CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qanunsuz pul köçürmələri ilə məşğul olanları beş ilədək həbs cəzası gözləyir

© Sputnik / Murad OrujovМанат и доллары, фото из архива
Манат и доллары, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.09.2022
Abunə olmaq
Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərdə qanunsuz pul köçürmələri ilə məşğul olanları böyük məbləğdə cərimələr də gözləyir.
BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanda qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsullu ilə 50 min manatdan yuxarı məbləğdə pul vəsaitlərinin köçürülməsini təşkil etmiş fiziki şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub.
Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, qeyd edilən əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə və ya külli miqdarda, xüsusilə külli miqdarda törədilməsi bu cinayətin ağırlaşdırıcı tərkib hissəsi kimi nəzərdə tutulub.
Layihəyə əsasən, eyni əməllər vəzifəli şəxslər öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə və ya külli miqdarda, yəni 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğdə törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Yuxarıda nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda, yəni 500 min manatdan yuxarı məbləğdə törədildikdə isə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qanun layihəsinin məqsədi Azərbaycan Respublikasından xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizəni gücləndirməkdir.
Son illər hüquq mühafizə orqanları tərəfindən gizli şəkildə qanunsuz pul köçürmələri ilə məşğul olan şəxslər müəyyən edilib. Onlar yaratdıqları şəbəkə vasitəsilə həm ölkəmizdə, həm də xarici dövlətlərdə fəaliyyət göstərərək müxtəlif üsullarla qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyətini təşkil edirlər.
Nağd şəkildə, anonim, sürətli, aşağı xidmət haqqı tutulmaqla aparıldığından, hər hansı rəsmi qeydiyyat olmadığından, köçürülən pulun mənbəyini və təyinat nöqtəsini izləmək mümkün olmadığından belə qanunsuz pul köçürmələri genişlənir.
Qanunsuz pul köçürmələri ölkədən böyük məbləğdə valyuta sərvətlərinin nəzarətsiz şəkildə çıxarılmasına şərait yaratmaqla, ölkənin maliyyə-iqtisadi sabitliyinə zərbə vurmaqla yanaşı, kölgə iqtisadiyyatı və çirkli pulların yuyulması mexanizmlərinin genişlənməsinə səbəb olur.
Layihədə Cinayət Məcəlləsinin 190-cı maddəsinin qeyd hissəsinə müvafiq dəyişikliklər etməklə bu əməllərin törədilməsinin xeyli, külli və xüsusilə külli miqdarının məbləği müəyyən edilir.
Eyni zamanda Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən 206-1-ci maddədə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə hüquqi şəxslər barəsində də cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi təklif edilir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda, yəni 50 min manatadək məbləğdə törədildikdə inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin 40 faizindən 60 faizinədək məbləğdə cərimə ediləcək.
Xəbər lenti
0