SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev ABŞ Dövlət Departamentinin rəsmisi ilə sərhəddə baş verənləri müzakirə edib

© MARK WILSON / Getty Images via AFPABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edən Azərbaycan prezidenti baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.
Görüşdə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar müzakirə olunub.
Dövlət başçısı Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
Söhbət zamanı regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərə boşluqlarından istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdiriblər.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susduraraq cavab tədbirləri həyata keçiriblər.
Həmçinin toqquşmaların böyüməsinin qarşısını almaq üçün də tədbirlər görülüb.
Azərbaycan Müdafiə Nazirliyi təxribatı həyata keçirən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və texnikasında itkilərin olduğunu bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan toqquşmalar nəticəsində 49 erməni hərbçisinin öldüyünü açıqlayıb. Onun sözlərinə görə, bu hələ yekun rəqəm deyil.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, sentyabrın 13-də Rusiya vasitəçiliyi nəticəsində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəs haqqında razılıq əldə olunub.
İran və Gürcüstan artıq Bakı ilə İrəvan arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik səylərini təklif ediblər.
***
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Filip Riker Azərbaycana gəlib.
Bu barədə ABŞ səfirliyi məlumat yayıb.
"ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker sentyabrın 13-14-də Azərbaycanda səfərdə olacaq. Səfir Riker ABŞ-ın davamlı sülhün əldə edilməsinə yönələn Azərbaycan-Ermənistan diplomatik səylərinə dəstəyini müzakirə edəcək", - məlumatda deyilir.
Qeyd edək ki, Filip Riker həm də ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədridir.
Xatırladaq ki, bu ilin iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bildirib: "Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq".
Xəbər lenti
0