SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Ermənistanı yekun sülh sazişini imzalamağa məcbur edəcək - Millət vəkili

© Sputnik / Murad OrujovQaraheybətdə şəhid olanların dəfn mərasimi
Qaraheybətdə şəhid olanların dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 27.09.2022
Abunə olmaq
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, yeni reallıqlarda Azərbaycan Ermənistana normal qonşuluq münasibətləri, sülh müqaviləsinin bağlanmasını təklif edir.
BAKI, 27 sentyabr — Sputnik. Bu gün Vətən Müharibəsi kimi Azərbaycan tarixinə düşən və 44 gün sonra zəfərlə başa çatan müharibənin başlamasından 2 il keçir. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
Sputnik Azərbaycan Anım Günü ilə bağlı millət vəkilləri Aydın Mirzəzadə və Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu, hər bir azərbaycanlı üçün önəmli bir tarixdir: "İki əvvəl Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təxribatının qarşısını alaraq, genişmiqyaslı əks-hücuma keçdi və 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Bu müharibə həm də regionda yeni reallıqlar yaratdı".
Millət vəkili qeyd edib ki, bu savaşa qədər Azərbaycan tərəfindən çox işlər görülmüşdü:
"Uzun illər ərzində Azərbaycan həqiqətləri dünya birliyinə çatdırıldı, cəmiyyətdə milli birlik əldə olundu. Azərbaycan öz hüquqlarını qorumaq bacarığını dünyaya nümayiş etdirdi. Yeni reallıqlarda Azərbaycan Ermənistana normal qonşuluq münasibətləri, sülh müqaviləsinin bağlanmasını təklif edir. Amma görünür ki, Ermənistan hələ buna hazır deyil. Revanşist əhvalı-ruhiyyə həm müxalifətdə, həm də Ermənistan iqtidarında özünü göstərir. Vaxtaşırı hərbi təxribatlar Ermənistanın dövlət kimi yetkinləşmədiyini və normal qonşuluq münasibətləri qurmağa hazır olmadığını göstərir. Bu isə artıq Ermənistanın problemidir. Ermənistanın yaxşı münasibətlərə nə qədər hazır olmasını gələcək göstərəcək. Vətən Müharibəsində və ondan sonrakı proseslərdə biz yeni Azərbaycanın imicini gördük".
Millət vəkili Elşad Mirbəşiroğlu isə bildirib ki, 2020-ci ilin 27 sentyabrına qədər həm Ermənistan, həm də keçmiş münaqişənin tənzimlənməsində iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri düşünürdülər ki, prosesi və danışıqlar imitasiyasını sonsuza qədər uzatmaq mümkün olacaq:
"Amma senytabrın 27-də başlayan əks-hücum əməliyyatı bu təsəvvürlərin sonu oldu. Müharibənin üçüncü, dördüncü günü haqqında mif formalaşdırılmış Ermənistan ordusunun 25-30 faizi məhv edilmişdi. Qeyd olunmalıdır ki, uzun illər ərzində cəzasızlıq şəraitində Ermənistan təxribatlarını davam etdirirdi və bunu bir gün cavabı verilməli idi".
Elşad Mirbəşiroğlu vurğulayıb ki, beynəlxalq təşkilatların Ermənistanın aqressiv və işğlaçı siyasətinə qarşı tədbirlər görməməsi müxtəlif dövrlərdə qeydə alınıb:
"Hələ müharibədən bir müddət əvvəl, 2019-cu ildə Ermənistanın o zamankı müdafiə naziri David Tonoyanın "yeni ərazilər naminə, yeni müharibələr" fikrinə beynəlxalq ictimaiyyət tərəfindən susqunluq nümayiş etdirildi. Bütün bunlar həm də onu göstərirdi ki, münaqişənin dinc yolla tənzimlənməsi heç kimə lazım deyil. Mövcud Ermənistan hakimiyyəti də iqtidara gəldikləri ilk dövrlərdə sərt hərbi ritorika ilə çıxış edirdi. Bütün bunlar isə Azərbaycana başqa yol qoymadı. Azərbaycan 30 ilə yaxın bir dövr ərzində regionda sülh və sabitlik naminə danışıqlar prosesinə dözümlülük nümayiş etdirdi".
Millət vəkili müharibədən keçən iki il haqqında danışarkən qeyd edib ki, Azərbaycan yenə də öz gücünü nümayiş etdirməyi bacardı:
"Qısa zaman ərzində azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq, bərpa işlərinə başlanıldı. Doğrusu buna heç bərpa işi də demək olmaz. Ermənistan tərəfi torpaqlarımızda işğaldakı dövr ərzində elə bir vandalizm aktı törətmişdi ki, bərpa ediləcək nəsə qalmamışdı. Bu baxımdan görülən işlərə geniş miqyaslı tikinti quruculuq işləri desək daha doğru olar. Bu dövr ərzində Azərbaycan geniş yol infrastrukturu qurmağı bacardı. Təhlükəsizliyi təmin edəcək yolların qurulması həyata keçirildi. Bundan başqa iki hava limanının tikintisi başa çatdı, üçüncüsü isə inşa olunacaq".
"Müharibədən sonrakı dövrdə Azərbaycanın təşəbbüsü ilə yeni əməkdaşlıq sisteminin qurulması ilə bağlı müzakirələr başladı. Yenə də Ermənistanın destruktiv mövqeyi bir nəticə əldə olunmasına imkan vermir. Bununla belə Azərbaycan öz maraqlarına uyğun olaraq haqlı addımlar atmaqdadır. Azərbaycanın iradəsi ilə formalaşmış yeni reallıqlar dünya tərəfindən də qəbul olundu. Rəsmi Mokvanın vasitəçiliyi ilə 2021-ci ildə tərəflər arasında iki sənəd imzalandı. O sənədlərdə təsbit olunmuş müddəalar Azərbaycanın ədalətli maraqlarına tam cavab verirdi. Bütövlükdə regionda kommunikasiyalrın açılması, iqtisadi layihələrin gerçəkləşdirilməsini nəzərdə tuturdu. Bütün bunlar yekun sülh sazişinin imzalanmasına aparan yoldur", - deyə millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan haqlı mövqeyini bütün platformalarda Ermənistana qəbul etdirməyi bacarıb:
"Bununla belə Ermmənistan yenə də kənar təsirlərin altında dağıdıcı mövqe sərgiləyir. Ötən iki il ərzində düşməni sülhə məcbur etmə strategiyası uğurla həyata keçirilməkdədir. Hesab edirəm ki, çox yaxın zamanda bu strategiyanın məntiqi nəticəsini görəcəyik. Azərbaycan Ermənistanı əldə olunmuş razılaşmalara uyğun olaraq yekun sülh sazişini imzalamağa məcbur edəcək. ABŞ-ın və Fransanın cəhdlərinə baxmayaraq Ermənistan özünün ağır məğlub ölkə statusunu üzərindən ata bilməyəcək. Bu ölkə məğlub tərəf olaraq yekun sülh sazişinə imza atmağa məcbur olacaq. Bu da Azərbaycanın tarixi zəfərinin növbəti təzahürü olacaq".
Xəbər lenti
0