Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəblilərin ildən-ilə dəyişməyən problemi - Avtobus dərdi

© Michael Ciaglo/Getty Images/AFPMəktəb avtobusu, arxiv şəkli
Məktəb avtobusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Kamran Əsədov deyir ki, natamam orta təhsilin olduğu kəndlərdə şagirdlərin daşınmasının dövlət hesabına təmin edilməsi vacibdir.
BAKI, 15 sentyabr — Sputnik. Yeni tədris ilinin başlaması ilə şagirdlərin dərsə gedib-gəlmələri üçün nəqliyyat problemi aktuallaşıb. Hər il dərslər başlayarkən məktəbli avtobuslarının təşkil olunması məsələsi müzakirə olunsa da, bu reallaşmır. Məktəblilərin daşınması üçün əsas yük ictimai nəqliyyatın, taksinin, eləcə də şəxsi minik avtomobillərinin üzərinə düşdüyündən, paytaxt yollarında tıxac, avtobuslarda isə basabas olur. Hətta indidən Bakı sakinlərinin çoxu dərslər başladıqdan sonra işə necə gedib-gələcəyinin qayğısını çəkirlər.
3-4 kilometr yolu piyada gedib-gələn məktəblilər
Şagirdlərin nəqliyyat problemi təkcə Bakıda deyil, regionlarda da ciddi problemə çevrilib. Xüsusilə dağlıq və meşəlilik ərazilərdə yaşayan məktəblilər dərsə gedib-gəlməkdə çətinlik çəkirlər. Ötən il Astara rayonunun Diqo kəndində nəvəsini belində məktəbə aparan nənənin fotosu sosial mediada müzakirə obyektinə çevrilmişdi. Qaxın Uzuntala və İbaxlı kəndlərindən olan şagirdlər də dərsə gedib gəlməkdə çətinlik çəkirlər. Qaxın Uzuntala kənd sakini Kəmalə Ziyadova iki qızını hər il Qaratala kənd orta məktəbinə aparıb gətirir. Onun yaşadığı Uzuntala kəndində məktəb dördillik olduğundan, valideyn övladlarının qonşu kəndə təhsilini davam etdirməsi üçün hər tədris ili bu əziyyətə qatlaşmalı olur. Həmsöhbətimiz deyir ki, Uzuntala kəndində məktəb dördillik, İbaxlı kəndində isə doqquz illikdir. Bu kəndlərdən Qaratalaya olan məsafə isə 3-4 kilometrdir. Meşəlik ərazidə yaşayan sakinlər bu yolu şagirdlərin hər gün tək gedib-gəlməsinin mümkün olmadığını söyləyirlər. Onların sözlərinə görə, qışda bu yolu piyada gedib-gəlmək lap çətindir.
Şəkinin Daşbulaq kəndində yaşayan məktəblilər də eyni problemi yaşayırlar. Bu kənddə məktəb doqquzillik olduğundan, şagirdlər orta təhsillərini davam etdirmək üçün ya şəhər mərkəzinə, yaxud da yaxınlıqdakı kəndlərdə yerləşən onbirillik məktəblərə üz tuturlar. Hər gün bu qədər məsafəni qət etmək isə sözsüz ki, asan deyil.
Məktəbli avtobusları olarsa...
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həm paytaxtda, həmçinin də natamam orta təhsil müəssisələrinin yerləşdiyi bölgələrdə şagirdlərin məktəb avtobusları ilə daşınmasına ciddi ehtiyac var. Həmsöhbətimiz bildirdi ki, paytatxda şagirdilərin məktəblərə servislər vasitəsilə çatdırılması nəqliyyat tıxacını azaltmış olar.
Onun sözlərinə görə, nəqliyyat servisləri tərəfindən şagirdlərin aparılması həm valideynlərin rahatlığını təmin edir, həm də məktəblilərin təhlükəsiz və vaxtında daşınmasını təmin edir.
Kamran Əsədov bildirib ki, şagirdilərin fərdi avtomobillə dərsə gəlməsi məktəb ətrafında sıxlıq, xaos yaradır: "Amma digər tərəfdən də məktəblərin büdcəsi yoxdur ki, məktəb avtobusları saxlasınlar. Bu gün özəl məktəblərdə nəqliyyat servisi xidməti var. Adi məktəblər isə bunu edə bilmirlər. Çünki, nazirlik dövlətin nəzdində olan lisey və gimnaziyalar üçün nəqliyyat saxlamağa büdcə ayırmır. Belə halda valideynlər yığılıb kiçik bir büdcə yaratmaqla məktəb avtobusu təşkil edə bilərlər. İndi bəzi valideynlər uşağını öz yaşadığı ərazidəki məktəbə yox, şəhərin mərkəzindəki hansısa məktəbə aparıb gətirir. Belə halda fərdi avtomobili olmayan valideynlər ictimai nəqliyyatdan istifadə edir. Nəticədə məktəblilər saatlarla ayaq üstə, tıxacda qalaraq enerjisini elə yoldaca itirir. Amma məktəb avtobusları uzaq məsafəyə uşaqların rahat gediş-gəlişini təmin edir".
Dövlət bu şagirdlərin nəqliyyat xərcini qarşılamalıdır
K. Əsədov deyir ki, natamam orta təhsilin olduğu kəndlərdə şagirdlərin daşınmasının dövlət hesabına təmin edilməsi dağlıq ərazilərdə şagirdlərin tam orta təhsil almasına gətirib çıxarda bilər: "Bəzi valideynlər uşaqlarını uzaq məsafəyə apara bilmədiklərindən ibtidai sinifdən, eləcə də 9-cu sinifdən məktəbdən çıxardırlar. Halbuki belə ərazilərdə dövlət məktəblilərin nəqliyyat xərcini qarşılayarsa onlar arasında tam orta təhsil alanların, ali məktəbə qəbul olanların da sayı artar".
"Tıxacın, sərnişin sıxlığının qarşısı alınar"
Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, məktəb avtobusları ilə xidmət uzun illərdir ki, xarici dövlətlərdə tətbiq olunur, amma Azərbaycanda sadəcə özəl məktəblərdə mövcuddur: "Azərbaycanda bir sıra özəl məktəb və liseylərdə məktəb servisləri var və valideynlər bu xidmətdən olduqca razıdırlar. Hərəkətin təhlükəsizliyi baxımından yol polisi və biz özümüz də servis xidmətinin olmasının tərəfdarıyıq. Çünki bir avtobus 30-40 şagirdi eyni vaxtda məktəbə gətirib-aparırsa, bu o deməkdir ki, hansısa məktəbin qarşısından 30-40 avtomobil azalır. Bu çox yaxşı haldır. Yollarda sıxlığın da azalmasına səbəb olur".
Elməddin Muradlı bildirib ki, valideynlər uşaqlarını məktəbə aparıb-gətirməyə onsuz da xərc çəkir: "Nəqliyyat tıxaclarının, məktəblərin qarşısındakı sıxlığın qarşısının alınması üçün məktəb avtobusları əlverişlidir. Mən düşünürəm ki, mikroavtobuslarla bu işi təşkil etmək olar. Sadəcə olaraq məktəb rəhbərliyi Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş tövsiyyələr əsasında valideynlərlə görüş keçirib məsələni həll etmək olar. Beləcə ictimai nəqliyyatda sərnişin sıxlığı da azalmış olar".
Elm və Təhsil Nazirliyindən isə bildirdilər ki, məktəbli avtobuslarının təşkili valideynlərin təşəbbüsü ilə mümkündür.
Xəbər lenti
0