CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Seriallarda oynadığı rollarla yox, şəhidlik məqamı ilə məşhurlaşan XTQ zabiti - VİDEO

© Sputnik / Zulfiyya GuluyevaRavil Hübmətov
Ravil Hübmətov - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Sputnik Azərbaycan-ın əməkdaşı bu gün şəhidin Təzəpir məscidində üç mərasimi təşkil olunan şəhid Ravil Hümbətovun anası və həyat yoldaşı ilə söhbətləşib.
BAKI, 16 sentyabr — Sputnik. Həyatda oynadığı rollarla məşhurlaşmasa da, ucaldığı şəhidlik məqamı onu hər kəsə tanıtdı. Ölüm xəbəri təkcə doğmalarını deyil, bütün Azərbaycan xalqının qəlbini titrətdi. Bu gün isə insan seli onun xatirəsinin işığına, Təzəpir məscidində keçirilən üç mərasiminə toplaşmışdı. Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətovun ölümü onu tanıyanların hər birini sarsıtmışdı.
4 aylıq qızının üzünü cəmi bir dəfə görübmüş
Şəhid həyat yoldaşının zabit mundirini geyinən Leyla Hümbətova isə sevib-seçdiyi Ravillə cəmi dörd il birgə ömür sürdüyünü söyləyir. O, Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində deyib ki, hər ikisi incəsənət adamı olsa da, tale onları kənarda qarşılaşdırıb. Ravilə bir könüldən min könülə aşiq olan Leyla bir müddət sevgili qaldıqdan sonra ailə qurub.
Bu gün Leylanı ən çox incidən məqam, Ravillə daha çox birgə olmadığı günlərdir. Deyir ailə qurduqdan sonra pandemiya düşdüb. Daha sonra müharibə başladığından Ravil evdə az olub:
"2016-cı ildən sevgili olmuşuq, 2017-ci ildə isə ailə qurduq. 2018-ci ilin avqustun 7-də Ravil hərbidə işə başladı. Hərdən Ravillə danışanda deyirdi ki, bu dörd il necə gəlib-keçdi bilmədik".
© Sputnik / Zulfiyya GuluyevaŞəhidin qızı Şəms Hümbətova
Şəhidin qızı Şəms Hümbətova - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Şəhidin qızı Şəms Hümbətova
Leyla Hümbətova Ravilin ən son evə bu ilin iyul ayının 18-də gəldiyini söyləyir. Onun sözlərinə görə, bu ilin may ayının 1-də cütlüyün balaca qızı Melisa dünyaya göz açıb. İyulun 18-də dünyaya gələn qızını görməyə gələn atası onun qoxusunu cəmi dörd gün ala bilib. Yenidən hərbi hissəyə qayıdan Ravil ailəsi ilə ən son sentyabrın 12-də danışıb:
"Dedi ki, Leyla, mənə zəng çatmayacaq, narahat olma. Elə yerə gedirəm, orada set olmayacaq. Səhərə yaxın yuxudan oyandım görüm Ravil nəsə yazmayıb ki. Gördüm heç nə yazmayıb".
"Rəsmi siyahı açıqlanmayana qədər inanmırdıq"
L. Hümbətovanın sözlərinə görə, Ravil sanki ölümünü bilirmiş : "Mənə deyirdi ki, birdən nəsə olsa, uşaqlara yaxşı bax. Son vaxtlar isə "yaxın vaxtlarda sən mənimlə fəxr edəcəksən" deyirdi. Mən də elə bilirdim, medal verəcəklər. Çünki, Vətən müharibəsində iştirak etsə də, medal almamışdı".
L. Hümbətova həyat yoldaşının şəhid olması xəbərini sosial şəbəkədən öyrənir:
"Mənə dedilər ki, Ravilin şəhid olduğu barədə məlumat yayılıb. Şəkilini sosial şəbəkədə görsək də, Müdafiə Nazirliyinin saytında bu barədə məlumat görə bilmədiyimizdən, bir az təskinlik tapdıq. Sonra rayon icra hakimiyyətindən zəng edib Ravilin yaralı olduğunu dedilər. Bunu eşidəndə çox sevindik ki, ölməyib. Amma sonra şəhid olduğunu öyrəndik. Yenə inanmaq istəmirdik. Gözləyirdik ki, kimsə bunun səhv olduğunu bizə deyəcək. Adı siyahısda rəsmi yayıldıqdan sonra şəhid olduğuna inandıq".
© Sputnik / Zulfiyya GuluyevaRavil Hübmətov
Ravil Hübmətov - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Ravil Hübmətov
L. Hümbətova deyir ki, Ravillə bir-birilərini çox sevdiklərindən ayrılacaqları ağıllarına da gəlməyib: "Mən inanmazdım ki, o məni tək qoyub gedər. Arzusu övladını, Şəmsi məktəbə aparmaq idi. Gündə üç dəfə görüntülü yığırdı, danışırdıq. Qızlarını savadlı, təhsilli görmək istəyirdi".
5 yaşında köçkün kimi çıxdığı kəndinə qəhrəman kimi qayıtdı
Anası Minayə Hümbətova isə Ravilə bütün elin ağladığını söyləyir. Deyir ki, hər kəs Ravili boylu-buxunlu, enli kürəkli, yaraşıqlı igid kimi ağlayır. Cəbrayılın Yarəhmədli kəndindən olan Hümbətovlar ailəsi rayon işğal olduqdan sonra bir müddət Kürdəmirdə, daha sonra isə paytaxtda çətin şəraitdə yaşayıb. Bununla belə M.Hümbətova bir dəfə də olsun evsizlikdən şikayət etmədiyini, şəraitsiz vəziyyətdə iki oğul, bir qız övladı tərbiyə etdiyini söyləyir.
Şəhid anası deyir ki, Ravil uşaqlıqda dəcəl, amma zirək olub. O, 5 yaşında çıxdığı Cəbrayıla qəhrəman kimi qayıdıb:
"Cəbrayıldan məcburi köçkün düşəndə Ravilin 5 yaşı vardı. Qaçaqaç düşəndə Ravili tapa bilmədim. Soraqlaşa-soraqlaşa dərədən gedib tapdım. Tez qucağıma alıb gətirdim, yığışıb kəndi tərk etdik. Ravilin arzusu həmişə doğulduğu yurduna geri qayıtmaq idi. Olduqca vətənpərvər uşaq idi. 2018-ci ildən hərbi xidmətdə işə başladı. İkinci Qarabağ müharibəsindən sonra leytenant rütbəsi aldı. May ayında keçirilən hərbi təlimdə 500 nəfərin içərisində 1-ci olduğundan, Komandoda işə başladı. Balama ölüm yaraşmırdı. Ürəyi daş olan da onun şəklini görəndə göz yaşı tökür".
"Soruşdum ki, nə vaxt gələsisən, ay bala? "
M.Hümbətova deyir ki, Ravil Cəbrayıl işğaldan azad ediləndən sonra doğulduğu xəstəxananı, evlərini axtarıb tapıb. Ravili sonuncu dəfə dörd ay əvvəl görən Minayə ana onunla tez-tez telefonda danışdığını söyləyir:
"Ən son oğlumla danışanda soruşdum ki, nə vaxt gələsisən, ay bala? Dedi ki, ana, qismət. "Qismət" deyəndə ağlıma da gəlməzdi ki, cənazəsini qucaqlayacağam balamın".
M.Hümbətova bildirir ki, Ravilin atası 57 yaşında xəstəikdən dünyasını dəyişib. Ravil atasının xiffətini çox çəkirmiş. Onu sağalda bilmədiklərinə görə özünü bağışlamırmış.
Ravilin gənclik illərindən danışan M.Hümbətova onun qızların həmişə diqqətində olduğunu da gülümsəyərək yada salır:
"Boylu-buxunlu, yaraşıqlı olduğundan, evə qızlardan gələn telefon zəngləri susmurdu. Həmişə arzulayırdım ki, halal süd əmmiş bir qızla ailə qursun. Elə də oldu. Bir gün gəlib mənə bir qıza aşiq olduğunu, ona elçi getməyimi xahiş elədi. Evləndirdik, iki nur parçası qızı oldu. Amma Ravil onları doyunca görə bilmədi. Balaca qızının üzünü ancaq telefonla danışanda görürdü. İşinə görə ailəsindən ayrı qalırdı. Həmişə deyirdim ki, nə vaxt imkan eləsən, mənə yox, ailənə zəng elə. Leylasını, qızlarını çox sevirdi. Onları bizə əmanət qoyub getdi".
© Sputnik / Zulfiyya GuluyevaRavil Hübmətov
Ravil Hübmətov - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Ravil Hübmətov
Mədəniyyət və İncəsənət Universitetində təhsil alan Ravil Hümbətov bir müddət aktyor kimi fəaliyyət göstərsə də, oynadığı rolları ilə yox, şəhidliyi ilə qəlblərdə taxt qurdu. "Həyat varsa" serialında həkim obrazını canlandıran R.Hümbətov bir çox seriallarda epizodik rollarda çəkilir. Amma hərbiyə olan həvəsi onu orduda xidmət etməyə cəlb edir. 35 yaşında dünyaya əbədi göz yuman Ravil Hümbətov son mənzilə anşlaqla yola salınır.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 77 nəfər şəhid olub.
Xəbər lenti
0