Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İanə, yoxsa Fond pulu? Məktəblərdə gələn aydan pul yığılacaq

© Photo : Courtesy of Nigar IskanderovaAğdamda məktəb
Ağdamda məktəb - Sputnik Azərbaycan, 1920, 30.09.2022
Abunə olmaq
Rüfət Əsədzadə bildirib ki, yekun qərarları ailə icma tərəfi verdiyinə görə, burada məktəbin öz marağından çıxış edərək neqativ qərar verməsi mümkün olmayacaq.
BAKI, 30 sentyabr — Sputnik. Bakıda məktəblərdə gələn aydan könüllü ianələrin qəbuluna başlanılacaq. Bu barədə Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın katibi Rüfət Əsədzadə mətbuata açıqlamasında bildirib. O, qeyd edib ki, valideynlərin məktəblərə könüllü ianə verməsi ilə bağlı yaradılan yeni pilot layihə "Məktəb-Ailə" İcma Birliyi adlanır. "Könüllü olaraq hansı məktəb istəsə, bu layihə fəaliyyətə başlaya bilər. Hazırda bu layihə 12 məktəbdə təklif olunub. Oktyabr-noyabr aylarında sözügedən məktəblərdə bu layihə fəaliyyətə başlayacaq. Burada əsas məqsəd məktəbə edilən ianələrin şəffaflığının və effektivliyini təmin olunmasıdır. İcma birliyinin idarəetməsi 9 nəfərdən ibarət olacaq. 4 nəfər məktəb, 5 nəfər isə ailə tərəfindən, hətta şagirdlər də buraya daxil olacaq ki, qərar vermədə məktəbin üstünlüyü deyil, ailə icma birliyinin üstünlüyü çox olsun", - deyə o əlavə edib.
Bəs görəsən məktəblərdə könüllü ianələrin qəbulu rüşvətə yol açmayacaq ki?
Rüfət Əsədzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində məqsəd təhsil müəssisələrində bu cür qanunsuzluğun qarşısını almaqdır: "Məktəblərdə könüllü ianələrin qəbulu adından da göründüyü kimi könüllü olacaq. Məktəblərdə idarə heyyəti 9 nəfərdən ibarət olacaq. Onlardan beş nəfəri ailə və icmanı təmsil edəcək, dörd nəfər isə məktəbi. Yekun qərarları ailə icma tərəfi verdiyinə görə, burada məktəbin öz marağından çıxış edərək neqativ qərar verməsi mümkün olmayacaq. Qərarlar valideynlər tərəfindən veriləcək".
R. Əsədzadə deyir ki, könüllü ianə fond pulunu əvəz etməyəcək. Onun sözlərinə görə, toplanan ianə məktəblərdə dərsdən kənar fəaliyyətlərin təşkilinə sərf olunacaq. Həmsöhbətimiz deyir ki, bu gün məktəblər dərsdən kənar fəaliyyətləri tam təmin edə bilmir. Amma könüllü toplanan ianələr ekskursiyaların təşkili, dərsdən kənar dərnəklərin təşkilinə imkan yaradacaq. Valideynlər könüllü toplanan ianədən övladlarının inkişafı üçün istifadə edə biləcəklər. R. Əsədzadə iddia edir ki, bu vəsait məktəbi təmir etmək, süpürgə almaq üçün istifadə edilməyəcək.
Şura katibi deyir ki, ailə və icmanın nəzarəti nəticəsində məktəb direktorlarının toplanan ianədən sui istifadəsinə yol verilməyəcək: "Ailə və icma üzvülərinin olması ona görə lazımdır ki, bu cür neqativ hallara imkan verilməsin. Nazirlik bütün məktəblərdə bu prosesi izləyə bilməz. Hər icma məktəblərdə özü buna nəzarəti təmin edəcək".
R. Əsədzadə bildirdi ki, hazırda 12 pilot məktəbin seçilməsi istiqamətində iş aparılır. Yaxın günlərdə həmin məktəblərin adı açıqlanılacaq.
R. Əsədzadə onu da əlavə etdi ki, ianə könüllü olduğundan, burada köçürüləcək məbləğin nə qədər olması vacib deyil: "İanə hər valideynin öz istəyindən asılı olacaq. Amma ailə icması özü sabit bir məbləğ də müəyyən edə bilər".
Həmsöhbətimiz deyir ki, ianə təkcə pul şəklində olmaya da bilər. Onun sözlərinə görə, ola bilər ki, hansısa valideyn məktəbə 10 ədəd kompyuter alıb ianə etsin. Yaxud da valideynlər toplanan ianədən məktəb üçün 3D printer alsınlar.
R. Əsədzadənin sözlərinə görə, pilot layihəyə oktyabr ayının ortalarından başlanıla bilər.
Təhsil üzrə ekspert Kamran Əsədov isə hesab edir ki, məktəblərdə könüllü ianələrin toplanılmasına ehtiyac yoxdur. Çünki, dövlət məktəblərin təmirindən tutmuş, A4 vərəqlərinin alınmasına qədər hər bir xərci qarşılayır.
Ekspert Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanda təhsil dövlət hesabına aparılır. Onun sözlərinə görə, hər il dövlət büdcəsindən məktəblərin saxlanılması üçün 4 milyard manat pul ayrılır. Bu məbləğ məktəblərin təmirinə də sərf olunur. Bundan başqa məktəbərdə müəyyən layihələrin həyata keçirilməsinə də qrant ayrılır. 6 aydan bir ayrılan bu məbləğ iki milyon manat vəsaitdir.
K. Əsədovun sözlərinə görə, məktəblərdə könüllü ianələrin toplanılması dünya təcrübəsində də var. O, qeyd etdi ki, xarici ölkələrdə valideynlər məktəbə kompyuter hədiyyə edirlər. Amma Azərbaycanda belə könüllü fondun yaradılması sui istifadəyə yol açacaq: "Məktəb direktorları şərt qoyacaq ki, bu fond məcburi doldurulmalıdır. Bu gün sosial şəbəkələrdə məktəb direktorlarının rüşvət istəməsini əks etdirən səs yazılarına rast gəlirik. Azərbaycanda orta təhsil pulsuzdursa bu fondların yaradılmasına ehtiyac yoxdur".
Ekspert deyir ki, məktəblər ixtiralardan, qrant layihələrdən pul qazana bilər. Onun fikrincə, hansısa fondun yaradılması rüşvətin qanuniləşdirilməsindən başqa bir şey deyil.
Xatırladaq ki, bir müddət öncə Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilindən valideynlərin məktəblərə könüllü ianə verməsi layihəsinin pilot şəkildə tətbiqinin planlaşdırıldığını qeyd etmişdi.
Xəbər lenti
0