Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Televiziyalar Azərbaycan mədəniyyətinin evini yıxıblar: "1500 manat ver, nə istəsən oxu"

© Sputnik / Elvin AhmadTeleviziya
Televiziya - Sputnik Azərbaycan, 1920, 18.09.2022
Abunə olmaq
Sənətçilər bayağı musiqilərin cəmiyyətdə geniş yayılmasının günahını KİV-lərdə görürlər. Onlar düşünürlər ki, dövlət bu sahəyə maliyyə ayırsa, nəzarət etsə, xaosun qarşısını almaq olar.
BAKI, 18 sentyabr — Sputnik. Bu gün dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasından 137 il (18 sentyabr 1885-ci il, Ağcabədi) ötür. Azərbaycan xalqı bu günü Milli Musiqi günü kimi qeyd edir. Amma Üzeyir Hacıbəyovun Azərbaycan xalqına miras qoyduğu xəzinə məhv olmaq üzrədir. Bayağı musiqilər zövq oxşayan səviyyəli musiqi əsərlərini kölgədə qoyur. Bəs bunun qarşısını almaq üçün hansı addımları atmaq lazımdır?
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirir ki, hər şeyin kökündə təbliğat dayanır. Televiziyalar, digər KİV keyfiyyətli musiqini təbliğ etsələr, insanlar bayağıya meyl etməzlər:
"Məsələn, bəzən Mədəniyyət kanalı hansısa dünya şöhrətli bir bəstəkarın konsertini yayımlayır. Tamaşaçı ona heç vaxt baxmayacaq. Həmin an kanalı dəyişəcək. Amma musiqidən öncə bəstəkar haqqında maraqlı faktları tamaşaçıya çatdırmaq olar. Tamaşaçıları hansısa şəkildə cəlb etmək lazımdır".
Firəngiz xanım öz təcrübəsindən çıxış edərək bildirir ki, xarici ölkələrdə insanları Azərbaycan musiqisinə cəlb etmək üçün müəyyən addımlar atırlar:
"Məsələn, biz hansısa ölkəyə gedəndə özümüzlə kitablar, broşüralar aparırıq. Çox vaxt adamların kitab oxumağa hövsələsi çatmır. Ona görə də broşüralara bizim bəstəkarlarımız, onların əsərləri, ölkəmiz haqqında cəlbedici məlumatlar daxil edilir. Bizim "Arşın mal alan" haqqında olan kitabçamızda Vyaçeslav Molotovun (SSRİ Xalq Komissarları Sovetinin Sədri) Stalinə Üzeyir Hacıbəylinin məktubunu oxuması qeyd olunub. Məktubda Üzeyir bəy yazır ki, "mənim əsərimə ermənilər Hollivudda film çəkib. Orada mənim adım çəkilmir".
Stalin İkinci Dünya Müharibəsi zamanı əmr verir ki, bu əsərə mütləq film çəkilsin. 1945-ci ildə film çəkilir. Sovet dönəmində dövlət konsertləri olurdu. Heydər Əliyev özü gəlirdi, konsertdə iştirak edirdi. Bütün vəzifəli şəxslər başa düşsələr də, başa düşməsələr də o konsertə baxırdı. Artıq o dönəmlər gedib".
Xalq artisti Mübariz Tağıyev bildirir ki, SSRİ vaxtı bədii şuralar olurdu. Mahnı bədii şuradan keçdikdən sonra mahnıya çox böyük məbləğdə qonorar yazılırdı. İndi isə vəziyyət dəyişib. Pandemiyadan sonra vəziyyət daha da pisləşib, insanlar tənbəlləşib. İndi meydanda olanların əksəriyyəti həvəskar bəstəkarlardır:
"Peşəkarlar çəkiliblər kənara. Son illər musiqilər toylar üçün yazılır. Bunun qarşısını hansısa formada almaq lazımdır. Ən dəhşətlisi də odur ki, musiqisi ilə sözləri olduqca bayağı olan musiqilər efirlərdə səslənir. Sovet dönəmində isə buna diqqət edilirdi. Hər musiqi efirə buraxılmırdı. İndi gənc müğənniləri də bir tərəfdən qınamıram. Onlar qazanc məqsədi ilə toy mahnılarına qaçırlar. Amma nəticədə itirən mədəniyyətimiz olur".
Biz musiqinin ibtidai dövründə qalmışıq
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Azər Hacıəsgərli bildirir ki, Sovet dönəmində musiqilər dövlət tərəfindən alınırdı. Ona görə də hansı musiqinin efirdə səslənəcəyini dövlət müəyyən edirdi. Artıq zaman və tələblər dəyişib. İndi çirkab sularından belə, uşaq oyuncağı hazırladıqları kimi musiqidən də istədikləri kimi istifadə edirlər:
"Bu gün musiqi yazmaq çox asanlaşıb. Hər kəs evində balaca bir nağaranı götürüb musiqi yaza bilər. Bu gün hər kəs rahat pul qazanmağın yollarını axtardığı kimi musiqiçilər də rahatlığa qaçır. Elə ona görə də bayağılıq baş alıb gedir. Fikir verin, indi müğənnilərin musiqiləri 2-3 ay gündəmdə qalır və unudulurlar. Azərbaycan və Avropa pop industriyası tamamilə fərqlənir. Avropada şirkətlər var ki, onlar bir sənətçini istehsalat vasitəsi kimi görür və onu inkişaf etdirirlər. Biz bundan çox-çox uzağıq. Biz hələ musiqinin ibtidai dövründə qalmışıq".
Kütlə bayağı mahnılara meyl edir
"O səs Türkiyə" mahnı müsabiqəsinin iştirakçısı Pərvin Səfərov gündəmə klassik musiqilərlə gəldiyini deyir. Amma sonralar efirlərə dəvət alanda ondan klassik musiqi yox, bayağı musiqilər tələb ediblər. Müğənninin fikrincə, bayağı musiqilərin vüsət almasında televiziyaların böyük rolu var:
"Açığı, mənim özümə də xoş deyil həmin musiqiləri ifa etmək. Klassik musiqiləri ürəkdən ifa edirəm. Özümü onda tapıram. Televiziyalar sosial medialarda ən populyar, "trend"ə düşən müğənniləri efirlərə dəvət edirlər, onlardan həmin mahnını istəyirlər. Deyəndə ki, "mən klassik musiqi ifa etmək istəyirəm", etiraz edirlər".
P.Səfərovun fikrincə, Azərbaycanda tamaşaçı efirə baxır, düşünür ki, bir mahnı televiziyada yayımlanırsa, deməli o, yaxşı mahnıdır. Müğənnilər peşəkar bəstəkarlarla işləməyə can atmırlar. Çünki ucuz qiymətə mahnı alıb sonra ona xərclədiyi pulun qarşılığını əldə etmək istəyirlər.
R.Səfərov təklif edir ki, dövlət bu məsələyə diqqət ayırsın, peşəkar bəstəkarlar musiqi yazsınlar:
"Mənim həmyaşımdım olan müğənnilər də gəliri düşünməsinlər. Mən də istəyirəm ki, keyfiyyətli mahnı oxuyum. Klassik musiqiləri sidqi-ürəkdən oxuyuram. Amma kommersiya məqsədi ilə yazılmış musiqiləri candərdi ifa edirəm. Məqsəd qazanc əldə etməkdir. Mən də bilirəm ki, kommersiya məqsədi ilə oxuduğum mahnılar müvəqqətidir, tarixdə qalmayaqcaq".
Müğənni kütlənin belə mahnılara meyilli olmasından da gileylənib:
"Bu gün səsi olan da, olmayan da oxuyur. Studiyada komputer proqramları ilə mahnı yazdırıb oxuyanlara da müğənni deyirlər. Təəssüf ki, onların mahnıları "trend" olur. Buna baxmayaraq, hələ də klassik mahnılara qulaq asanlar, əsl musiqiqini bayağıdan ayıranlarda var. Məsələn, mənim 3-4 il öncə ifa etdiyim klassik mahnılarımız hələ də dinlənilir. İstər xarici, istərsə də yerli izləyicilər tərəfindən bəyənilir".
1500 manat ver, çıx efirə nə istəsən oxu
Bir çox məşhur mahnıların sözlərinin müəllifi, Xalq şairi Vahid Əziz düşünür ki, bayağı mahnıların sayının artmasının səbəbkarı televizyalardır:
"Televiziyalar Azərbaycan mədəniyyətinin evini yıxıblar. Özəl telekanallar kimi desən efirə çıxarırlar. Onlar üçün mahnının, müğənninin kimliyi, nə oxuduğu önəmli deyil. Hamının pulunu alıb efirə buraxırlar. O qədər tənqid edirik, heç bir faydası yoxdur. Nə sözlərə fikir verirlər, nə musiqiyə. Danışmağın, tənqidin onlar üçün heç bir faydası yoxdur. Onlar yenə də öz bildiklərini edirlər".
V.Əziz də qeyd edib ki, sovet vaxtı bədii şura mahnılara diqqət edirdi. İndi isə bədii şuranın sadəcə adı var:
"Apar 1500 manatını ver, çıx efirə nə istəsən oxu. Biz dünya ilə bacardıq, amma öz içimizdəki rüşvətxorlarla bacarmadıq. İçimizdəki xəyanətkarlarla bacarmırıq".
Məlumat üçün bildirək ki, 1995-ci ildə isə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını isə Maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.
Milli Musiqi Günü  - Sputnik Azərbaycan, 1920, 18.09.2023
MƏDƏNİYYƏT
Bu gün Milli Musiqi Günüdür
Xəbər lenti
0