CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MİDA-nın təxirə salınmış mənzil seçimi sabah yenidən keçiriləcək

© Photo : MİDAMİDA
MİDA - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
Araşdırmalar zamanı cinayət əməllərinin texniki izləri aşkar edilib rəsmiləşdirilərək götürülmüş, kiberhücumların ümumilikdə 11 ölkəyə məxsus 47 IP ünvanından həyata keçirildiyi müəyyən edilib.
BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.
Birgə məlumatda deyilir:""Güzəştli mənzil" sistemi vasitəsilə mənzil seçiminin təşkili prosesində Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login" sisteminə kiberhücumla bağlı aparılan araşdırmalara dair daha əvvəl məlumat verildiyi kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində seçim prosesi başlamazdan öncə dövlət orqanlarının informasiya sistemlərinə kibermüdaxilələrin edildiyi təsbit olunan, seçim prosesinin vaxtı təxirə salınmış və faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanılıb.
İbtidai istintaqla müəyyən edilib ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal Yaşayış kompleksinin ikinci mərhələsində mənzil seçimi prosesinin həyata keçirilməsi üçün "Güzəştli mənzil" sisteminə girişi təmin edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə Bakı vaxtı ilə 10:38-dən 10:53-dək müxtəlif ölkələrə məxsus IP ünvanlardan törədilmiş DDOS - yəni paylanılmış xidmətdən imtina hücumu formasında kibermüdaxilə nəticəsində əlaqəli şəkildə fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə məxsus kompüter sistemlərinin işləməsinə qəsdən ciddi maneə yaradılıb, seçim prosesinə müdaxilənin qarşısının alınması üçün proses dayandırılıb.
Araşdırmalar zamanı cinayət əməllərinin texniki izləri aşkar edilib rəsmiləşdirilərək götürülüb, kiberhücumların ümumilikdə 11 ölkəyə məxsus 47 IP ünvanından həyata keçirildiyi müəyyən edilib.
"Kibercinayətkarlıq haqqında" Budapeşt Konvensiyası üzrə təxirəsalınmaz prosedur tədbirlər yerinə yetirilərək kiberhücumun həyata keçirildiyi IP ünvanların aid olduğu ölkələrə edilən müraciətlər əsasında IP məlumatlarının mühafizə olunması üçün tədbirlər görülməsi barədə zəmanət alınıb, kiberhücumların ümumi mənbəyinin müəyyən edilməsi üçün təsdiq edilmiş ilkin məlumatlar əsasında IP ünvanlara dair abunə və trafik məlumatlarının götürülməsi və həmin məlumatlardan irəli gələn istintaq hərəkətlərinin aparılması üçün aidiyyəti ölkələrə müvafiq məhkəmə qərarları əsasında "Cinayət işi üzrə qarşılıqlı hüquqi yardım" sorğuları ünvanlanıb, zəruri kommunikasiya, istintaq-əməliyyat və əməliyyat-texniki tədbirlər həyata keçirilməkdədir.
Eyni zamanda qeyd edilir ki, aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanmaqla yanaşı, mənzillərin təxirə salınmış güzəştlə seçimi prosesinin gücləndirilmiş təhlükəsizlik şərtlərinin təmin edildiyi şəraitdə təşkili və keçirilməsi üçün zəruri tədbirlər görülüb.
Təxirə salınmış mənzil seçimi prosesinin 24.09.2022-ci il tarixində saat 15:00-da keçirilməsi qərara alınıb".
Xatırladaq ki, sentyabrın 15-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli Mənzil" informasiya sistemi çöküb. Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov deyib ki, buna səbəb çox sayda insanın eyni anda sistemə daxil olması olub. Sistemdə yüklənmə olduğundan problemlər yaranıb.
Məlumat üçün yada salaq ki, 30 mart tarixində MİDA-nın satışa çıxartdığı 500-ə yaxın mənzilin 5 saniyəyə satılması ciddi sosial narazılığa səbəb olub. "Güzəştli mənzil" sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilən mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib. Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi "Güzəştli mənzil" sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb ediliblər.
Araşdırmalarla təsbit edilib ki, həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş "Güzəştli mənzil" sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin edərək qanunsuz müdaxilə etmiş və bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurublar.
Xəbər lenti
0