Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Şuşa İli" çərçivəsində daha bir tədbir baş tutub

© Sputnik"Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfran
Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları mövzusunda beynəlxalq elmi-praktik konfran - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
Beynəlxalq konfransda 15-ə yaxın ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya, Hindistan, Qazaxıstan və digər ölkələrdən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər iştirak edirlər.
BAKI, 20 sentyabr — Sputnik. Bu gün Mədəniyyət NazirliyiElm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Şuşada təşkil edilən "Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfrans baş tutub.
"Şuşa İli" çərçivəsində #think4culture çağırışı ilə gerçəkləşən tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub.
Beynəlxalq konfransda 15-ə yaxın ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya, Hindistan, Qazaxıstan və digər ölkələrdən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər iştirak edirlər.
Startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranın moderatorluğu ilə başlayan konfransda o, Şuşaya ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, səfər çərçivəsində gördükləri onda Azərbaycan mədəniyyəti ilə bağlı böyük təəssürat yaradıb. İlk olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunda olduqlarını söyləyən Tal Katran işğaldan azad olunmuş Füzuli rayonunda da olduğunu bildirir:
"Oradan keçərkən ermənilərin törətdiyi dağıntılar bizi çox məyus etsə də az bir vaxtda inşa edilərək istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı bir daha göstərir ki, az vaxtda bu yerlər öz keçmiş şöhrətini tam bərpa edəcək".
Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov torpaqlarımızın işğaldan azad etdikdən sonra qarşıda dayanan əsas məsələlərdən danışıb. Bildirib ki, bu, bir neçə mərhələdən keçir, onlardan biri də mədəniyyətin dirçəldilməsidir. Nazir əlavə edib ki, bu il "Xaribülbül" musiqi festivalı, Vaqif Poeziya Günləri, "Məclisi-üns" və digər tədbirləri keçirilib:

"Əgər biz bu günədək mədəniyyətin mənəvi tərəfini düşünürdüksə indi isə mədəniyyətin iqtisadiyyat tərəfini düşünürük. İki gündür davam edən beynəlxalq tədbirdə tanınmış mütəxəssislərin iştirakı ilə mədəniyyət iqtisadiyyatına həsr olunmuş müzakirələr aparılır. Bu gün biz vergi güzəştləri, müəllif hüquqlarının qorunması kimi məsələləri də müzakirə edəcəyik".

Nazir onu da deyib ki, 44 günlük Vətən müharibədən və zəfərdən sonra bizim qarşımızda mühüm vəzifələr durur. "Həmin əraziləri bərpa etmək, eyni zamanda, işğaldan azad olunmuş ərazilərə mədəniyyəti qaytarmalıyıq və qaytarırıq. Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə keçirilən silsilə tədbirlər də buna misaldır".
A. Kərimov həmçinin yaradıcı fəaliyyətlə məşğul olan qurumların iş prinsipinə də toxunub. O bildirib ki, Mədəniyyət və yaradıcı sənayelər 2022-2026-cı illər dövlət proqramında prioritet inkişaf perspektivləri olan sahələr kimi öz əksini tapıb:
"Bizim başlıca vəzifəmiz isə həmin yaradıcı fəaliyyəti olan qurumlara müdaxilə etməməkdir. Əksinə onları vahid qüvvə kimi birləşdirib, özəl sektorlarla dövlət qurumları arasında körpü rolunu oynamaqdır. Bu baxımdan, dəfələrlə yaradıcı sənaye ilə məşğul olan qurumlarla, sektorlarla görüşlər keçirilir, təkliflər dinlənilir".
Sözügedən tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, beynəlxalq tədbirin Şuşada, daha sonra Bakıda keçirilməsinin rəmzi mənası var. İştirakçıların Şuşada düşmən barbarlığını görmələri vacib idi. Bununla onlar bizim qələbəmizin qurucu mədəniyyətin dağıdıcı mədəniyyət üzərində qələbəsi olduğunu anlayırlar. Komitə sədri vurğulayıb ki, mədəniyyət sahəsi Azərbaycan üçün həmişə prioritet olub. Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxılmamalıdır. Bu anlayış dövlət üçün, xalq üçün, onun mədəniyyəti üçün fərqli-fərqli imkanlar açır.
Daha sonra çıxış edən Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, indi Mədəniyyət Nazirliyinin məqsədi mədəniyyətə yanaşmanı dəqiqləşdirməkdir: "Bizim baxışımız sovet baxışından fərqlənir. O zaman mədəniyyət bu sahə ilə məşğul olan müəssisələrin fəaliyyət ilə məhdudlaşırdı. Ancaq mədəniyyət daha geniş anlayışdır. Bugünkü tədbirin əsas məqsədi bu baxışı açıqlamaqdır. Bizim ən böyük üstünlüyümüz əsrlər boyu təsdiqlənmiş mənəvi zövqümüzdür. Mədəni iqtisadiyyatın böyük tərəfi də qloballaşmadır. İnternetin üstünlüyü hansısa bir musiqiçinin öz əsərini dünyaya çıxarmaq imkanı verir ki, bu da qloballaşmanın nə demək olduğunu açıq aydın göstərir".
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev isə çıxışında bildirirb ki, azad olunan ərazilərdəki dağıntıları dünya müharibələrindən sonra Avropa müşahidə olunan mənzərə ilə müqayisə edib:

"Azad olunan ərazilərdə ən çox mədəniyyət abidələri məhv edilib. Düşmən bununla DNT-ni silməyə çalışıb. Bildiyiniz kimi, Avropada müharibədən sonra sürətli bərpanın səbəbi məşhur siyasətçiləri, biznesmenləri dəvət edərək dağıntıların göstərilməsi olub. Bununla da büdcədən kənar investisiya cəlb edilməklə şəhərlər bərpa olunub. Mədəniyyətin böyük potensialı var. Bəzən onu anlaya bilmirik. Ənənəvi istiqamətlərdən kənara çıxa bilmirik. Mədəniyyət hazırda rəqabətə girir. Söhbət youtube üzərindən paylaşmaqdan getmir. Sürətli olmaq lazımdır. Hətta gecikmişik. Dünəndən başlamalıydıq".

Mədəni iqtisadiyyat üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite apardığı tədqiqatlar və oxuduğu məqalələr nəticəsində belə qənaətə gəlib ki, Azərbaycanda yaradıcı ekosistemin yaradılması mütləqdir. Beynəlxalq ekspert bildirib ki, bir çox ölkələrin böyük mədəni-tarixi mirası var. Ölkədə baş verən proseslər yerli proseslərdir:
"Biz dünyada baş verən yaradıcı sahənin bir hissəsiyik. Azərbaycanın bir çox incəsənət nümunələri dünya muzeylərində sərgilənir. Ancaq gənclər də unudulmamalıdır, onlara universitetdən sonra da dəstək olmalıyıq. Biz tək mədəni mirası aşılamamalıyıq, biz gəncləri də təbliğ etməliyik".
Tədbirdə həmçinin, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov və xarici ölkələrin nümayəndələri çıxış edib.
Xəbər lenti
0