ELM

AMEA-ya seçkilərin proseduru müəyyənləşib

© Sputnik / Murad OrujovAMEA-nın binası, arxiv şəkli
AMEA-nın binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.09.2022
Abunə olmaq
Bu gün Akademiyanın Nizamnamə Komissiyasının iclasında yeni hazırlanan Nizamnamə layihəsi müzakirəyə çıxarılıb
BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 14 maddədən və 228 bənddən ibarət yeni Nizamnamə layihəsi hazırlanıb, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar müəyyən edilib.
AMEA-dan bildirilib ki, akademiyanın Nizamnamə Komissiyasının iclasında yeni hazırlanan Nizamnamə layihəsi müzakirə olunub.
İclası açan AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq hazırlanmış Akademiyanın yeni Nizamnaməsinin layihəsi haqqında məlumat verib.
Qeyd olunub ki, yeni Nizamnamə layihəsi Prezident Fərmanı əsasında Akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Yeni Nizamnamə layihəsi hazırlanarkən elmi tədqiqatların ölkəmizin dövlət tərəfindən müəyyən edilmiş milli prioritetlərinə və inkişaf strategiyasına uyğun şəkildə, dünya elminə inteqrasiya şəraitində təşkili və həyata keçirilməsi ilə əlaqədar müddəalar, habelə elm və təhsilin qarşılıqlı əlaqəsi ilə bağlı məsələlər əsas prinsip kimi qəbul olunub. Bütövlükdə 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib. Layihədə Akademiyanın beynəlxalq əməkdaşlığının təşkili və tənzimlənməsinə aid müddəalar da özünə yer alıb.
AMEA-nın yeni Nizamnamə layihəsinin müzkirəsində Nizamnamə Komissiyasının üzvlərindən akademiklər Telman Əliyev, Nazim Məmmədov, müxbir üzv Bəxtiyar Məmmədov, AMEA Həmkarlar Təşkilatının sədri, hüquq elmləri doktoru Habil Qurbanov, hüquq elmləri doktoru Nazim Cəfərov, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, AMEA Hüquq şöbəsinin müdiri Kamal Əliyev çıxış edərək təkliflərini və mülahizələrini bildiriblər.
AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli irəli sürülən təkliflərə münasibətini bildirib və müzakirələri yekunlaşdırıb.
İclasda qeyd edilən təkliflər nəzərə alınmaqla AMEA-nın yeni Nizamnaməsinin layihəsi əsasən qəbul edilib və layihənin növbəti müzakirə üçün Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.
AMEA Nizamnaməsinin layihəsi Rəyasət Heyətinin iclasında müzakirə edildikdən sonra Akademiyanın Ümumi yığıncağına təqdim olunacaq.
Nizamnamə qaydalarına əsasən AMEA-nın Nizamnaməsi Ümumi yığıncağın vəsatəti ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir (Report).
Xəbər lenti
0