CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilir

Təzə pir - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Təklif olunan dəyişiklik vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına xidmət edəcək.
BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 19-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib.
İclasda komitənin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verilib. Qeyd edilib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinə baxılması, müxtəlif mövzularda ictimai dinləmələrin keçirilməsi, QHT-lərin və dini qurumların nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.2-ci bəndinə əsasən hazırlanıb. "Milli Fəaliyyət Planı"na uyğun olaraq, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.
Bununla əlaqədar olaraq, "Dini etiqad azadlığı haqqında" qanunun 12-maddəsinə təklif olunan əlavəyə əsasən, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar dini qurumdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi dini qurumun razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya dini qurum tərəfindən təmin edilir.
Təklif olunan dəyişiklik vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Deputatlar "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Xəbər lenti
0