Планета Земля - Sputnik Azərbaycan, 1920
DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Antonio Quterreş: Biz Putin və Zelenski arasında birbaşa danışıqlardan uzağıq

© AP Photo / Paul WhiteAntonio Quterreş
Antonio Quterreş - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
BMT-nin baş katibi Antonio Quterreş hesab edir ki, Putinlə Zelenski arasında birbaşa söhbətin mümkünlüyü hər iki prezidentin istəyindən asılıdır.
BAKI, 19 sentyabr — Sputnik. Nyu-Yorkda çərşənbə axşamı soyuq müharibədən bəri ən böyük geosiyasi fikir ayrılıqları fonunda BMT Baş Assambleyasının sessiyasının yüksək səviyyəli həftəsi açılacaq.
BMT-nin baş katibi Antonio Quterreş "RİA Novosti"yə müsahibəsində qarşıdan gələn tədbirin əhəmiyyətindən, Putin və Zelenski arasında birbaşa danışıqların perspektivlərindən, taxıl müqaviləsinin gələcəyindən, Rusiya gübrələrinin ixracında irəliləyişlərdən, hərbi əsirlərdən və uzun müddətdir davam edən problemdən - xarici diplomatlara ABŞ vizalarının verilməməsindən danışıb. Müsahibəni Alan Bulkatı alıb.
– Yüksək səviyyəli həftə çərçivəsində ABŞ prezidenti ilə görüş təyin etmisiniz. Nə vaxt görüşməyi planlaşdırırsınız və onunla nəyi müzakirə etmək istəyirsiniz?
- Düşünürəm ki, çərşənbə günü görüşəcəyik. Mən 140 dövlət, hökumət başçısı, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşəcəyəm. Və əlbəttə ki, prezident Co Baydenlə görüşüm olacaq. Beynəlxalq gündəmdəki əsas mövzuları müzakirə edəcəyik.
- Hansı mövzulara diqqət yetirəcəksiniz?
- Bu, həm də prezident Baydendən asılıdır. Amma təbii ki, biz dünyanın müxtəlif yerlərindəki münaqişələri, iqlimi müzakirə edəcəyik. Əminəm ki, davamlılıq, inkişaf etməkdə olan ölkələrdə vəziyyət və onların COVID-19, iqlim dəyişikliyi, həmçinin, Ukraynadakı müharibə ilə bağlı məhsullar və enerji daşıyıcılarının qiymətlərinin artması ilə əlaqədar üzləşməli olduqları "mükəmməl fırtına" ilə bağlı məsələlərə toxunacağıq.
- Bildiyimə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşməyi planlaşdırırsınız.
- Əlbəttə.
- Onunla nəyi müzakirə edəcəksiniz?
- Yəqin ki, eyni mövzuları müzakirə edəcəyik.
– Ukrayna mövzusunu müzakirə edəcəksiniz?
- Təbii ki.
- Lavrovla taxıl sövdələşməsindən danışmağı planlaşdırırsınız?
- Əlbəttə. İki gün əvvəl (14 sentyabrda - red.) prezident Vladimir Putinlə söhbətim oldu. Düşünürəm ki, biz (Lavrovla - red.) taxıl müqaviləsi, Rusiya ərzaq və gübrəsinin ixracı ilə bağlı qaldırdığımız bütün eyni məsələləri müzakirə edəcəyik ki, bu da dünya gübrə bazarında böhranın həlli üçün tamamilə zəruri alət hesab olunur. Biz bu malların ixracına hələ də mane olan bütün maneələri aradan qaldırmaq üçün şərait yaratmağa səylə çalışırıq. Təbii ki, biz Ukrayna münaqişəsi ilə bağlı digər aspektləri, iqlimi və ümumilikdə beynəlxalq gündəmi müzakirə edəcəyik.
- Bəs Lavrovla görüşünüz hansı tarixə planlaşdırılıb?
- İndi deyə bilmərəm. Amma bizim görüşümüz, təbii ki, baş tutacaq. Mənim qrafikim hələ də yenidən tərtib olunur, amma əminliklə deyə bilərəm ki, görüş baş tutacaq.
- Siz xatırlatdınız ki, Prezident Putinlə Rusiyaya aid taxıl sövdələşməsinin bir hissəsini müzakirə etmisiniz. Bununla belə, Rusiya liderinin dediyi kimi, Rusiya gübrəsi olan gəmilər Avropa İttifaqından uzağa getmir, Aİ limanlarında dayanır və Asiya, Afrika və Latın Amerikası ölkələrinə gübrə çatdıra bilmirlər. Siz Rusiyanı ərzaq müqaviləsinin uzadılmasına razılaşmağa necə inandıracaqsınız?
- Biz ilk növbədə müəyyən maneələr yaradanları onları aradan qaldırmağa inandırmağa çalışmaqlqa məşğuluq. Bu həftə mən Aİ liderləri ilə - Aİ-nin müxtəlif sahələrinin liderləri ilə sıx əlaqələr saxladım. Ümid edirəm ki, Rusiya taxılının və gübrəsinin maneəsiz Avropa vasitəsilə digər bazarlara paylanması imkanları baxımından müsbət dəyişiklik olacaq.
Həmçinin, limanlarla da əlaqə saxlayırıq. Biz Rotterdamdan, Finlandiyanın Kotka limanından müsbət məlumat aldıq. Antverpen, Hamburqla da müzakirələr aparırıq. Belə ki, biz bu məsələyə çox diqqətliyik və onun həllinə çox çalışırıq.
- Rusiya prezidenti bildirib ki, Rusiya Federasiyası Avropa İttifaqının limanlarında ilişib qalmış 300 min ton gübrəni yoxsul ölkələrə pulsuz göndərməyə hazırdır. Sizə elə gəlmirmi ki, bu yüklər öz ünvanlarına çatmalıdır?
- Biz ilk növbədə Rusiya gübrəsinin Avropa vasitəsilə sərbəst ixracını təmin etməliyik. İkincisi, Rusiya inkişaf etməkdə olan ölkələrə pulsuz gübrə vermək istəsə, məncə, Ümumdünya Ərzaq Proqramı bu istəyi yerinə yetirə biləcək.
– Putin, həmçinin, taxıl müqaviləsi çərçivəsində ərzaqların (Ukraynadan – red.) hara getməsindən də danışıb. Bildiyiniz kimi, uçuşların 44%-i inkişaf etmiş ölkələrə çatıb. Və yalnız 2% Sudan və Keniyaya gedib. Uçuşların yalnız 1%-i Cibuti, Somali, Yəmən və Livana yönəlib. Sizcə bu vəziyyət ədalətlidirmi?
- Əslində işlər irəli gedir. Artıq Afrikaya, Hindistana, Çinə və digər inkişaf etməkdə olan ölkələrə gedən əhəmiyyətli miqdarda təchizatımız var. Bizdə məlumat var ki, ən böyük pay Türkiyəyə gedir və onun əhəmiyyətli bir hissəsi başqa ölkələrə və xüsusən də "qlobal Cənub" ölkələrinə yönəldilir.
- Taxıl müqaviləsinə yoxsul ölkələrə çatdırılmalı olan taxıl və gübrə həcmi ilə bağlı müddəaların daxil edilməsi ideyası barədə nə düşünürsünüz?
- Məncə, bunlar kommersiya müqavilələridir. Biz rus istehsalçılarına gübrə və ya qidanı kimə satmalı olduqlarını deməyə hazırlaşmırıq. Amma biz təkid edirik ki, inkişaf etməkdə olan ölkələrə mümkün qədər (ərzaq - red.) verilsin. O da həqiqətdir ki, inkişaf etmiş ölkələrə satış edəndə bundan qlobal qiymətlər də təsirlənir və hamı bundan faydalanır. Ancaq aydındır ki, ən yaxşı variant onu inkişaf etməkdə olan ölkələrin özləri (taxıl - red.) aldıqda olur.
- Ötən gün mətbuat konfransında məhsul müqaviləsini uzatmaq və genişləndirmək planlarını qeyd etdiniz. Nə demək istəyirdiniz? Siz ammonyak ixracını nəzərdə tuturdunuz?
– Yox, demək istəyirəm ki... Artıq bir neçə ildir istifadədə olan mövcud boru kəmərindən istifadə etməklə Rusiya ammonyakının (ammonyak gübrələri – red.) ixracının mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Ukraynanın maraqlarına, Rusiyanın maraqlarına aid olan məqamlar var. Daha geniş razılaşmanın mümkün olub-olmadığını görmək üçün onları müzakirə etmək maraqlı olardı.
– Eşitdiyimə görə, Vladimir Zelenski Rusiya ukraynalı məhbusları Kiyevə təhvil verməzsə, (rus – red.) ammonyakın tranzitini asanlaşdırmağa hazır olmadığını bildirib. Bunu necə şərh edərdiniz?
– Hərbi əsirlərin mübadiləsi müsbət haldır. Bu, məhbusların özlərinin, ailələrinin iztirablarını azaldır. İfadə etdiyim mövqe ondan ibarətdir ki, bir çox insanın həyatında bu dramatikliyi aradan qaldırmaqdan ötrü "hamını hamı ilə" devizi ilə mübadilə ideal olardı.
- BMT "hamını hamı ilə" mübadiləsini təşviq etməyə hazırdırmı?
- Adətən biz məhbusların mübadiləsində iştirak etmirik – bu, BQXK-nın səlahiyyətindədir. Təbii ki, biz istərdik, Rusiya və Ukrayna bununla bağlı ən geniş razılaşma əldə edə bilsin.
- Bu yaxınlarda ikinci dəfə Ukraynada oldunuz, Odessada oldunuz. Yaxın gələcəkdə Rusiyaya getməyi düşünürsünüz?
- Nə vaxtsa Rusiyaya səfər edəcəyəm. Bu, imkanlardan asılıdır. Bəli, mən Ukraynada olmuşam. Amma prezident Putinlə uzun (telefon - red.) söhbətim olub. Hər hansı bir ölkəyə getməyim üçün heç bir məhdudiyyət yoxdur.
– Yəqin ki, bu il Rusiyaya səfər edəcəksiniz?
- Ola bilər. Amma bu, tələbat olunub-olmamasından, gündəmdən, prioritetlərdən, nə baş verəcəyindən asılıdır.
– Prezident Putinlə Zelenski arasında birbaşa söhbətin mümkünlüyü barədə nə düşünürsünüz?
– Hesab edirəm ki, BMT Nizamnaməsinə, beynəlxalq hüquqa uyğun olaraq sülhə nail olmaq üçün şərait yaratmaq vacib olardı. Amma real olaraq, mən inanıram ki, biz hələ də bu imkandan uzağıq və yəqin iki prezident arasında birbaşa danışıqlar aparmaq çətin olacaq. Amma təbii ki, bu, onlardan asılıdır.
- Siz (Putinlə Zelenski arasında görüşün keçirilməsinə – red.) şərait yaratmaq üçün xidmət göstərməyə hazırsınızmı?
- Mən hər zaman xoş məqsədli xidmət göstərməyə hazıram. Ancaq xoş məqsədli xidmətlər təkbaşına problemi həll etmir. Bu, hər iki prezidentin istəyindən asılıdır.
- Yeri gəlmişkən, siz dediniz ki, sülh razılaşması şansları indi minimaldır. Niyə belə fikirləşirsiniz?
- Çünki görürəm ki, hər iki tərəf hələ də (öz məqsədlərinə - red.) sadiqdir. Prezident Putinin əməliyyatın məqsədlərinə çatana qədər davam edəcəyini söylədiyini eşitdik. Və Prezident Zelenskinin də ölkəsinin Rusiyanın nəzarəti altındakı bütün hissələrini azad etmək niyyətində olduğunu eşitdik. Beləliklə, aydın olur ki, biz hər iki prezidentin görüşə biləcəyi məqamdan çox uzağıq.
- Sizə elə gəlmirmi ki, Ukraynaya nəhəng silah tədarükü bu anı yalnız təxirə salır?
- Bu müharibə heç vaxt başlamamalı idi. Və müharibənin davam etməsinə bir çox amillər təsir edir. Hər iki tərəfdə böyük konsentrasiya var. İnanıram ki, bu konsentrasiyadan asılı olmayaraq, elə bir məqam gəlməlidir ki, insanlar müharibələrin heç kimə fayda vermədiyini başa düşsünlər.
– Bir müddət əvvəl Avropa Komissiyası Aİ ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsi sazişini dayandırıb. Bu o deməkdir ki, indi Rusiya Federasiyası vətəndaşları üçün vizaların alınması prosesi daha da mürəkkəbləşəcək. Üstəlik, Polşa və Baltikyanı ölkələr Rusiya vətəndaşlarını hətta üçüncü ölkələr tərəfindən verilmiş vizalarla belə şengen zonasına buraxmayacaqlar. Sizə elə gəlmirmi ki, belə addımlar insan haqlarını, sadə rusların hüquqlarını pozur?
– Hesab edirəm ki, Ukraynada müharibə başlayandan sonra Avropa İttifaqı ilə Rusiya Federasiyası arasında münasibətlər bir çox aspektlərdə pisləşib. Və ümid edirəm ki, müharibə bitdikdən sonra bütün bu vəziyyətlər aradan qalxacaq.
- Ancaq bu, sadə vətəndaşları cəzalandırmaq istəyi kimi görünür.
- Məncə, biz Rusiyanı tərk edənlərin, o cümlədən müharibə ilə razılaşmayanların çox olduğunu gördük. Ona görə də onların gəlməsinə mane olmaq yəqin ki, yaxşı fikir deyil.
– Bildiyiniz kimi, Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra Rusiya qazının Avropa ölkələrinə ixracı demək olar ki, mümkünsüz oldu. Rusiya qazı əvəzinə onlar kömürdən, təbii qazdan istifadə etməyə başlayırlar ki, bu da iqlimə mütləq ziyan vurur. Bu, Sizi narahat edir?
-Bir şey çox aydındır. Əgər dünya son iki onillikdə bərpa olunan enerji mənbələrinə böyük sərmayə qoysaydı, indi biz qazıntı yanacağının qiymətlərində ciddi artımla üzləşməzdik. Qazıntı yanacağı - gələcək deyil. Qazıntı yanacağı keçmişdə qalıb. Və yalnız "yaşıl inqilab"ın köməyi ilə, bərpa olunan enerjiyə güclü stavka ilə biz bütün bu problemləri həll edə bilərik.
- Bu yüksək səviyyəli həftədə (20-26 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyaları - red.) Rusiya nümayəndə heyəti ilə bağlı sualım var. Mən bilirəm ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və bəzi nümayəndələr ABŞ vizası alıblar. Bütün nümayəndə heyətinin viza alıb-almadığına əmin deyiləm. Amma bu, birinci dəfə deyil ki, baş verir. İlk dəfə deyil ki, təkcə Rusiya deyil, digər BMT ölkələri də ABŞ vizalarının alınmasında problem yaşayır. Niyə bu problemi həll etmək üçün arbitrajı işə salmırsınız?
- Biz açıq şəkildə bildirmişik ki, bütün ölkələrin nümayəndə heyətlərinə viza verilməlidir. Arbitrajın müsbət nəticə verəcəyinə ürəkdən şübhə edirəm. Və istənilən halda, bu, dəyişməyəcək - yəqin ki, hətta bu, ev sahibi olan ölkənin (Rusiyaya - red.) münasibətini pisləşdirəcək. Çünki hətta arbitraj da heç bir məcburiyyət tədbirini təmin edə bilməyəcək.
- Siz qorxmursunuz ki, ölkələr qərargahın ABŞ-dan başqa yerə köçürülməsi üçün fəal təbliğat aparmağa başlayacaqlar?
- Mən bunu real hesab etmirəm. Amma mən təkid edirəm: ev sahibi olan ölkə bütün digər ölkələrin nümayəndə heyətlərinin BMT-yə gəlməsi və BMT çərçivəsində işləməsi üçün onlara giriş icazəsi verməyə borcludur. Bizim bu mövqeyimiz son dərəcə aydındır və mən Rusiya nümayəndə heyətlərinin üzvlərinə viza verilməsi üçün çox mübarizə aparmışam.
– Siz bir dəfə bəyan etmişiniz ki, Baş katib kimi işiniz zamanı əldə edə bildiyiniz ən vacib şey "məhsul müqaviləsi"dir. Sizcə, qarşıdan gələn yüksək səviyyəli həftə BMT baş katibi kimi iştirak etdiyiniz həftələrdən ən vacibi olacaqmı?
- Mən buna ümid edirəm. Çünki geosiyasi fikir ayrılıqları hazırda o qədər əhəmiyyətlidir və o qədər mənfi təsir göstərir ki (istər sülh və təhlükəsizlik, istər iqlim gündəliyinin ikinci plana keçməsi, istərsə də dünyada bərabərsizliyin artması), ümid edirəm, bura gələn dövlət və hökumət başçıları artıq fikir ayrılıqlarını aradan qaldırmağın vaxtının çatdığını anlayacaqlar. Başa düşmək vaxtıdır ki, dünyanın üzləşdiyi kütləvi çağırışların öhdəsindən gəlmək üçün hamımızın əməkdaşlığa ehtiyacı var.
Xəbər lenti
0