqlı vəziyyətdən xilasın yolu həmin silah-sursatın əldə olunmasındadır, amma bu çox yanlış siyasətdir və erməni cəmiyyətinə yeni faciələr vəd edir. Azərbaycan-Ermənistan arasındakı problemin həllinin açarı Avropada, Amerikada deyil, Cənubi Qafqazdadır".
Millət vəkili Arzu Nağıyev isə bildirib ki, Azərbaycan humanist addım atsa da, Ermənistan tərəfi öz mənfur xislətindən əl çəkmir:
"Ermənistan status-kvonu saxlamağa və sülh müqaviləsinin imzalanmasını gecikdirməyə çalışır. İkinci məsələ isə demarkasiya və delimitasiya ilə bağlıdır. Onlar bu məsələdən də yayınmağa cəhd edirlər. Çünki mövcud xəritələrə görə, bu gün Azərbaycan ordusunun yerləşdiyi ərazilər birmənalı şəkildə Azərbaycana məxsusdur. Üçüncü önəmli məsələ isə sərhədyanı ərazilərdə Rusiyanın müşahidəçiliyini beynəlxalq müşahidəçilərlə əvəz etmək niyyətidir. Ermənistan istəyir ki, ABŞ və Fransa müşahidəçiləri bölgəyə gəlsin. Ermənistan dolayısı ilə həm də bölgədə gedən proseslərə mane olmaq istəyir".
Millət vəkili qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq imicinə ziyan vurmağa çalışır və bunun üçün müxtəlif böhtan xarakterli məlumatları dünyaya təqdim edir:
"XİN rəhbərlərinin görüşündə də Azərbaycana qarşı eyni ritorika ilə çıxış etməyə çalışdılar. Ermənistan bu gün fakt qarşısındadır. Azərbaycan sülh müqaviləsi üçün beş maddəlik prinsiplərini təqdim edib. Bütün bunlardan yayınmaq üçün hücum taktikasını seçiblər. Bu gün Ermənistanın daxilində siyasi qeyri-sabitlik hökm sürür. Paşinyan başda olmaqla mövcud Ermənistan rəhbərliyinə qarşı hərəkat yenidən aktivləşir. Artıq görürük ki, erməni kilsəsi də bu prosesdə yer almağa başlayıb.
Keçmiş cinayətkar liderlərin də bu proseslərdə rol almaq istədiklərini görürük. Bununla belə, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan real vəziyyəti ictimaiyyətə açıqladı. Bu gün Ermənistan Azərbaycanın dedikləri ilə razılaşmasa, onlar Ermənistan dövlətçiliyini itirə bilərlər. Lakin buna baxmayaraq biz yenə də sülh sazişini imzalamağa hazırıq".
Xəbər lenti
0