Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vahid Elektron Xidmətlər Portalına 2 yeni xidmət əlavə edilib

© AFP 2024 / GREG BAKERlaptop
laptop - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Abunə olmaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir.
BAKI, 12 sentyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərinin bir sistem üzərindən əldə edilməsi məqsədilə "AzInTelecom" MMC tərəfindən yaradılan Vahid Elektron Xidmətlər Portalına daha 2 yeni xidmət inteqrasiya olunub.
Bununla da portalda təqdim edilən xidmətlərin sayı 17-yə çatdırılıb. Sonuncu inteqrasiya nəticəsində "Aztelekom" MMC-nin "İdarələr üzrə ətraflı məlumat" və "Klassifikator üzrə idarələrin axtarışı" xidmətləri portala əlavə edilib.
"Klassifikator üzrə idarələrin axtarışı" xidmətindən faydalanarkən qurumun aid olduğu kateqoriyanı seçdikdən sonra müvafiq təşkilatlar istifadəçiyə təqdim edilir. Daha sonra həmin siyahıdan idarənin adının üzərinə klik edərək seçilən qurumun adı, əlaqə nömrəsi, ünvanı, bank hesab kodu və VÖEN-i barədə informasiya əldə etmək olar.
"İdarələr üzrə ətraflı məlumat" bölməsində isə stasionar telefon nömrəsi və ya VÖEN daxil edərək həmin məlumatın aid olduğu idarənin tam adını, əlaqə nömrələrini və ünvanını öyrənmək mümkündür.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid portalda toplanılır.
Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlər üçün vətəndaşlar "ASAN Login" vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.
Portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.
Həmçinin portalın yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək və səmərəliliyin, həmçinin şəffaflığın daha da artırılmasına təkan verəcək.
Xəbər lenti
0