Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəbli forması ajiotajı: Nazirlik "vacib deyil" desə də, məktəblər israr edir

© Sputnik / Zulfiyya GuluyevaMəktəbli forması
Məktəbli forması - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
Təhsil eksperti məktəbli formasının tez-tez dəyişməsinin düzgün olmadığı qənaətindədir.
BAKI, 14 sentyabr — Sputnik. Dünən Elm və Təhsil Nazirliyi məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məlumat yayaraq bəyan edib ki, 2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil.
Hər iki bəyanatda qeyd edilib ki, məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir. Bununla belə məktəbli formasının əsas istehsal Bakı Tikiş Evi qarşısında izdiham səngimək bilmir. Valideynlər övladlarına məktəbli forması almaq uğrunda sözün əsl mənasında mübarizə aparırlar.
Vacib deyil, amma izdiham səngimir, niyə?
Valideyn Sunay Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, övladı 1-ci sinfə getdiyindən ona yeni məktəbli forması almağa məcburdur. "Mən iki dəfə xərcə düşə bilmərəm. Bu il köhnə forma alsam, gərək gələn il yeni formadan da alım. Elə ondansa yeni formanı alaram uşaq ən azı iki il geyinər".
Digər valideyn Günay Nemətzadəni isə məktəbli forması almaq üçün növbə gözləməyə məcbur edən səbəb bir qədər fərqlidir. Həmsöhbətimiz deyir ki, həm qızının, həmçinin də oğlunun geyimləri kiçikdir. Ona görə bu il yeni məktəbli forması almaq istəyir: "Deyirlər yeni forma məcbur deyil. Amma kimin uşağının geyimi əyninə gəlmirsə, məcburdur yenisini alsın. Bu il köhnə formadan alsaq, gərək gələn il məcbur yenisini alaq. Bu da iki dəfə xərcdir".
Apardığımız kiçik müşahidə göstərdi ki, valideynlərin əksəriyyəti məktəbli formasını növbəti il artıq xərcə düşməmək üçün alır. Bir qisim isə məktəbdən yeni formada gəlməyin tövsiyyə edildiyini bildirdi.
Bəs görəsən məktəbli forması ilə bağlı yaşanan bu ajiotajın təhsilin keyfiyyətinə hər hansı təsiri varmı? Ümumiyyətlə vahid məktəbli formasının ümumtəhsil müəssisələrində tətbi nə qədər vacibdir?
Məktəbli forması üçüncü dəfədir ki, dəyişir
Təhsil eksperti Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu ölkəmizin təhsil sistemində SSRİ dağıldıqdan sonra tətbiq edilən üçüncü məktəbli formasıdır. N. İsrafilov deyir ki, məktəbli forması nə dünənin, nədəki bu günün məsələsidir. Sovet dövründə də məktəbli formaları olub. Sovetlər Birliyində vahid məktəbli forması 15 respublikaya aid edilib. İttifaq ölkələri məktəbləri şagirdlərinin hamısı bir forma geyinirdi.
Biz müstəqillik qazandıqdan sonra isə, 1992-ci ildən sonra məktəblərdə şagirdlər tədricən ağ köynək, qara şalvar və ətək geyindilər. 1996-1997-ci tədris ili dövründə məktəbli geyiminə aydınlıq gətirmək məqsədilə "üst açıq rəngli", "alt tünd rəngli" formanı əks etdirən əmr verilib. Bu da, o anlama gəlirdi ki, oğlanlar məktəbə açıq rəngli köynəklərdə, tünd rəngli şalvarlarda, qızlar isə açıq rəngli kofta və tünd rəngli ətəklərdə gəlməlidirlər.
2009-cu ildə sabiq Təhsil Naziri Misir Mərdanov vahid məktəbli formasına keçid üçün əmr imzalayıb. Həmin ildən tədricən yeni məktəbli formalarına keçid baş tutub. 2020-ci ildə isə Nazirlər Kabinetinin qərarı ilə yeni vahid məktəbli formalarının tətbiqi barədə qərar verilib. Həmin il məktəbli formaları ilə bağlı tikiş müəssisələrinin rəhbərləri ilə birgə müzakirələr keçirilib. 2020-ci ilin mart ayından pandemiya düşdüyündən bu iş ləngiyib. Bu il Elm və Təhsil Naziri 2022-2023-cü ildə məktəbli formasına keçid barədə əmr verib.
Formanın təhsilin keyfiyyətinə təsiri varmı?
N. İsrafilovun sözlərinə görə, məktəbli forması dünyanın aparcı ölkələrində də tətbiq olunur. Onun sözlərinə görə, məktəbli formalarının təhsilin keyfiyyətinə birbaşa təsiri olmasa da, şagirdin məktəbə formada gəlməsi onda məsuliyyət yaradır:
"Məktəbli forması nizam-intizam, məktəbin atributudur. Şagirdlərin məktəbə formada gəlməsi onlarda şagird məsuliyyəti yaradır. Uşaq anlayır ki, o əyninə bu formanı geyinib ancaq məktəbə gedə bilər. Bu mənada məktəbli formasının əhəmiyyəti var. Həmçinin məktəbli forması təhsil müəssisələrində ayrıseçkiliyə də son qoyur. Şagird səhər məktəbə gedərkən hansı geyimini geyəcəyini fikirləşmir. Anlayır ki, məktəblinin bir geyimi var, o da məktəbli formasıdır".
Ekspertin fikrincə, hazırda məktəbli forması tələbini ləğv etmək, şagirdlərin arzuolunmaz geyimdə məktəbə gəlməsinə şərait yarada bilər: "Biz küçədə, ictimai yerlərdə məktəb yaşlı uşaqların üzərində müxtəlif heyvan və yaxud sklet, yazılar olan köynəklər geyindiyini görürük. Əlbəttə bu geyimdə onların məktəbə gəlməsi arzuolunmazdır. Ona görə də məktəbli formasının tətbiqi yaxşı haldır".
Bununla belə, ekspert deyir ki, məktəbli formasının hələ tikilib hazır olmaması nəzərə alınmalıdır. Həmsöhbətimiz bildirdi ki, məktəbli formaları ilə bağlı qərarın gec açıqlanması onun tikilib təhvil verilməsini ləngidib. Bu amillər nəzərə alındığından, məktəb direktorlarına da tapşırılıb ki, şagirdlərdən yeni formada gəlməyi tələb etməsinlər.
N. İsrafilov həmçinin məktəbli formasının tez-tez dəyişdirilməsinin də valideynlərin büdcəsinə təsir etdiyini söyləyib.
Deputat da yaranmış vəziyyətdən narazıdır
Deputat Fazil Mustafa isə deyir ki, hər valideynin yeni forma almağa imkanı yoxdur:
"Məktəb paltarı üçün insanların növbələrdə bu qədər təlaşı məni təəccübləndirmədi. Təqribən pirdə, ziyarətgahda nəzir növbəsinə bənzər bir şəkilə bənzəyirdi. Ay əziz, sevimli, gözəl, qayğıkeş ata-ana! Narahat olmayın, məktəbli paltarının qəşəngliyi, bahalığı barədə test suallarında heç bir məsələ olmayacaq. Özünüzü sıxıntıya salıb paltar almayın.
Evdə hazırlaya bilirsiniz evdə, qonşudan, qohumdan ala bilirsiniz, onlardan məktəbə uyğun uşağa paltar tədarük edin. Əgər hansısa direktor, hansısa sinif rəhbəri məhz məktəbli paltarına görə qəlbinizə dəyən bircə kəlmə söz desə, bir millət vəkili kimi bölgəsindən asılı olmayaraq şəxsimə müraciət edin. Dərhal hüququnuzu qoruyacağam. Konstitusiyanın 42-ci maddəsini də kiçik bir kağıza yazıb uşağa verin. Bu qədır bəsitdir. Məktəb bilik və tərbiyə almaq yeridir, diqqəti uşağın biliyinə və tərbiyəsinə yönəldin".
İnhisar var
Deputat bildirir ki, həm dərslik nəşri, həm də məktəbli paltarı ayrı-ayrı imtiyazlı şəxslərin inhisarındadır. Hər vasitə ilə min hoqqa çıxarırlar ki, vətəndaşdan pul qoparsınlar:
"Dərslik pulsuz verilir, nə olsun? Üzərində on-on beş yardımçı kitabı da almalısan ki, kimlərsə pul qazansın? Çox vətəndaş uşağının təhsil alması naminə artıq kitab-dəftərlərə pulu boğazından kəsib ödəyir. Həmçinin məktəbli forması tələbi başdan-ayağa hoqqabazlıqdır. Bir neçə məmurun sexində istehsal olunur və üzərinə istədiyi qiymət yapışdırırlar. Hamı tökülür inhisarçıdan baha qiymətə forma almağa. Unutmayaq ki, bu forma çox uşaq üçün bir il işə yarayır.
Təhsilin keyfiyyətinə diqqət yetirmək lazımdır, formasına deyil. Təklifim budur ki, müvafiq icra hakimiyyəti məktəbli qızlar və oğlanlar üçün ən azı on çeşid alternativ geyim formaları təqdim etsin. Qoy bir məktəbdə on çeşid bir-birinə yaxın forma olsun, təki valideyn onu rahat əldə etsin. Bəlkə elə valideyn var ki, forma almağa imkanı yoxdur, özü evdə tikib uşağa versin. Bütün hallarda alternativ çox olanda qiymət də münasib olur. Əslində dövlət formanı pulsuz təmin etmənin yollarını tapsa yaxşı olardı".
Forma ilə bağlı dünya təcrübəsi
Məlumat üçün bildirək ki, məktəbli formaları bir çox ölkələrdə tətbiq edilir. Forma Böyük Britaniyada məktəbin tarixinin bir hissəsidir. Hər bir məktəbdə baş geyimi, qalstuk, üst geyimi və hətta corabları olan öz forması var. Hər bir nüfuzlu məktəbin öz loqosu var. Almaniyada heç vaxt bir məktəb forması olmayıb. Bəzi məktəblər uniforma olmayan vahid məktəb geyimlərini təqdim ediblər, çünki şagirdlər onun hazırlanmasında iştirak edə bilərlər.
Yaponiyada tələbələr üçün məktəbli forması təkcə məktəbin simvolu deyil, həm də məktəb seçərkən çox vaxt həlledici amil olan cari moda meyllərinin simvoludur. Qızlar üçün Yapon məktəbli formaları dənizçi kostyumlarına bənzəyir. Qızlar üçün məktəb formasının əvəzedilməz atributu qısa yubka və corabdır. Oğlanlar üçün Yapon məktəbli forması klassik tünd kostyumdur, çox vaxt dik yaxalıdır. Avstraliyada həm oğlanlardan, həm də qızlardan qara dəri çəkmələr, uyğun gödəkçələr və qalstuklar geyinmələri tələb olunur. ABŞ-da məktəbli geyimləri ən çox diqqət çəkəndir. Şagirdlər məktəbli forması alıb geyinib-geyməyəcəyinə özləri qərar verə bilərlər.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi məlumat yayıb ki, şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib: "Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Elm və Təhsil Nazirliyinin 146-6, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin isə 146-1 "Çağrı Mərkəzi" ilə əlaqə yarada bilərlər".
Xəbər lenti
0