CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbliləri sümük xəstəsinə çevirən yük: Çanta alarkən nəyə diqqət etməli?

© Sputnik / Ilham MustafayevQazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova
Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
Təhsil ekspertinin hesablamasına görə, 1-ci sinfə gedən uşaqlar çəkisi 7 kq-a qədər olan çantaları daşımalı olurlar. Halbuki çantanın ağırlığı uşağın çəkisinin maksimum 10 faizini təşkil etməlidir.
BAKI, 13 sentyabr — Sputnik. Yeni tədris ili ərəfəsi satışda olan məktəbli çantalarının qiyməti ilə yanaşı, ölçüsü və çəkisi də valideynləri narahat edən əsas məqama çevrilib. Xüsusilə ibtidai siniflər üçün məktəbli çantalarının böyük və ağır olması şagirdlərin boyu və çəkisi ilə tərs mütənasibdir.
Məktəbli çantaları uşaqların belini əyir
Pediatr Vaqif Qarayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbli çantaları yüngül olmalıdır. Son zamanlar uşaqların onurğa sütununda deformasiyalar artıb. Məktəbli çantalarının ağır və böyük olması isə bu problemi daha da artırır:

"Çanta seçimində valideynlər diqqətli olmalıdırlar. Vizual görünüş üçün ağır çantalar almaq mənasızdır. Çanta yüngül, praktik olmalıdır. Hər iki kürəyi eyni qaydada tutmalıdır. Uzunluğu kəmərə kimi gəlməlidir ki, çanta onurğa sütununu bütövlüklə tutsun".

V.Qarayevin sözlərinə görə, ləvazimatla birlikdə çantanın ağırlığı uşağın çəkisinin 10 faizini təşkil etməlidir. Əgər uşaq altı yaşındadırsa və onun çəkisi 22 kiloqramdırsa, bu zaman çantanın çəkisi 2,2 kiloqram olmalıdır.
"Amerika Birləşmiş Ştatlarında həkimlər hesab edir ki, birinci sinifdə ləvazimatla birlikdə çantanın çəkisi 1,2, ikinci sinifdə 1,6, üçüncü sinifdə 2-3, dördüncü sinifdə isə 2,6 kiloqram olmalıdır. Əks halda uşaqlarda skolioz yarana bilər. Çiyin asqıları enli və ortopedik olan çantalar seçilməlidir. Bu zaman çantanın boş vəziyyətdəki ağırlığına diqqət edilməlidir. Ağır çanta uzun müddət daşındığı vaxt, uşaqlarda onurğa probleminə səbəb olur", - ekspert deyib.
Uşaqların çantalarını valideynləri daşıyır
Təhsil eksperti Kamran Əsədov isə bu qənaətdədir ki, çantaları ağır edən içərisindəki kitab və məktəbli ləvazimatlarıdır. Bundan başqa, bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır. Bu səbəbdən də ibtidai siniflərdə uşaqların çantalarını valideynləri daşımalı olur:
© Sputnik / Irade JELILKamran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Kamran Əsədov
"Beynəlxalq təcrübə və qəbul olunan prinsiplərə görə, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir. Səkkiz yaşınadək olan uşaqlar 2 kiloqram, 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kiloqram ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Valideynlər isə çantanı əsasən xarici görünüşünə, uşağın zövqünə uyğun alırlar".
Ekspertin fikrincə, kitablar çap olunarkən çəkisi diqqətdə saxlanılmalıdır:

"I sinif üçün 5 kitab var. Onların çəkisi 2 kiloqram 145 qramdır. İş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Bu, 1-ci sinif şagirdi üçün çoxdur".

Hamı böyük çanta alır
Satıcı Aytac Muradova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, valideynlər ölçüsü iri çantalara üstünlük verirlər. İstəyirlər ki, uşağın bütün ləvazimatları, yemək, su qabı çantaya sığsın.
Çantanın üstündəki şəkillərə, bəzəyə diqqət edənlər də çoxdur. Uşaqlar daha çox cizgi filmi qəhrəmanlarının şəkli olan çantaları xoşlayırlar.
Satıcının sözlərinə görə, Türkiyə istehsalı olan çantalara təlabat böyükdür.
Çantaların qiyməti isə 25-150 manat arasındadır. A.Muradova ən çox qiyməti 50 manatadək olan çantalara tələbatın yüksək olduğunu söyləyib.
Xəbər lenti
0